İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçi Kürdüstan dövlətinin qurulmasındakı təhlükədən DANIŞDI

1338 14.09.2023 20:50 Siyasət A A

Şimali İraq Kürdüstan Muxtariyyətinin baş naziri Məsrur Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İraq hökuməti rəsmiləri ilə büdcə məsələlərini müzakirə etmək üçün Bağdada gedib.

Nümayəndə heyəti Bağdad hava limanında İraqın xarici işlər naziri Fuad Hüseyn tərəfindən qarşılanıb və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Məlumata görə, nümayəndə heyəti ölkə prezidenti Lətif Rəşid və parlament sədri Məhəmməd Halbusi ilə də görüşlər keçirəcək.

Görüşlərin gecə saatlarına qədər davam edəcəyi və siyasi partiya liderləri ilə bir araya gəlinməsinin planlaşdırıldığı bildirilir.

Maaşların ödənilməsi bəhanəsilə Kürdüstan nümayəndə heyətinin Bağdada gəlməsi və onların İraq xarici işlər naziri tərəfindən qarşılanması bəzi müəmmalı suallara yol açır. Adətən, XİN rəhbəri tərəfindən yalnız xarici qonaqlar qarşılanır.

Vasif Talıbovun yaratdığı "Şərur mafiyası" darmadağın edildi" - Heydər Oğuz  yeni təyinatlardan danışdı - VİDEO

Siyasi şərhçi Heydər Oğuz musavat.com-a deyib ki, İraqa bağlı muxtar respublika olan Kürdüstan nümayəndələrinin də bu şəkildə qarşılanması Ərbilin müstəqilliyinin tanınması kimi başa düşülə bilər: "İraqa yapışdırılmış yamaq kimi görünən Kürdüstan muxtariyyətinin indiki statusu təsadüfi deyil. Vaxtilə Osmanlının Mosul vilayətinə tabe olan bu ərazilər I Dünya Müharibəsində ingilislər tərəfindən işğal edilmiş, daha sonra 1925-ci ildə yaradılmış İraqa birləşdirilib. Həmin dövrdə ingilislərlə yerli xalqlar arasında gələcək talelərinin müzakirəsi zamanı onların qarşısına 3 alternativ qoyulmuşdu:

a) mədəni muxtariyyətlərini qorumaq şərtilə İraqın bir parçası olmaq,
b) inzibati-siyasi ərazilər çərçivəsində muxtar hüquqlara malik olmaq,
c) müstəqillik.

1925-ci ildə yerli xalqlarla müzakirələr zamanı türkmənlər a variantına, kürdlər isə c variantına üstünlük verirdilər. Sonunda müzakirələrdə b variantı qəbil olundu. Beləcə, ümumi razılıqlardan narazı qalan kürdlər zaman-zaman müstəqillik aksiyalarına başladılar və onların bütün baş qaldırışları Bağdad tərəfindən basdırıldı.

Sonuncu belə təşəbbüslərə 2005-ci ildə və 2017-ci ildə keçirilən referendumlar zamanı əl atıldı. Hər iki referendum region dövlətlərinin etirazları ilə nəticəsiz qaldı. Bununla belə, 2005-ci ildəki referendumdan sonra İraq kürdləri siyasi muxtariyyət hüququ qazandılar. Həmin referendumun keçirilməsində ABŞ-ın da önəmli rol oynadığı bildirilir. Məlumatlara görə, 2004-cü il dekabrın 22-də Amerika Kürd Təhsil Assosiasiyasının prezidenti Ardişir Rəşidi-Kalhurun başçılıq etdiyi “tərəfsiz nümayəndə heyəti” Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Seçkilərə Yardım Şöbəsinin rəhbəri Karina Perelli və onun əməkdaşları ilə görüşərək, bu məsələni müzakirə etmişdilər. Ardınca da adına “Cənubi Kürdüstan” deyilən bölgənin gələcəyi ilə bağlı müstəqillik referendumunun keçirilməsinə çağırış edilmiş və bu məqsədlə imza toplama kampaniyasına başlanıldı. Aksiyada 1 milyon 732 min 535-dən çox imza toplandı və İraq Müvəqqəti Hökumətinin səlahiyyət müddəti başa çatdığı ərəfədə - 30 yanvar 2005-ci il tarixində referendum keçirilmişdi. Region dövlətlərinin kəskin etirazlarından sonra bölgənin müstəqilliyini bəyan etməsi prosesi təxirə salınmışdı".

Siyasi şərhçi deyir ki, daha sonra 2017-ci il referendumunda müstəqillik elan edən Şimali İraqın bu təşəbbüsünə rəsmi Bağdadın hərbi müdaxiləsi ilə son qoyulub və o zaman Şimali İraqda İrana bağlı Təlabani aşirətinin Bağdad tərəfindən çıxış etməsi üsyanın asanlıqla basdırılmasında önəmli rol oynayıb: "Maraqlıdır ki, məhz həmin dövrdə Naxçıvan MR-da da eynilə Şimali İraqda olduğu kimi, dövlət idarələrinin adlarında “Azərbaycan Respublikası” sözləri ixtisara düşməyə başlamışdı. Bu baxımdan Azərbaycan hakimiyyətinin II Qarabağ savaşından sonra Naxçıvandakı “xan” rejimini tədricən zəiflətməyə çalışması təsadüfi sayıla bilməzdi. Görünür, rəsmi Bakı və Türkiyə ölkəmizi də gözləyən təhlükəni ortadan qaldırmaq üçün birgə layihə həyata keçirmişdilər.

