İnsanlara hürriyət, millətlərə istiqlal!

Şampan içən robot

341 26.07.2024 10:20 Yazarlar A A

4-5 gün qabaq Elmlər Akademiyasında süni intellektə aid “beynəlxalq” konfrans keçirilib. Beynəlxalq sözünü dırnaqda yazmağım səbəbsiz deyil, çünki AMEA saytında konfransda çıxış edənlərin adları yazılmışdı, orada bircə nəfər də olsun xarici yox idi. 

O zaman bunun nəyi “beynəlxalq”dır? Bəlkə AMEA dövlət büdcəsindən pul almaq üçün hesabatlara belə sözləri də tikir? Nə biləsən... Məncə, qalaktikalararası konfrans adlandırsınlar. Buna daha yaxşı maliyyə düşür. Ancaq tədbirin əsas özəlliyi, hətta deyərdim gözəlliyi bu deyil. Dostlardan biri konfransdan məzəli videonu mənə yolladı, kefim açıldı. Guya bizim akademiyada “Elektron Akademiya” adlı bir bölüm var, onlar “Sufi” adlı robot qayırıblar, akademiya prezidenti İsa Həbibbəyli də tədbir çərçivəsində robotla hal-əhval tutub, söhbətləşir. “Salam, necəsən, mən də yaxşıyam” kimi boş-boş, mənasız dialoq idi. Lap saqqallı lətifəni xatırladırdı. Bilməyənlər varsa yazıram. 

Deyir bir gün robot yarışması keçirilir. İngilis gəlir, robota diplomatiyadan sual verir, cavabını alır. Fransız eşqdən-zaddan soruşur, bunun da cavabı gəlir. Türk döyüş sənətindən, iranlı dindən, əlqərəz, hər millət özünə maraqlı sahələr üzrə robotu sorğu-sual edir. Növbə çatır azərbaycanlıya. Yerlimiz nəsə soruşur, robotun təpəsindən tüstü çıxır - sözün əsl anlamında. Robotu düzəldən yapon soruşur ki, nə sual verdin. Azərbaycanlı deyir, əşşi, heç zad, soruşdum nə var, nə yox. Nəsə, yapon gedir, 3-4 günə robotu təmir edir, dünyada nə var, nə yox, hamısını onun yaddaşına yazır, gətirir, azərbaycanlıya deyir, indi sor görək, nə sorursan. Bizimki nəsə soruşur, robot təzədən yanır. Yaponun gözü kəlləsinə çıxır: “İndi nə sual verdin, Mamed san?” Mamed deyir: “Soruşdum başqa nə var, nə yox”. 

Maraqlıdır ki, orijinalları və daha praktik modelləri “Sədərək” yarmarkasında satılan dəmir oyuncaq axırda İsa müəllimlə sağollaşmaqdan imtina etdi. İsa müəllim neçə dəfə “sağ ol” dedi, maşından “mıqq” da çıxmadı. Robot rəsmən xarab oldu. Ya da İsa müəllimlə söhbət ona çox maraqlı gəlmişdi, ayrılmaq istəmirdi. Ona baxanda öz həmcinsini görürdü sanki (yanlış anlaşılmasın, akademiyanın prezidenti robota sualları kağızdan oxuyurdu, robot isə “sinə”dən cavab verirdi, bilmirdin robot kimdir, insan kimdir). 

Ramiz müəllimin vaxtında akademiyada özünə yuva quranlardan biri eks-deputat, eks-nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton müəllim idi. Onu yada salmaqda məna var: Elton müəllim təzədən deputat olmaq istəyirdi, lakin MSK onun ağzından vurub sənədlərini heç qəbul etmədi. Deyir müraciətdə saxtakarlığa yol verib, əmlakını düzgün göstərməyib. 

Maraqlıdır, görəsən, Elton müəllim hansı əmlaklarını gizlədibmiş və MSK-da bu məlumatlar haradandır? Əlbəttə, şəxsən mən MSK-nın addımını alqışlayıram, sadəcə, prosedur maraqlı gəldi. Kaş orada əmlakını gizlədən hər namizədə oxşar münasibət bəslənərdi. O zaman biz bəlkə heç səs verməyə namizəd tapa bilməzdik. Məcbur olardıq “Sufi”ni deputat seçək. 

Sonda bir iqtisadiyyat xəbəri: hökumət spirtli içkilərin aksiz vergisini artırıb. Ancaq çox maraqlı istisna ediblər, yeganə olaraq şampan şərabının aksiz dərəcəsi nəinki artırılıb, hətta yarıbayarı azaldılıb. Bunu Fransaya isti mesaj saymaq olarmı? Yəqin ki, yox. Sadəcə, şampan adətən qələbə zamanı, şənlikdə, bayramda-filanda çox içilən spirtli içkidir. Biz də qələbəmizi qeyd edirik, hökumət xalqa jest edir, bu qərarla göstərir ki, şampan için, qalibsiniz.  

Təşəkkür edirik, böyük lütfdür. Mən də sizə - hörmətli oxucularımıza “sağ olun” deyirəm. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR