İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-ın erməni kilsələrinə pulsuz qaz verməsinə iki baxış...

5309 10.11.2015 08:20 Gündəm A A

“Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur”.

Bunu ANS-ə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. SOCAR prezidentinin sözlərinə görə, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb: “Cənab prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bizdə bütün dini məbədlər qazla təmin olunur. 

Eyni zamanda dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olarsa, bizim soydaşlarımıza orda yaşamaq daha rahat olar. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim problemimiz Ermənistan hökumətinin başında duran bəzi insanlarladır. İndi görürsünüz ki, orada nə qədər narazılıqlar var. Xalqın günahı yoxdur ki. Azərbaycanın tolerant xalq olduğunu cənab prezident bir daha sübut etdi”.

Qeyd edək ki, Azərbaycanın Gürcüstanı kifayət qədər güzəştli şərtlərlə mavi yanacaqla təmin etməsinin qarşılığında rəsmi Tiflisin bəzi anlaşılmaz hərəkətlər etməsi, Rusiyanın “Qazprom” şirkəti ilə qaz idxalı ilə bağlı danışıqlar aparması birmənalı qarşılanmır. Üstəlik, SOCAR-ın dini məbədləri pulsuz qazla təmin etməsi, bu sırada erməni kilsələrinin də olması Azərbaycanda etirazlar da doğurur.   

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu barədə danışarkən SOCAR prezidentinin son açıqlamasına xüsusi diqqət çəkdi: “Rövnəq müəllim bildirdi ki, biz bununla tolerant siyasət yürütdüyümüzü nümayiş etdiririk. Azərbaycanda necə ki, dini məbədlərin qaz təminatı Azərbaycan Respublikası prezidentinin göstərişi ilə pulsuz həyata keçirilirdi, bunu İlham Əliyevin təşəbbüsü ilə Gürcüstanda da tətbiq ediblər. Rövnəq müəllim bir məsələni də vurğuladı ki, erməni kilsələrinə qaz verilməsini də ”SOCAR Georgia Gas" pulsuz həyata keçirir. Çünki bizim erməni xalqı ilə heç bir ədavətimiz yoxdur, yaranmış məsələ Ermənistanın rəhbərliyinin yeritdiyi siyasi kursun nəticəsidir. Yəqin ki, Dağlıq Qarabağ münaqişəsini, Azərbaycan torpaqlarının işğalı məsələsini nəzərə çatdırmaq istəyirdi. Bu, məncə, normal bir izah idi".


Ancaq İ.Şaban əlavə etdi ki, onun anlaya bilmədiyi bir məsələ var: “İndiyə kimi Azərbaycan bu faktdan niyə yararlanmayıb? Yəni söhbət Azərbaycanın xoşməramlı bir humanitar missiyasından gedir. Axı SOCAR neçə ildir ki, belə bir missiyanı həyata keçirir. Azərbaycana qarşı olan qüvvələr və rəsmi İrəvan Azərbaycanı həmişə onda günahlandırır ki, ”Dağlıq Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşayıb-yaratması mümkün olası bir məsələ deyil, çünki onlara daim təzyiqlər olacaq". Ancaq Gürcüstanda olan bu prosesdən kifayət qədər yararlanmaq olardı. Allahşükür Paşazadə Tiflisə səfər edə bilərdi, “SOCAR Georgia Gas” rəhbərliyinin iştirakı ilə erməni kilsələri nümayəndələri və Arxiyepiskopu arasında bir təmas olardı. Bu amilin üstündən isə Azərbaycan özü sükutla keçdi. Və nəticədə SOCAR-ın vəsaiti, belə demək mümkündürsə, boş-boşuna həmin erməni kilsələrini qızdırır, bizə hansısa divident gətirmədən".

Ekspert bildirdi ki, yəqin bu məsələ dövlət siyasətindən qaynaqlanır: “Azərbaycana gələn hansısa xarici futbol komandasının tərkibində belə erməni olmasın... Baxın, belə addımlarla Azərbaycan öz imicinə nə qədər ziyan vurur. Halbuki bu gün bir neçə yerə parçalanmış və aralarında siyasi baxışlarına görə ziddiyyətlər olan erməni lobbisindən belə yararlanmaq mümkün idi, əgər düşünülmüş siyasət yeridilərdisə. Axı dövlətlərin hansı siyasət yeritməyindən asılı olmayaraq Gürcüstanda da, Rusiyada da və digər ölkələrdə də azərbaycanlı-erməni əlaqələrinin mövcudluğunu heç kəs inkar etmir”.


Sabiq maliyyə naziri Fikrət Yusifov isə “Yeni Müsavat”a dedi ki, SOCAR-ın bu addımı təqdirəlayiqdir: “Bu addımla Azərbaycan bir daha bütün dünyaya göstərdi ki, bizdə tolerantlıq sözdə deyil, əməldədir və biz erməni xalqı ilə erməni seperatçılarını bir-birindən fərqləndiririk. Biz Gürcüstan ərazisində olan bir neçə yüz kilsəyə qaz verib 5-10 erməni kilsəsinə münasibətdə ayrı-seçkilik qoyacaq qədər cılız ola bilməzdik və olmadıq da. Hər şeydən öncə kilsə Allah evidir, Allah isə bütün insanlar üçün birdir. Bu addımın maddi tərəfləri SOKAR üçün nəzərəçarpacaq səviyyədə deyil, lakin onun mənəvi tərəfləri çox əhəmiyyətlidir”. F.Yusifovun sözlərinə görə, bu, həm də bütün seperatçı ermənilərin üzünə çox sərt silləyə bərabər bir addımdır: “Bu yaramazların üzündən bütün erməni xalqı 20 ildən artıqdır ki, ağır məhrumiyyətlər içində yaşayır. Son zamanlar erməni xalqının sağlam düşünən böyük əksəriyyəti hakimiyyəti qəsb etmiş bir qrup qaniçən erməni rəhbərlərinin onların başına gətirdikləri oyunlara qarşı daha ciddi bir şəkildə müqavimət göstərməyə başlayıblar. SOCAR-ın bu jesti isə belə düşüncədə olanlara bir daha göstərdi ki, biz erməni xalqı ilə düşmən deyilik, bizim düşmənimiz bu gün onların başında dayanmış, əli Xocalı şəhidlərinin qanına bulaşmış sarkisyanlardır”.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR