Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində 3+3 əməkdaşlıq formulunun perspektivindən də bəhs edib.
Musavat.com-un məlumatına görə, dövlət başçısı bildirib ki, Cənubi Qafqazda “3+3” formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti “Minsk qrupu”na çevrilməməlidir.
Prezidentin sözlərinə görə, Azərbaycan bu formatı tam nizamlanmanın əldə olunmasına və ölkənin suverenliyinin yekun bərpasına yönəlmiş postmünaqişə qarşılıqlı fəaliyyət mexanizmi kimi təklif edib. “Biz bu təşəbbüslə çıxış etdiyimiz vaxtda Qarabağın bir hissəsi hələ də işğal altında idi”, deyən ölkə başçısı həmçinin, qeyd edib ki, hadisələr inkişaf etdikcə və həm Cənubi Qafqaz ölkələri arasında, həm də xarici dövlətlərlə ittifaqlar sistemi dəyişdikcə, Azərbaycan tərəfindən bu əməkdaşlıq formatının qiymətləndirilməsi də dəyişib: “Bu gün, hazırkı mərhələdə bunun tamdəyərli altıtərəfli əməkdaşlıq olması vacibdir. Gürcüstan qoşulana qədər ən azı beştərəfli, lakin çox aydın bir gündəliklə. Bu mexanizmin yalnız Azərbaycan-Ermənistan problemləri ilə məşğul olacaq növbəti Minsk qrupuna çevrilməməsi vacibdir".
Prezident eyni zamanda, formatın “bərabərhüquqluluq əsasında” bütün regionun, o cümlədən Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın məsələlərini əhatə etməli olduğunu zəruri sayıb. Bildirib ki, məhz belə bir konsepsiyanı Azərbaycan bu gün əsas kimi nəzərdən keçirir. “Əgər bənzər yanaşma digər paytaxtlarda da qəbul edilərsə, düşünürəm ki, ən azı xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşün keçirilməsinə tələbat olacaq”, Prezident deyib. Azərbaycan Prezidentinin 3+3 formatı ilə bağlı mövqeyi olduqca ciddi ismarıcdır və şübhə yoxdur ki, məsələ aidiyyati paytaxtlarda müzakirə olunacaq, hər kəs öz məsuliyyətini dərk edəcək. İndiki situasiya 3+3 əməkdaşlıq formulunun taleyini sual altında qoyur.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bu barədə danışarkən dövlət başçısının səsləndirdiyi bir fikrə xüsusilə diqqət çəkib: “Prezident İlham Əliyev Şuşada media forumda çıxışında 3+3 formatından da danışdı və belə bir fikir də söylədi ki, bu format gərək Minsk qrupuna çevrilməsin. Amma mənim fikrimcə, artıq bu format elə Minsk qrupuna çevrilməkdədir”.
Ekspertin fikrincə, bunun bir neçə səbəbi var: “Birincisi, formatda Gürcüstan haqlı olaraq iştirak etmir, çünki Rusiya Gürcüstan ərazilərini işğal edib, diplomatik münasibətləri yoxdur. Yəni format artıq 3+3 yox, 3+2-yə bənzəyir. İkincisi, formatda iştirak edən Rusiya və İran çox təəssüf ki, Cənubi Qafqaz ölkələrinin müstəqil siyasətini hələ də qəbul etmirlər. Misal üçün, Moskva və Tehran trans-yolun əleyhinədirlər. Halbuki bu yol, Zəngəzur dəhlizi bir çox dövlətin mənafeinə xidmət edir, o cümlədən Azərbaycan və Ermənistanın. Yəni faktiki Moskva və Tehran həm Cənubi Qafqaz dövlətlərinin müstəqil siyasətlərini qəbul etmirlər, həm də təzyiq edib bir çox layihələrə mane olmağa çalışırlar. Bu da əslində 3+3 formatının xarakterinə uyğun deyil”.
E.Şahinoğlunun sözlərinə görə, nə qədər ki, Moskva və Tehranın qonşu ölkələrə münasibəti, siyasəti dəyişməyib, həqiqətən 3+3 formatı Minsk qrupuna oxşamağa başlayacaq.
E.Paşasoy,
Musavat.com






