İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümov neçə milyon pul ödəyib? – Vəkillər bu suala cavab verilməsini tələb edir!

872 03.04.2023 18:43 Kriminal A A

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış edib. Vəkillər Səlim Müslümovun cinayət işindən ayrılma mənimsəmə və israf etmə ilə bağlı şirkətlərini istintaqının hansı mərhələdə olması, nə qədər ziyanın ödənilməsi barədə rəsmi cavab alınmasını; hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də istəyiblər.

Hakim bildirib ki, istintaqda israf etmə ilə bağlı ayrılan cinayət işində məsuliyyətə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir: “Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu gələcəkdə məhkəmə hökm çıxaran zaman nəzərə alınması üçün vacibdir”.

Hakim deyib ki, məhkəmə hazırkı mərhələdə istintaq tərəfindən nə qədər ziyanın yığılması ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət edəcək.

Səlim Müslümovun vəkilləri bu işlə bağlı istintaq orqanına vəkil sorğusu göndərəcəklərini deyiblər.

Növbəti proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR