İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaxanıdakı "Cəhənnəm avtobusu"ndan dəhşətə salan GÖRÜNTÜLƏR - Qiymət qalxsa da... FOTO REPORTAJ

890 26.07.2024 10:53 Reportaj A A

Cem Karacanın oxuduğu kimi, “mindik bir əlamətə, gedirik qiyamətə”. Söhbət bu dəfə Bakıya ən yaxın kəndlərdən biri olan, hər küçəsi abadlaşdırılan, yaşıllaşdırılan, Mərkəzi Avropada olduğu kimi şampunla yuyulub tozsoranla təmizlənən Balaxanıdan gedir. Burada hər şey inkişaf edib dəyişsə də, illərdir avtobus problemi qalmaqdadır.

Sakinlər xüsusilə də Köhnə Balaxanı kəndindən keçib Yeni Balaxanıya (Fazenda deyilən ərazi) qədər gedən 105 nömrəli avtobusdan, onun sürücülərindən, sahibi olan şirkətdən narazıdırlar.

Şikayət ilk növbədə bu “əlamət”lərin nasaz olması ilə bağlıdır. Sakinlər deyirlər ki, yayda istidən bişib, qışda da soyuqdan donurlar. Təmiz daxil olduqları avtobusdan üst-başları toz içində, palçığa bulaşmış formada çıxırlar. Hələ axşam saat 9-dan sonra gözdən itmələri bir yana. Əgər saata baxmayıb 9-dan tez bu ərazidən şəhərə qayıtmamısansa, avtobus axtarma. “Manatlıq taksi” də tapmayacaqsan. Ya səhəri gözlə, ya da piyada get...

Bundan əlavə, tutumu kiçik olan avtobuslar qəsəbənin günbəgün artan sakinlərinin ictimai nəqliyyata olan tələbatını ödəmir. Ona görə də camaat evinə əksər hallarda ya taksi ilə, ya da şəxsi avtomobiliylə gedir.



Sakinlər deyirlər ki, indi taksilər də məlum yeni qaydalardan sonra daha əvvəlki kimi işləmirlər. Sayları azalıb, qiymətləri artıb. Ona görə də yükün hamısını bu avtobuslar çəkməli olurlar. Çəkə bilirlərmi? Sakinlərin sözlərinə görə, yaşını barmaqhesabı hesablayıb qurtarmaq mümkün olmayan avtobuslar bu işi görməkdə xeyli acizdir.

Deyilənləri əyani görmək, söylənənləri yaşamaq üçün biz də bu avtobusla müəyyən məsafəni qət etmək qərarına gəldik.

Doğrudan da bu, sakinlərin dediyi kimi “cəhənnəm avtobusu”dur. Oturacaqların üstündə kirdən yeni bir qat əmələ gəlib. Avtobus kiçik bir tramplindən keçəndə insanın bu həyatdan əli üzülür. Elə zənn edirsən ki, avtobus ikiyə bölündü. Yazıq dəmir parçasının imkanı olsa intihar edib, bu zülmü camaata yaşatmaz.

Son qiymət artımı 105-ə də şamil edilib. Əvvəl 40 qəpiyə sərnişin daşıyan avtobus indi adambaşına 50 qəpikdən işləyir. Sakinlər deyirlər ki, əgər normal nəqliyyat vasitəsi olarsa, bundan da artıq pul verərlər. Ancaq nə qocalar, nə də uşaqlar bu avtobusa minə bilirlər. Eyni zamanda sakinlər deyirlər ki, avtobusun trayektoriyası da əcaibdir. Balaxanıdan çıxmaq üçün avtobus 20 dəqiqə kəndin içərisində, təxminən eyni yolda fırlanır.

Bəs rəsmi qurumlar bu məsələ ilə bağlı nə deyirlər? 105-də dəyişiklik olacaqmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a bildirildi ki, “Azlənd Plaza” MMC-nin müvəqqəti istismarında olan və “8-ci km bazarı”nı Balaxanı qəsəbəsi ilə əlaqələndirən 105 nömrəli marşrutda 12 avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Daşıyıcıya avtobusların fəaliyyətinə nəzarətin gücləndirilməsi və sayını tələbata uyğun tənzimlənməsi barədə tapşırıq verilib:

“Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb.

Hazırda Bakıda 23 küçə və prospektdə uzunluğu 66,3 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu il daha 30-a yaxın küçə və prospekti əhatə edən 40 kilometrdən çox uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək.

Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR