Tatarıstan sakini "Reamed" klinikasında keçirdiyi lipofilinq əməliyyatından sonra ciddi sağlamlıq problemləri ilə üzləşib. 2025-ci ilin may ayında qarın nahiyəsinin liposaksiyası üçün klinika ilə razılaşan xəstəyə cərrah əlavə olaraq öz piyləri hesabına döşün böyüdülməsi (lipofilinq) əməliyyatı təklif edib və bu xidmətlər üçün ümumilikdə 200 min rubla yaxın ödəniş edilib.
Musavat.com xəbər verir ki, narkozdan ayılan xəstə heç bir razılıq vermədiyi halda, çənə nahiyəsinin korreksiya edildiyini və iri bir xalın kənarlaşdırıldığını öyrənib, üstəlik, tibbi sənədlərdə bu əlavə müdaxilələr qeyd olunmayıb. Bir neçə ay sonra döş nahiyəsində şişkinlik, güclü ağrılar və temperatur yüksəlməsi müşahidə olunub, lakin klinika tərəfindən problemlərin öz-özünə keçəcəyi bildirilib. Sonradan Moskva həkimləri tərəfindən hər iki süd vəzisində iltihab, fibroz və nekroz aşkar edilib. Təkrar əməliyyat zamanı toxumaların yalnız 20%-ni qorumaq mümkün olub və xəstənin bərpası üçün mürəkkəb rekonstruksiya tələb olunur, bunun üçün isə artıq 1,5 milyon rubldan çox vəsait xərclənib.
Hadisənin ictimailəşməsindən sonra "Reamed" klinikasının rəhbərliyi xəstəni böhtan atmaqda günahlandıraraq, işgüzar nüfuzun müdafiəsi iddiası ilə 4 milyon rubl tələb edib. Klinika ağırlaşmaları xəstənin orqanizminin xüsusiyyətləri ilə əlaqələndirir və əlavə müdaxilələrin edildiyini inkar edir. Hazırda hadisə ilə bağlı İstintaq Komitəsi araşdırma aparır.
Musavat.com






