ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, Meksikanın cənubunda yerləşən Puerto-Madero şəhərində 7,4 bal gücündə dağıdıcı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin baş verdiyi Puerto-Madero şəhəri Sakit okean sahilində, Qvatemala ilə sərhədin yaxınlığındakı Çiapas ştatında yerləşən mühüm liman şəhəridir.
Güclü təkanlar regionda böyük qorxu və təşvişə səbəb olub.
"Reuters" agentliyinin əldə etdiyi məlumata görə, zəlzələdən dərhal sonra ABŞ-ın xəbərdarlıq sistemi region üçün dəhşətli sunami təhlükəsinin olduğunu elan edib.
Agentliyin müxbirləri güclü yeraltı təkanların təkcə Meksikada deyil, həmçinin qonşu Qvatemalanın paytaxtında və Salvadorda da ciddi şəkildə hiss olunduğunu bildirirlər.
Dağıntılar və insan tələfatı barədə hələlik rəsmi məlumat daxil olmayıb.
Musavat.com






