İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta mina xəritəsindən delimitasiya və demarkasiya xəritəsinə doğru...

1802 11.12.2021 09:28 Yazarlar A A

Biz düşünürdük ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdən yaxamızı qurtardıq, amma...Belə görünür ki, həmsədrləri də, Kasprşiki də əvəzləyən tapılıb: özü də 3+1-i əvəzləyən tək nəfərdir. Söhbət Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradovdan gedir.

Bir neçə ay əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı komandanı postundan getsə də, yeni və daha üstün görəv sahibi olaraq bölgəyə qayıtdı. Bu şəxs faktiki olaraq özünü “Qafqaz canişini” statusunda görür. Az qala hər ay bir, ya bir neçə dəfə özünü bölgəyə yetirir. Noyabrın 9-da səssiz-səmirsiz Qarabağa gəldi, Azərbaycan torpağında xiyabanın açılışını elədi, heykəllər düzdürdü, getdi. Bir həftə sonra Bakıya da gəldi, amma erməni meyitlərini İrəvana aparmaqdan ötrü. Yəni görünən budur ki, bu insanın bütün fəaliyyəti Ermənistana, ermənilərə xidmətlə bağlıdır. Hər halda biz onun balanslı fəaliyyətindən danışa bilmərik.

Muradov TASS-a son müsahibəsində görün nə deyib...

Sitat: “Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda saxlanılan erməni hərbçilərin qaytarılması istiqamətində işlər davam etdirilir... Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”.

Əvvəla, Dağlıq Qarabağ adlı inzibati ərazi mövcud deyil. Yoxdur! Cənab Muradov Azərbaycan dövlətinin, onun rəhbərliyinin mövqeyindən xəbərsizdirsə, ən azı Azərbaycan Respublikasının xəritəsini qarşısına qoyub, ora diqqətlə baxa bilər!

İkincisi, “Azərbaycan tərəfinin bütün hərbçiləri”ndən elə danışır ki, elə bil yüzlərlə hərbçimiz əsir düşübmüş, Muradovun sayəsində onlar xilas olunub. Azərbaycanın bir neçə əsgərini yaralı halda əsir götürmüşdü ermənilər, yaxud sonradan bu və ya digər şəraitdə əsir götürülənlər olmuşdu. İki əlin barmaqları qədər də deyildilər. Amma Azərbaycan Ermənistana 100 əsgər və zabit qaytarıb. Hətta bəzilərini humanitar qaydaları əsas götürərək, heç bir şərt, tələb irəli sürmədən! Burada bərabərlik işarəsi qoymağa heç bri əsas yoxdur.

Rustam Muradov doğrudanmı hələ də bilmir ki, torpaqlarını işğaldan azad edən Azərbaycan əsgərindən fərqli olaraq, erməni hərbçilər terrorçular, diversantlar, canilərdir! Onların əlləri insanların qanına batıb, əsir deyillər! Belələrini son nəfərinədək azad ertməyi qarşısına məqsəd qoyan rus zabitinin məram və məqsədi bəllidir. Rusiya öz ərazisində illər boyu antiterror əməliyyatları keçirdi, Şimali Qafqazdakı əməliyyatlar unudulmayıb. Muradov və ya digərləri Rusiya dövlətinə qarşı çıxanları bağışladımı, azad olunmaları üçün canfəşanlıq etdimi?

Diqqət edin, Rustan Muradov deyir saxlanılanların geri qaytarılması ilə bağlı işi sülhməramlıların mülki borcu hesab edir. Borca baxın! Sülhməramlıların borcu 10 noyabr 2020-ci ildən başlayaraq, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini son nəfərinədək tərksilah etmək, yaxud bölgədən rədd eləmək idi.

Yoxsa belə sentimental fikirlərə qəti şəkildə yer yox idi: “Bir hərbçi kimi mən onların necə hisslər keçirdiklərini başa düşürəm. Mən Bakıya uçduğumuz ilk reysi və qayıdandan sonra İrəvandakı Erebuni aerodromunda həmin hərbçilərin üzlərini xatırlayıram. Onlar evlərinə qayıtdıqlarına inanmırdılar”.

Bakının azad etdiyi erməni hərbçilərin hansı hisslər keçirdiyini kövrək duyğularla ifadə edən Muradov görəsən, bir dəfə soruşubmu ki, “Aşot, sənin Qarabağda nə ölümün var idi?!” Soruşmaz yəqin ki. Yoxsa terrorçunun “qəmli baxışları”na elegiya yazmazdı...

Muradov Bakıdan apardığı “paçka-paçka” erməni “əsir”lərinin əvəzində nə gətirdi? Saxta mina xəritələri! Azərbaycan yaralı halda əsir düşmüş erməni əsgərini hətta müalicə edib, geri qaytardı. Ermənilərsə qarşılığında...növbəti dəfə xain hücumları həyata keçirdilər. Kəlbəcərdə əsgərimiz şəhid oldu, Daşaltı kəndi yaxınlığında iki şirkət əməkdaşı mina təxribatı nəticəsində həlak oldu!

Budur, Rusiya sülhməramlılarının, konkret halda Muradovun fəaliyyətinin məntiqi nəticəsi! Şübhəsiz ki, Daşaltı ətrafında minalar yeni basdırılıb. Ağdam, Füzuli bölgəsi olsa, deyərdik, təmas xətti olub, vaxtilə basdırılan minalardır. Daşaltıda isə məhz Azərbaycan dövlətinin apardığı quruculuq işlərinin qarşısını almaq üçün erməni terrorçuları bu alçaq hücumu həyata keçiriblər. Köhnə minalar olsa, elə ermənilər 29 il ərzində özləri düşərdilər. Özü də piyada əleyhinə minanı tank əleyhinə minanın üzərinə bərkidiblər ki, nəticə daha dəhşətli olsun!

Bir erməninin burnu qanayanda Rustam Muradov daxil, rusiyalı sülhməramlı kontingent hərəkətə keçir, narahat olurlar. Amma Azərbaycan gəncləri həlak olub, tükləri tərpənmir. Daşaltıda şəhid olan gənclərdən birinin uşağı 3 gün idi anadan olmuşdu! O körpə atasız qaldı, Muradov, sənin himayə etdiyin erməni diversantların xain hücumu nəticəsində! Minaya düşməkdirsə, niyə elə Şuşa rayonunda qanunsuz məskunlaşdırılmış ermənilər üçün yollar çəkən (!!!) Rusiya sülhməramlıları düşmür sürpriz minalara?! Deməli, bu “sürpriz”lər Azərbaycan üçün qurulub, azərbaycanlılar yurdlarına qayıtmasınlar, qorxsunlar, çəkinsinlər, məskunlaşma, quruculuq işləri ləngisin, deyə...

Rüstəm Muradovun mina xəritələrinin nəticəsi ortada:

10 noyabr 2020-ci ildən indiyədək 7 hərbi qulluqçumuz, 29 mülki şəxs minanın qurbanı olub! 109 hərbi qulluqçu, 44 mülki şəxs ağır xəsarətlər alıb! Rusiya sülhməramlılarının təsir zonasındakı erməni silahlılar, terrorçular mövcud olduqca, qurbanlarımız azalmayacaq! Necə ki, iki jurnalist həmkarımız Kəlbəcərdə yeni basdırılmış minanın hədəfi oldular. Ermənilər “cəsəd axtarışı” adı altında da minalar səpə bilərlər torpaqlarımıza! O halda nə etməliyik, Ermənistandan 10 noyabr anlaşmasından sonrakı müddətdə basdırılmış minaların xəritələrinimi istəməliyik?! Ermənistanda iki mina fabriki fəaliyyət göstərir, özü də plastik konstruksiyalı, daha təhlükəli minalar! Laçın dəhlizi ilə onların Qarabağa daşınıb, torpaqlarımızda basdırılması üçün sülhməramlılar hər cür şərait yarada bilərlər...

Bakıya gətirdiyi mina xəritələri saxta çıxan Muradov indi də başqa bir xəritəli prosesə start verməkdədir. Keçən həftə xəbər yayıldı ki, demarkasiya və delimitasiya komissiyasının Rusiya nümayəndələri İrəvana gedib, Muradov da heyətdə. Amerikalı konqresmen Adam Şiff kimi “son erməni əsir azad olunmayınca, rahat oturmayacağam”, deyən Muradov indi də Azərbaycan və Ermənistan arasında sərhəd çəkmək istəyir. İrəvandan gətirdiyi xəritələr saxta çıxdıqdan sonra onun Moskvadan gətirdiyi sərhəd xəritələrinə necə etibar edə bilərik? Erməni diversantların baxışlarından şairanə fikirlər səsləndirən rus general görəsən, Daşaltıda şəhid olan gəncin övladının gözlərinə baxmaq istəyirmi?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR