İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti ilə bağlı olayda ÜZÜCÜ DETAL

1665 26.07.2024 12:08 Gündəm A A

Cəmiyyət qəddarlaşıb və laqeydləşib? Sosioloq şok səbəblər haqda danışdı

İyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin “MedEra” hospitalının gözətçisi ilə əlbəyaxa mübahisəsinin görüntüləri cəmiyyətdə şok effekti yaratdı. Məsələnin təəssüfləndirici digər bir tərəfi isə ondan ibarətdir ki, orada olan insanlar baş verən hadisəyə çox laqeyd yanaşaraq baş verənlərə müdaxilə etmirlər.  

Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, kadrlarda insanların küçədə döyülən, xəsarət alan və əzab verilən bir şəxsə qarşı laqeyd davranışının şahidi oluruq və bu, olduqca düşündürücü bir haldır: “Məni əsas narahat edən məqamlardan biri odur ki, bu yaşda Azərbaycanın tanınmış xalq artistinə qarşı küçədə zorakılıq edilir və insanlar oradan laqeydcəsinə gedib-gəlirlər, hadisəyə sadəcə kənardan baxırlar və yerə yıxılmış sənətçini mühafizəçinin əlindən almağa cəhd göstərmirlər. Hətta deyəsən, mühafizəçi əvvəllər məhkum olunub. Bütün bunlar məni çox sarsıtdı. İnsanlarda bu laqeydlik hardandı? Niyə orada olan insanlar vətəndaşlıq borcunu yerinə yetirib Ağadadaş Ağayevi mühafizəçinin əlindən daha tez almadılar və o, yerə yıxıldıqdan sonra növbəti dəfə üzünə zərbələr vurulmaqla ona xəsarət yetirilməsinə göz yumdular?”

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Qənizadə əlavə edib ki, insanlar qəddarlaşır və çox laqeydləşirlər: “Bu, bizim hamımızı düşünməyə vadar edən ciddi məqamlardan biridir”.  

Çingiz Qənizadə haqlımı? Cəmiyyət gerçəkdən qəddar və laqeydmi? Elədirsə, səbəb nədir?

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Azərbaycanda sosial şəbəkələr Kolizey amfiteatrını xatırladır. Sanki bu keysə qiymətləri təhlil edərkən biz bu mənzərəni görürük. Sosial şəbəkələrdə ölsün, qalsın, həbs olunsun, bəraət verilsin kimi hayqırtılar eşidirik. Bu baxımdan Azərbaycan sosial şəbəkə vahidlərinin yaratdığı ovqat məhz Azərbaycanda Kolizey amfiteatrının keçirdiyi tədbirləri xatırladır. Bu, çox təəssüfedici haldır. 

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

 Üzeyir Şəfiyev

Baş vermiş hadisəyə qiymət vermək üçün ilk olaraq hüquqi yanaşma olmalı idi. Hüquqi qiymət verilmədən emosional qiymətləndirmə, hansısa mühafizəçiyə bəraət qazandırmaq yalnız kortəbii kütlə psixologiyasının məhsulu ola bilər. Hadisə olub, bu, cinayət hadisəsidir. Bu isə hüquqi yanaşma tələb edir, emosional qiymətləndirmə effektiv sayıla bilməz, hətta mane ola bilər. Gözləmək lazım idi ki, hüquq-mühafizə orqanları hadisəni şərh etsin, sonra bu qiymətləndirmə ilə ictimai, sosial nəzarət əlavə oluna bilərdi. 

Digər mühüm məqam ondan ibarətdir ki, insanlar bədbəxt hadisələr zamanı seyrçi kimi qalır, hətta öz sosial şəbəkə platformasında reytinq qazanmaq üçün çəkilişlər edirlər. Halbuki onlar belə hadisələrə reaksiya göstərə bilər, hadisənin dərinləşməsinin qarşısını ala bilər. Çox təəssüflər olsun ki, insanlar bu hadisələrdən belə gündəm yaratmaq üçün istifadə edirlər, hadisənin ağırlaşdırıcı fəsadlarının qarşısını almağa meyllənmirlər. Bu laqeydliyə səbəb odur ki, insanlar hadisə şahidi olmaq istəmirlər, hadisə şahidləri kimi hüquq-mühafizə orqanlarında get-gəl narahatlığına görə bunu etmək istəmirlər. Azərbaycanda belə bir yanaşma var. Digər tərəfdən, sosial şəbəkələr insanlarda fürsətcil maraq yaradır ki, qeydə alım, tez paylaşım, pul qazanım. Bu həm də rəqəmsal cəmiyyətin sosial xarakterinə təsiridir. Belə bir deqradasiya baş verir". 

Sosioloqa görə, insanlarda son dövrlər qəddarlaşma, aqressiya həqiqətən çoxalıb: “Bu, bazar münasibətləri olan cəmiyyətlərin hər biri üçün xarakterikdir. Kapitalizm olan cəmiyyətlərdə insanlar yaşam uğrunda sanki savaş vəziyyətində olur. İnsanlar sanki özünü unudur. Onlar daha çox işləyən alətə çevrilir. Belə bir cəmiyyətdə, əlbəttə, mənəvi deqradasiya, emosional dəyişiklik baş verir. Kapitalizm, bazar cəmiyyətlərində aqressiya  xarakterik haldır. 

Misal üçün, bunun üçün bədii ədəbiyyat, KİV insanları daha çox humanist dəyərlərlə sosiallaşdırmalıdır ki, cəmiyyətdə aqressiya azalsın. Humanizm dəyərləri, insanlara həmdərd olmaq aşılanmalıdır. Əfsuslar olsun ki, biz sosial şəbəkələrdə, mediada kin püskürən yazılara rast gəlirik. Cəmiyyət sağlam olmalıdır ki, insanların davranışında da bu nümunələri görə bilək". 

Pandemiyanın ilk ilindən başlayaraq dəfələrlə demişəm, ali sinir fəaliyyətinin ximizmində törənəcək dəyişikliklər 2023/2024-cü ildən etibarən insanlar arasında aqressivlik, depressiya, suisid və qəfləti ölüm hallarının kəskin şəkildə artmasına səbəb olacaq".

Bu fikirləri isə Musavat.com-a Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib. 

MUSA QƏNİYEV. PROFESSOR | Azərbaycan Tibb Ensiklopediyası

 Musa Qəniyev

“Bu, tək mütəxəssis olaraq gəldiyim fərdi qənaətim deyildi, elmi ədəbiyyatların müqayisəli təhlilinin nəticəsində gəldiyim mütləq qənaət idi. Zaman mənim bütün söylədiklərimi sətirbəsətir təsdiqlədi və təsdiqləyir. Yeganə istəyim bu halın təbiətdən irəli gəldiyini və zaman-zaman keçəri olacağını insanlara çatdırmaq idi. Odur ki, insanları bu həqiqəti bilib, səbirli, dözümlü olmağa, bir-birinə əl tutmağa, kömək etməyə çağırıram. Xalq artisti Ağadadaş Ağayevlə bağlı dünənki hadisədən mənən sarsıldığım bir azərbaycanlı olaraq düşdüyümüz bu utanc vəziyyətə görə. Hər şeydən əvvəl mən bu hadisəni qətiyyətlə pisləyirəm.

Məqsədim kiməsə qahmar çıxmaq deyil. Yalnız bu hadisənin insani və tibbi yönümünə fikir bildirməkdir. Əvvəla, onların hər ikisi bu vətənin, bu xalqın övladıdır. Hər bir azərbaycanlının 7-ci nəslində (təqribən 450-550 il əvvəl) gen və telomer quruluşunda eynilik və bərabərlik 99,99%-dir. Yəni bizlər fərd olaraq doğmayıq, eyniyik, yaxınıq, qohumuq və birik. Digər tərəfdən, bu insanların hər biri artıq digərlərinə yol göstərən, ağıl verən yaşdadır. Belə olarsa, müasir gənclik kimlərdən nümunə götürə bilər?", - deyə professor əlavə edib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR