İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməd Seyidov qazinin ittihamlarına cavab verdi: “Əlillik dərəcəsi təyin edilməyib”

925 10.12.2021 16:48 Son xəbər A A

Musavat.com ötən gün Qarabağ qazisi Röyal Kərimovun Qazax rayon icra başçısı Rəcəb Babaşovdan və millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdan giley etdiyi barədə xəbər dərc etmişdi (xəbəri aşağıdakı link vasitəsilə oxuya bilərsiniz - https://musavat.com/news/qazaxin-icra-bascisi-qarabag-qazisini-yardim-adi-ile-aldatdi_850974.html)

20 yaşlı qazi bir neçə ay öncə Qazaxın icra başçısı Rəcəb Babaşovun və millət vəkili Səməd Seyidovun onu Qazax rayonunda, yaşadığı evdə ziyarət etdiyini bildirmişdi. İcra başçısı qaziyə evi təmir etdirəcəyinə, millət vəkili isə onu təkərli araba ilə təmin edəcəyinə dair söz verib. Röyal Kərimov bir neçə ay keçməsinə baxmayaraq, evin hazır olmadığını, araba ilə təmin olunmadığını iddia edir.

Millət vəkili Səməd Seyidov ötən gün musavat.com- a açıqlamasında məsələ ilə bağlı araşdırma aparacağını bildirmişdi. Bu gün isə millət vəkilinin köməkçisi Akif Əmirov məsələyə aydınlıq gətirdi: “Qeyd edim ki, qazimizin yaşadığı ev 2 otaqlı idi. Təmir-bərpa prosesində 3 əlavə otaq tikildi.Dam örtüyü yeniləndi,30 metrlik hasar çəkildi.Kommunal xətlər çəkilib.Hazırda qazi ailəsi otaqlara çilçıraq asılmasını,mebelin,sobaların alınmasını,hamama cakkuzi qoyulmasını tələb edirlər. Dünən getmişdim. Ev tam hazır idi. İcra hakimiyyəti ailəyə köçə biləcəyini deyib”.

Əlil arabası ilə təmin edilməsi ilə bağlı vədə gəlincə, A.Əmirov bildirdi ki, qazinin əlillik dərəcəsi təyin olunmayıb: “Hazırda qazinin arabası var. Əlillik dərəcəsi təyin olunduqdan sonra Səməd Seyidov Əlillərin Bərpa mərkəzinə müraciət edərək qazimizin araba ilə təmin olunması üçün əlindən gələni edəcək. İndiyə kimi heç kim arabasız qalmayıb”.

Qazi Röyal Kərimov isə deyilənlərlə razılaşmır: “Mən ailə qurmağa hazırlaşıram. İcra başçısı aylar öncə bizi ziyarətə gələndə həm evi təmir etdirəcəyini, həm də mebel alacağını vəd etdi. 5 aydır bu təmir bitmir. Gördükləri iş də keyfiyyətsizdir”.

Qeyd edək ki, Röyal Kərimov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Musavat.com məsələni diqqətdə saxlayacaq.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR