Ukrayna Silahlı Qüvvələri cəbhədə yeni hücum taktikası tətbiq etməyə başlayıb. Rusiya ilə əlaqəli Z-kanalların yazdığına görə, bu üsul Ukrayna ordusuna döyüş meydanında nəzərəçarpacaq üstünlük qazandırır və artıq müəyyən ərazilərin geri alınmasına imkan verir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna piyadaları ön xəttə qədər olan və "kill zone" ("ölüm zonası") adlandırılan 10–20 kilometrlik təhlükəli ərazini artıq minimum yüklə keçir.
Əvvəllər hərbçilər silah, sursat, ərzaq və digər ləvazimatları özləri daşımağa məcbur idilər. Hazırda isə onlar yalnız şəxsi atıcı silahlarla irəliləyir, ağır silahlar, sursat və digər avadanlıqlar isə "Baba Yaqa" kimi tanınan ağır yükdaşıyan dronlarla ön xəttə çatdırılır. Rusiyalı Z-bloqerlər yazırlar ki, bunun nəticəsində Ukrayna bölmələri döyüş mövqelərinə daha çevik çatır və düşmən qüvvələri gözlənilmədən iriçaplı pulemyotlar, tank əleyhinə silahlarla təchiz olunmuş qruplarla üzləşirlər.
Onların sözlərinə görə, əvvəlcə ayrı-ayrı hallarda istifadə olunan bu üsul artıq Ukrayna ordusunda sistemli təchizat modelinə çevrilib. Ağır dronlardan istifadə Rusiyanın ön xətti təcrid etmək cəhdlərini də çətinləşdirir, çünki düşmən ərazisində uçan belə aparatları vurmaq daha mürəkkəbdir.
Rusiyalı hərbi jurnalist Aleksandr Xarçenkonun da etiraf etdiyi kimi, orduda analoji ağır yükdaşıyan dronlar olmadığından bu taktikanı təkrarlamaq mümkün deyil. "Bizdə minlərlə yükdaşıyan drondan danışırlar, amma reallıq tamam başqadır. Başqa çıxış yolu qalmır, yalnız ümid etmək qalır", – deyə o bildirib. Başqa bir Z-kanal isə qeyd edib ki, Rusiya hərbçilərinə yalnız FPV dronları ilə kiçik yüklər çatdırılır və bu, Ukraynanın istifadə etdiyi ağır kopterlərlə müqayisədə xeyli zəif imkan yaradır.
Məlumata görə, yeni taktikanın tətbiqi fonunda Ukrayna ordusu Dnepropetrovsk vilayətinin cənubunda dörd yaşayış məntəqəsi istiqamətində irəliləyərək 43 kvadrat kilometr ərazini nəzarətə götürüb. Hərbi analitik Yan Matveyev bildirir ki, müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiya ordusu iyun ayı ərzində bütün cəbhə boyu cəmi 84 kvadrat kilometr ərazi irəliləyə bilmişdi. Onun fikrincə, Ukrayna qüvvələri bununla Dnepropetrovsk vilayətinin tam azad olunmasına daha da yaxınlaşıb.
Musavat.com