Üzərindən 6 il keçəndən sonra Kürdüstan liderinin Bağdadda xarici ölkə başçısı kimi qarşılanması İraqın yeni Şia əl-Sudani hökumətinin də Kürdüstanın müstəqillik iddiaları ilə barışdığı qənaətini meydana gətirir".

Siyasi şərhçi deyib ki, indiki İraq baş naziri Şia əl-Sudani yeni kabinet qurarkən ən böyük dəstəyi Kürdüstana hökm edən Bərzani aşirətindən almışdı, onunla müəyyən anlaşmalara getmişdi: "Uzun illər İraq xalqının məzhəb qarşıdurmaları nəticəsində parçalanmış vəziyyətə düşməsi nəticəsində ölkədə yeni hökumət qurula bilmirdi.

Şia əl-Sudani yeni kabinet qurarkən ən böyük dəstəyi Kürdüstana hökm edən Bərzani aşirətindən alması hazırki mövqeyini şərtləndirir.

Görünən budur ki, Sudaninin verdiyi güzəştlərdən biri də Şimalı İraqın müstəqillik addımlarına laqeyd qalmaq və bunu tədricən həzm etməkdir. İraq kürdlərinin bu təşəbbüslərinin Mosul vilayətinin bu ölkəyə bağlanmasının 100 illiyi ərəfəsində ortaya çıxması da diqqət çəkəndir.

Şimali İraqda müstəqillik addımlarının atılması Yaxın Şərqdə birmənalı qarşılanmayacaq. Xüsusilə Türkiyə və İranın bu məsələyə həssas yanaşdıqları bəllidir. Şimali İraqın vaxtilə Osmanlı dövlətinə məxsus olması və I Dünya müharibəsi nəticəsində ingilislər tərəfindən işğalı və 100 il ərzində tədricən müstəqilləşməsi, ən əsası bəzi sənədlər bölgənin “Cənubi Kürdüstan” adlandırılması Ankarada ciddi narahatlıq yaradır. Çünki cənub varsa, deməli onun şimalı da mövcuddur və bu bölgənin haraya düşməsi aydındır".

Siyasi şərhçi deyir ki, İrana gəlincə, 1986-1988-ci illərdə Səddam Hüseynin İraq kürdlərinə qarşı həyata keçirdiyi Hələpcə qətliamından qaçan əhali cənub qonşumuzun Qərbi Azərbaycan adlandırdığı Urmiya bölgəsinə yerləşiblər: "Beləcə, Türkiyə ilə Cənubi Azərbaycan arasında bufer zona yaradılıb. ABŞ tərəfindən həyata keçirilən Kürdüstan layihəsində İranın bu bölgəsinin də müstəqillik qazanması planlaşdırılan Şimali İraqa birləşdirilməsi nəzərdə tutulur.

“Kürdüstan” layihəsində birləşdirilməsi nəzərdə tutulan digər bölgə Azərbaycanın Qarabağ və Naxçıvan əraziləridir. Şimali İraqın rəsmi nəşrlərindən olan “Rudaw” də bunu gizlətmir, bizim ərazilərimizi Kürdüstanın 5-ci bölgəsi adlandırır. Nəşr II Qarabağ müharibəsindən bəhs edən məlumatlarından birində bildirirdi. Həmin nəşrdən sitatı diqqətə çatdırıram: "Azərbaycanla Ermənistan arasında uzun illər müharibə və gərginlik davam edərkən, 2020-ci ildə Azərbaycan Ermənistanın nəzarətində olan rayonları geri almağa başladı. Geri alınan rayonlardan beşi Azərbaycanla Ermənistan arasında yerləşən Qırmızı Kürdüstana məxsusdur”.

Daha sonra Qafqaz Kürd İnstitutunun prezidenti Hecar Şamilin bu barədə fikirlərinə yer verən məqalədə qeyd olunur. Sitat: “Kürdlərin Qırmızı Kürdüstanı tərk etmələrinin səbəbi azərbaycanlılarla ermənilər arasında gedən müharibədir. Bu müharibə 150 ilə yaxındır davam edir. Bu müharibə Sovet İttifaqı dövründə dayanmışdı. Sovet İttifaqı dağıldıqdan sonra yenidən başladı. Ermənilər Dağlıq Qarabağı da Ermənistana birləşdirmək üçün kürdlərin torpaqlarını işğal etdilər. Kürdlər burada assimilyasiya olundu və özlərini Azərbaycan millətinin bir hissəsi kimi görməyə başladılar”, - Hecar Şamil açıqlamasında bildirib”.

Göründüyü kimi, tamamilə təhrif olunmuş faktlardan başqa bir şey olmayan bu iddialar üzərindən yeni regional layihələrin həyata keçirilməsi planlaşdırılır. “Qızıl Kürdüstan” adlanan Qarabağın digər parçalara birləşdirilməsinin yolu isə sözsüz ki, Naxçıvandan keçir. Naxçıvanın da eynilə Şimali İraq kimi “muxtar dövlət” statusu alması və hətta bunun Konstitusiyaya əlavə olunması bu mənada təsadüfi sayılmaya bilər".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR