İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar yenidən ayaqlandı, Paşinyansözdən əmələ keçəcəkmi - Bakıdan reaksiya   

2048 30.03.2024 11:10 Gündəm A A

Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə danışıb və Azərbaycan dövləti əleyhinə ənənəvi sayıqlamalar söyləyib.

Məsələn, nəşrin yazdığına görə, Qarabağın “mühacir hökuməti varmı” sualına Şaharmanyan təsdiqi cavab verib: “Bəli, sizi qəbul etdiyim binada "prezident aparatı", “qanunvericilik və hüquq-mühafizə orqanları” yerləşir. Parlamentarilər səs vermək üçün buraya toplaşa bilərlər".

Bundan əlavə, o, həyasızlığa davam edərək söyləyib ki, ötən ilin oktyabrında “hökumət üzvləri”nin arzu etdikdə öz vəzifələrində qala bilməsi ilə bağlı “fərman” imzalayıb.

Yada salaq ki, sentyabrın 28-də Qarabağdakı keçmiş xunta rejiminin qondarma rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün dövlət qurumlarının ləğvi haqqında “fərman” imzalayıb. Ancaq göründüyü kimi, himayədarlarının sifarişi əsasında o, yenidən baş qaldırmağa başlayıb.

Şahramanyanın müsahibəsi separatçıların İrəvanda artıq sərbəst fəaliyyət göstərdiyinə, Azərbaycan əleyhinə “dövlətcik” oyununu davam etdirdiyinə şəkk-şübhə saxlamır. Halbuki Nikol Paşinyan hökumətinin üzvləri mifik qurumun “institutlarının” fəaliyyətini ölkənin milli təhlükəsizliyi üçün təhlükə saydıqlarını dəfələrlə bəyan ediblər. O zaman niyə buna əməl etmirlər? 

Fransız jurnalist İrəvanda separatçıların “ofisi”ndə sərbəst şəkildə uydurma “prezident”dən müsahibə alırsa, hökumətin müvafiq qurumları hara baxır? Demək, sülhlə bağlı İrəvanın ritorikası əslində destruktiv mahiyyətlidir və danışıqlar prosesini baltalamağa, revanş üçün vaxt udmağa hesablanıb. 

Onu da yada salaq ki, İrəvanda sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə üzdəniraq “Dağlıq Qarabağ ermənilərinin haqlarının bərpası üzrə beynəlxalq komitə” də fəaliyyət göstərir. Paşinyan hökuməti bu hoqqalara niyə dözüm göstərir? 

Hərgah məsələ ilə bağlı baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib ki, Ermənistanda “mühacirətdə olan hökuməti” təmsil edən bütün ofislər bağlanmalıdır, “çünki onlar mövcudluğu ilə Ermənistanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar”.

Erməni məmur qeyd edib ki, Ermənistanda dövlət daxilində dövlət ola bilməz, mühacirətdə hökumət olmur və ola da bilməz. “Bu avantüristlər Ermənistanda ”mühacirət"də olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhdid yaradır", - deyə Çaxoyan əlavə edib.

“Ermənistanda başqa kimsə özünü hökumət kimi təqdim edirsə, bu, ölkə üçün təhlükəsizlik məsələsidir”.

Bunu isə az sonra baş naziri Nikol Paşinyan deyib. Bildirib ki, Ermənistanda “mühacir hökumətlər” yoxdur. “Qeyd etməyə bilmərəm ki, "artsax"dan zorla köçürülmüş insanların müəyyən dairələri könüllü və ya istəmədən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atırlar. Bəziləri özlərini “mühacir hökumət” elan edir və s. Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o, bu salonda oturur", - Paşinyan hökumətin iclasında söyləyib.

Bəs Paşinyan iqtidarı nə vaxt quru sözdən, bəyanatlardan əmələ keçəcək? Yoxsa o, radikal-revanşistlərdən çəkinir?

BADAMOV Azər Camal oğlu

Azər Badamov: “Azərbaycana bu məsələlərin heç bir aidiyyəti yoxdur”

Deputat Azər Badamov bu müsahibədən meydana bir çox sualların çıxdığını söylədi: “Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyan Fransanın "Le Fiqaro" nəşrinə verdiyi müsahibədə mühacir hökumətin olduğunu bildirərək Azərbaycan dövləti əleyhinə sarsaq açıqlamalar verib. Burada bir neçə sual meydana gəlir. Birinci sual ondan ibarətdir ki, Yelisey sarayının ruporu olan “Le Fiqaro” nəşrinin Şahramanyandan aldığı müsahibə təsadüfdürmü? Təbii ki, bunu heç bir halda təsadüfi bir müsahibə saymaq olmaz. Bu müsahibə 5 apreldə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində Fransanın təşkil etdiyi xüsusi çirkin planın tərkib hissəsidir. Çünki Fransa hər vasitə ilə zibilliyə atılmış xunta rejiminə mühacirət adı ilə yenidən nəfəs verməyə çalışır. Ona görə də Yelisey sarayı fransalı jurnalistə Azərbaycan dövlətinə qarşı ifadələr işlədilən bir müsahibənin dərc olunması tapşırığını verib və o da İrəvana gələrək müəyyən olunmuş ssenarini icra edir. 

Digər bir tərəfdən, Paşinyan hökuməti Ermənistanda heç bir mühacir hökumətin olmadığını və mövcud hökumətin salonda oturduğunu bildirir. Paşinyan mühacir hökumətin yaradılmasının Ermənistanın təhlükəsizliyinə və dövlətinə təhlükə olduğunu açıqlayır. Burada yenə sual meydana gəlir: əgər Paşinyan mühacir hökuməti Ermənistan dövlətinə təhlükə kimi görürsə, niyə separatçılara İrəvanın mərkəzində oturmağa bina ayrılır? Buradan bir nəticə hasil etmək olur ki, Paşinyan ikili oyun oynamaqda davam edir. Yəni həm Azərbaycanın xoşuna gələn açıqlamalar verərək özünü sülhün tərəfdarı kimi nümayiş etdirir, həm də arxa planda özlərinin çirkin niyyətlərini davam etdirir və sülh prosesini uzunmüddətli etməklə vaxt qazanmağa çalışır. Təbii ki, Ermənistanda nə yaradırlarsa yaratsınlar, Azərbaycana bu məsələlərin heç bir aidiyyəti yoxdur. Şahramanyan bütün qondarma qurumların 1 yanvar 2024-cü ildən buraxılması ilə bağlı qondarma bir sərəncam da imzalayıb. Hətta buraxılmasaydı da, onun bizim ölkəmizə yenə heç bir dəxli yoxdur. Paşinyana əgər mühacir hökuməti kimi qondarma bir qurum lazımdırsa, Ermənistanın bir neçə rayonunu da onlara versinlər və orada özləri üçün hökumət qursunlar. Azərbaycan isə öz ərazilərini separatçılardan təmizləməklə suverenliyini bərpa edib. Dövlətimiz və xalqımız bundan sonra heç kimin ərazilərimizdə çirkin planlarını həyata keçirməyinə imkan verməyəcək. Makrona da mühacir hökuməti lazımdırsa, qoy yaratsınlar. Makron hətta həmin hökuməti Marsel şəhərində yerləşdirib, ora bir “sarsax” respublikası statusunu da verə bilər. Bu onların özlərinin daxili işidir. Fransanın və Ermənistanın belə saxta addımları, sadəcə, regionumuza sülhün və əməkdaşlığın gəlməsini zərbə altına salır. Paşinyanın ağlı olsa dünyada baş verən proseslərə bir nəzər salıb nəticə çıxardar. Çünki Fransanın və Qərbin təsiri altına düşmüş ölkələrin vətəndaşları dünyanın ən ağır günlərini yaşayırlar".

Generalın İslamabad səfərinin pərdəarxası

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov erməni baş nazirin özünü də bu oyunun içərisində görür: “Hələ də revanşist hisslərlə yaşayan separatçıların "mühacir hökumət" oyunu oynamasının arxasında bir sıra səbəblər var. Birinci səbəb maliyyə ilə bağlıdır. Həm ayrı-ayrı ölkələrdəki diaspor təmsilçilərindən, həm də yerli iş adamlarından “Qarabağ erməniləri” üçün ianələr toplanması özünü “mühacir hökumət” adlandıran quruma milyonlarla gəlir gətirir. İkinci səbəb Rusiya faktorudur. Nikol Paşinyan hökumətindən narazı olan Rusiya separatçı erməni kartından istifadə etməklə Paşinyana təzyiq göstərir. Ermənistanda Paşinyan müxalifətinin böyük ölçüdə Rusiyaya meyilli şəxslərdən ibarət olduğunu, o cümlədən də sepatarçı rejimin uzun illər ərzində mövcudluğunu qoruyub saxlamaqda Rusiyanın rolunu nəzərə alsaq, deyə bilərik ki, rəsmi Kreml indi müxalifətlə separatçı rejim təmsilçilərini eyni mövqedən çıxış etməyə sövq etməklə Paşinyana qarşı cəbhəni genişləndirir. “Mühacir hökuməti” oyununda maraqlı ola biləcək digər bir qüvvə isə regionda sülh və sabitliyi istəməyən ayrı-ayrı Qərb dairələridir. Onlar bu kartdan istifadə edərək bir tərəfdən münasibətlərin gərgin qalmasını təmin edirlər, digər tərəfdən isə Paşinyana təzyiqlər edərək Rusiya ilə münasibətləri daha da sərtləşdirməsini tələb edirlər. Samvel Şahramanyan, “Dağlıq Qarabağ ermənilərinin haqlarının bərpası üzrə beynəlxalq komitə” yaratdığını elan edən sabiq xarici işlər naziri Vardan Oskanyan üçün isə pulun haradan gəlməsinin elə bir əhəmiyyəti olmadığı üçün rahat şəkildə həm Rusiyanın, həm də ayrı-ayrı Qərb dairələrinin sifarişlərini icra edirlər. Şübhəsiz ki, bu məsələdə Paşinyanın özünün maraqlarını da kənara atmaq olmaz. Paşinyanın rəsmi Bakı ilə danışıqlarda, sadəcə, imitasiya xatirinə iştirak etdiyi və bu danışıqlardan Ermənistanın sülhpərvər obrazını yaratmaq üçün istifadə etdiyi bir faktdır. Bu, eləcə də Ermənistanın sürətli şəkildə silahlanması isə avtomatik olaraq separatçı qüvvələrdə revanşist ümidləri xeyli artırıb. Odur ki, Paşinyan həqiqətən də “Ermənistanda "mühacir hökumətlər" yoxdur və bu addımlar Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradır" açıqlamasında səmimidirsə, o zaman konkret addımlar atmalı və quru bəyanatlardan işə keçməlidir. Çünki müxtəlif dairələrin əlində oyuncağa çevirilmiş “mühacir hökumət” həqiqətən də Ermənistan üçün böyük təhlükədir. Əgər Paşinyan bunu görə-görə bu qurumun fəaliyyətinə son verib, onların rəhbərlərini cəzalandırmırsa, demək ki, özü də bu oyunun içərisindədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR