İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam Partiyasının seçki qərarı ortalığı qarışdırdı

Bununla bağlı partiyanın yaydığı bəyanatda qeyd olunur ki, MSK-nın AİP sədri, hazırda həbsdə olan Mövsüm Səmədovun namizədliyini qanunsuz olaraq qeydə almamasından sonra İslam Partiyası müxalifətdən olan namizəd İlyas İsmayılovu müdafiə etmək haqda qərar verib. 
Sitat: “Biz İslam Partiyasının məsulları olaraq torpaq uğrunda canından keçməyə hazır olmayanların prezidentliyə namizədliyini qəbul edə bilmərik. Sözsüz ki, dediklərimizə layiq olan namizəd də var. Biz belələrini istisna hesab edirik. Ədalət Partiyasından namizədliyi irəli sürülən İlyas İsmayılov məhz belələrindəndir. Biz bütün islamçıları, həmişə haqqın, ədalətin, islamçıların yanında olan, prezidentliyə layiqli namizəd İlyas Abbas oğlu İsmayılova səs verməyə çağırırıq. Biz bu istəyimizə nail olmaqla həm də Azərbaycanda siyasi sifarişlə həbslərə son qoymuş olacağıq”.
“Media forum” saytına açıqlamasında İlyas İsmayılov İslam Partiyasının bu qərarını çox müsbət qarşıladığını deyib. Ədalət Partiyasının sədri bildirib ki, islamçıların namizədi olmaq onun üçün yük deyil: “Əksinə, onlar bizim seçki ilə bağlı işlərimizə kömək edəcəklər”.
Ancaq gözlənildiyi kimi, bu qərar siyasi çevrələrdə və dindarlar arasında birmənalı qarşılanmayıb. Çünki məlum olduğu kimi, İslam Partiyasının bir neçə üzvü, o cümlədən partiyanın həbsdəki sədri Mövsüm Səmədov və hazırda AİP-ə rəhbərlik edən Elçin Manafov Milli Şuranın üzvüdürlər. Digər tərəfdən İlyas İsmayılovun dindarlarla bağlı söylədiyi fikirlər, eləcə də dini camiənin həssas mövzusu olan hicab qadağasına münasibəti camiə daxilində AİP-in seçiminə narazılıq yaradıb. Məsələ burasındadır ki, AİP Baş Məclisinin İ.İsmayılovu dəstəkləmək qərarından dərhal sonra faktxeber.com saytı İ.İsmayılovdan dindarların həbsi və hicab qadağasına münasibət öyrənib. İ.İsmayılov bildirib ki, dindarların hüquqlarının qorunmasına tərəfdardır: “Hesab edirəm ki, inanclı insanların hüquqları qorunmalıdır. Lakin o da nəzərə alınmalıdır ki, qanunvericiliyə görə din dövlətdən ayrıdır. Eyni halda dövlət də dinin inkişafı üçün hərtərəfli şərait yaratmalıdır”.
Hicab probleminin hansı formada həll edilməsi ilə bağlı suala cavab olaraq “hesab edirəm ki, məktəb də dindən ayrıdır və orada olan qayda-qanunlara dindarlar hörmətlə yanaşmalıdırlar”, - deyə cavab verib.
İ.İsmayılovun İslam Partiyasının son 3 ildə apardığı mübarizə və elan etdiyi şüarlara ziddi bəyanat verməsi dini camiədə etiraza səbəb olub. Dindarlar, o cümlədən İslam Partiyasının bir çox üzvləri İ.İsmayılovu dəstəkləmək qərarını tələsik qərar adlandıraraq AİP-i qərara yenidən baxmağa çağırırlar. Çünki faktiki olaraq İ.İsmayılov AİP lideri Mövsüm Səmədovun Azərbaycanda hüququ pozulan dindarların, məktəbə buraxılmayan hicablı şagirdlərin haqlarının qorunması uğrunda mübarizə ilə bağlı çağırışları ilə ziddiyyət təşkil edir. 
Qeyd edək ki, Milli Şurada bir müddət İslam Partiyasında rəhbərlikdə təmsil olunmuş Rövşən Əhmədli və eləcə də Baş Məclisin üzvü və M.Səmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimov da təmsil olunur. Bir qədər əvvəl E.Manafov mətbuata açıqlamasında Milli Şuraya üzv yazıldıqlarını, amma qurumda təmsil olunmadıqlarını bildirib. Onun sözlərindən belə məlum olub ki, islamçıların adlarını Milli Şuraya kimlərsə yazdırıb. 
R.Əhmədli İslam Partiyasının Baş Məclisində təmsil olunmur. Sentyabrın 6-da keçirilən toplantıda yalnız Natiq Kərimov bu qərara etiraz edib. “Yeni Müsavat”a açıqlamasında N.Kərimov bildirdi ki, Baş Məclisin toplantısında İlyas İsmayılovu dəstəkləməklə bağlı qərar səs çoxluğu ilə qəbul olunub. N.Kərimov qərar etiraz etdiyini bildirdi: “Mən bu qərarı düzgün saymırdım. Çünki biz Milli Şuradayıq, əgər çıxsaq, bununla bağlı bəyanat olmalıdır. Elan olunmalıdır ki, biz Milli Şurada deyilik. Mən demişəm ki, dəyişiklik istəyirəm, görüntü yox. Ona görə də Milli Şuranı dəstəkləmişəm, sona qədər də dəstəkləyəcəyəm. Bizim İlyas İsmayılovla problemimiz yoxdur. Mənim üçün İlyas İsmayılov, Mais Güləliyev, Cəmil Həsənli və digər müxalifət liderləri önəmlidir. Ancaq biz Milli Şuranın üzvüyüksə onun qərarlarına hörmət etməliyik. Bu gün şanslı qurum Milli Şuradır. Ona görə də biz onu dəstəkləyirik”.
Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR