İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə şahzadəsi yaralı şiələri ziyarət etdi - Fotofakt

3766 11.11.2014 00:24 Mənəviyyat A A

Şəkildəki xəstə yatağında olan gənclərə şəfqət göstərən Səudiyyə Ərəbistanı daxili işlər naziri, şahzadə Səud bin Naif Əbdüləzizdir. Kral ailəsinin üzvü ötən həftə Ərəbistanın şərqində İhsa bölgəsində keçirilən İmam Hüseynə (ə) əzadarlıq məclislərində iştirak edənlərə qarşı törədilmiş terror zamanı yaralanan şiələri ziyarət edib. 
 
Bir neçə dövlət rəsmisi ilə Həfuf şəhərində Kral Fəhd xəstəxanasında müalicə olunan yaralılarla görüşən nazir onlara xüsusi iltifat göstərib və Kral Əbdüləzizin yaralılara dua etdiyini bildirib. 
Şəhzadə Naif, həmçinin, hadisə qurbanlarının ailələri ilə də görüşüb və cinayəti törədənlərin ədalət məhkəməsində layiqli cəzalarına çatacaqlarını söyləyib.
 
Yeri gəlmişkən, bundan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanın baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah Əl-Şeyx  Məhərrəm ayı mərasiminə edilən terror hücumunu qınayan bəyanat verib. Terroru şiddətlə qınayan baş müfti bu hadisəni törədənlərin müsəlman olmadığını vurğulayıb. Sitat: “İslam ümmətinə kin bəsləyən düşmənlər bu növ cinayətlərlə müsəlmanların qanlarının tökülməsinə vasitə olurlar. Bu növ cinayətləri işlədənlərin İslamla heç bir əlaqəsi ola bilməz. Onlar müsəlmanlar arasında fitnə çıxarmaq istəyənlərdir və özəlliklə Ərəbistan xalqını hədəfə alıblar. Bu cinayətləri törədənlər mühakimə edilməli və etdiklərinin cəzasını çəkməlidirlər. İslam dinində belə şey yoxdur. Uca Allah ölkəmizi bu cür fitnələrdən qorusun”.

Hər iki fakt təqdirəlayiqdir. Yalnız ona görə yox ki, dünyada radikal İslamın beşiyi sayılan ölkənin dövlət və dini rəhbərləri şiələrə olan hücumları qınayıblar. Məsələ ondadır ki, hazırda Orta Şərqdə dini zəminə nifrətin artdığı bir vaxtda bu cür addımlar odun üzərinə tökülən su effekti verə bilər. Yeri gəlmişkən, baş müftinin açıqlamasından sonra Ərəbistanın şiə alimləri ortaq müraciət hazırlayaraq ona göstərdiyi mövqeyə görə təşəkkür ediblər. 

Bu gün üçün çox aktual mövzudur. Müsəlmanlar bir-birinin dəyərlərinə, inanclarına hörmətlə yanaşmalıdırlar. Son olaylar göstərdi ki, indi hər kəsdən çox müsəlmanların birgəyaşayış qaydalarını mənimsəmələrinə ehtiyac var. Təkfirçilik ideyalarının sürətlə yayıldığı müsəlman dünyasında hər gün onlarla insan heç bir günahına görə deyil, məhz müsəlman olduğu üçün öldürülür. Yanlış hesab etdiyi bir baxışı və ya düşüncəni əsas gətirərək qarşındakı insanı kafir elan edib, ona (və ya onlara) qarşı nifrəti körükləmək, bu insanların qətlini dini vəzifəyə çevirmək və beləcə bütöv bir regionu cəhənnəmə çevirmək. Bütün bunlar məhz din üzərindən, dini dözümsüzlük üzərindən baş verdi. Və çox qısa zamanda bütün dünya bunun ağır nəticələrini gördü. Hər gün boynu vurulan insanlar, qətlə yetirilənlər. zorlanan, kölə edilən, bazarda satılan günahsız insanlar, qadınlar, qızlar, qocalar, uşaqlar. Bu günkü Yaxın Şərqin mənzərəsi hər kəsə aydındır.  

Bu vəziyyətdən yeganə çıxış yolu geniş mənada tolerantlıq və birgəyaşayış, bir-birinin dəyərlərinə, inanclarına hörmətlə yanaşmaq, birgə, sülh içində yaşamaqdır. Bir qədər əvvəl İranın ali dini lideri Ayətullah Xameneyinin, eləcə də İraqın nüfuzlu İslam alimi Ayətullah Seyid Sistaninin əhli-sünnət müqəddəslərinə həqarəti qadağan edən fitva verməsi, indi isə daha əvvəl qalmaqallı fitvaları ilə məşhurlaşmış əl-Şeyxin müsəlmanlara terror edənləri qınayan açıqlaması birgəyaşayışa çağırışlar kimi də qəbul oluna bilər. Doğrudur, hələ çox zəif eşidilir bu çağırışlar. Amma hazırda şərait və mövcud şərtlər bunu diktə edir. Müsəlmanlar üçün, eləcə də bütünlükdə Yaxın Şərqin yəhudi, xristian, müsəlman (sünni, şiə, sələfi, vəhhabi, təriqətçi və sair), yezidi və digər dinlərin ardıcılları üçün bu gün ən mühüm olan tolerantlıq, birgəyaşayışdır. Yalnız bu dözümlülüyə nail olmaqla Yaxın Şərqə sülh gətirmək mümkün olacaq. Bu işdə əsas məsuliyyət isə heç şübhəsiz ki, din alimlərinin üzərinə düşür. Bu fürsəti dəyərləndirmək, müsəlman dünyasına sülhü gətirmək işıqlı və uzaqgörən din alimlərinin, ziyalıların üzərinə düşür.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR