İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid ailələrinin sosial problemləri müzakirə edilib – Fotolar

584 23.08.2019 17:27 Proje A A

Bu gün “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib. 

Musavat.com bildirir ki, layihə barədə məlumat verən “Qadın Konsensus Mərkəzi”nin rəhbəri Aynur Camalqızı bildirib ki, layihədə məqsəd şəhid ailələrinə verilən birdəfəlik ödəmələri təbliğ etmək, şəhid ailələrinin sosial məsələlərini ictimailəşdirmək və şəhidlərimizin qəhrəmanlıqlarını sosial mediada işıqlandırmaqdır: “Bildiyimiz kimi, Azərbaycan dövləti Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Prezident İlham Əliyev həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 19 aprel 2018-ci ildə Fərman verib. Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində birdəfəlik ödəmə almaq hüququ olan ailələrə hüquqi yardımlar göstərilib, onların problemləri internet informasiya resurslarında işıqlandırılıb. Həmçinin layihə çərçivəsində bukletlər çap olunub, şəhid ailələri üçün Xocali.ws saytında xüsusi bölmə yaradılıb, şəhid ailələrindən reportajlar hazırlanıb, müsahibələr hazırlanıb. Reportaj və müsahibələr Xocali.ws saytı ilə yanaşı, Teleqraf.com, Publika.az və Axar.az saytlarında işıqlandırılıb”.

İctimai müzakirədə tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Müzakirələr zamanı hüquqşünas Fərhad Mehdiyev qeyd edib ki, şəhidlərimizin adları əbədiləşdirilməlidir: “Mənim fikrimcə, adları yararsız olan küçə və məktəblərə, ictimai yerlərə şəhidlərimizin adları verilsin. Veteranlar da daxil olmaqla şəhid ailələrinə qayğı dövlət üçün həssas məsələdir. Xüsusilə konflikt davam edirsə, yaxud növbəti müharibəyə girmək ehtimalı olanda istənilən dövlət göstərməlidir ki, müharibədə iştirak edən şəxslərə biganə qalmır, onlara qayğı ilə yanaşılır. Əks halda insanlarda patriotluğu coşdurmaq, onları hərbi əməliyyatlara cəlb etmək çətin olar.

Bu günlərdə şəhid olmuş pilot Rəşad Ataşkişiyev haqda insanların yanaşmalarının şahidi olduq. Halbuki döyüş şəraitində şəhid olmasa belə hərbi qulluqçu olduğuna, xidmət sırasında vəfat etdiyinə görə insanlar həssaslıq nümayiş etdirir. Təbii ki, dövlət də bu baxımdan xüsusi diqqət yetirir”.

Şəhid ailələrinə verilən kompensasiya məsələsinə toxunan hüquqşünas hərbi qulluqçuların sığorta olunduğunu və onların hərbi xidmət sırasında sadəcə fiziki sağlamlığı deyil, ümumiyyətlə həyatını itirməsinə görə vərəsələrinə 11 min manat kompensasiya verildiyini qeyd edib: “Bunu geriyə tətbiq etdilər. Bizim ailə də o pulu aldı. Halbuki qardaşım Firudin Mehdiyev 1992-ci ildə şəhid olmuşdu. O vaxt da kompensasiya vardı, haradasa köhnə məzənnə ilə 2500 manat verilirdi. O zaman atam almamışdı, amma alanlar da vardı, alanlara təkrar ödəmə verildi. Şəhid ailələri ödənişin məbləğinin az olduğunu bildirirdilər, həqiqətən 11 min manatla müqayisədə az idi. Hökumət inflyasiyanı nəzərə alıb, qalan məbləği ödəyə bilərdi, amma şəhid ailələrinin narazı qalmaması üçün bütöv məbləğ ödənildi. Bəli, şəhid ailələrinə qayğı var. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin keçirdiyi tədbir təqdirəlayiqdir. Çünki dövlətin üstünə hər şeyi həmişə yükləmək düzgün deyil”.

Fərhad Mehdiyev hesab edir ki, QHT sektorunun bu işdə ciddi təsiri və faydası ola bilər: “Ən azı QHT-lərin müəyyən layihələrə müraciət edib şəhid ailələrinə yardım göstərə bilmək istəyi alqışlanmalıdır. 1992-ci ildə şəhid olan şəxslərin ailələrinin vəziyyəti ayrıdır, onların valideynlərinin çoxu dünyasını dəyişib, övladları böyüyüblər, mümkün olduğu qədər sosial yardım edilə bilər. İşsizlərin işlə təmin olunmasına kömək məqsədilə kurslara cəlb etmək olar. Sosial mənzillər tikilir, bizim ailəmiz şəhid ailələri üçün tikilən binada yaşayır. Həmin binanın tikintisi bir müddət dayanmışdı, atam sağ idi, növbədə olan şəhid ailələrini topladı, onlar da komitə yaratdılar, çoxsaylı müraciətlər oldu. Bəzi ərizələri şəxsən yazmışam. Şəhid ailələri gərək özləri də təşəbbüs göstərsin. Məmurun işi çox olur, bəlkə yadına düşmür, QHT-lərin köməyi lazımdır”.

Tədbir müzakirələrlə davam etdirilib.

Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR