İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səmavi dinlərdən siyasi məqsədlərlə istifadə yolverilməzdir”

255 26.07.2024 11:32 Media A A

Ekspert: “Azərbaycanda heç zaman dini zəmində qarşıdurma, qısnama, ayrı-seçkilik yaşanmayıb” 

Azərbaycanda dini tolerantlıq hər zaman başqa ölkələrə nümunə göstəriləcək səviyyədə olub. Hətta zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatların ölkəmizdəki dini tolerantlıqla bağlı mənfi rəyləri məhz bu amilə görə keçərli olmayıb. 

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələri bu cür əsassız mövqelər, hesabatlar olduqda öz etirazlarını bildirir, Azərbaycandakı dini etiqad azadlığı ilə əlaqədar yer almış yalan-yanlış mülahizələri ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndirirlər. “Müxtəlif konfessiyaların nümayəndələri olaraq heç bir zaman Azərbaycanda dini zəmində qarşıdurma, qısnama, ayrı-seçkilik yaşamamışıq”, - deyə öz açıqlamalarında mövcud vəziyyəti göstərməyə çalışıblar. 

Azərbaycanda müxtəlif konfessiyaların ölkəmizdə normal şəraitdə yaşaması, fəaliyyət göstərməsi üçün dövlətin xüsusi diqqətini hər zaman görmək mümkündür. Bu ilin yanvar ayında Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədilə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb.

Milli Məclisin 6-cı çağırış deputatı Ceyhun Məmmədov bizimlə söhbətdə deyib ki, Azərbaycan qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin yayıldığı, ayrı-ayrı dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkanlardan biri olub: “Bu gün də Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qarşılıqlı anlaşma mühitində yaşayır, dövlət onlara diqqət və qayğı göstərir. Azərbaycanda din sahəsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına hər zaman böyük diqqət və qayğı var. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilir. Məhz həmin siyasət nəticəsində Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu reallıq dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. 

Müasir dövrdə dünyada ciddi proseslər gedir. Bu gün hər bir müsəlman ölkəsinin qarşısında duran ən mühüm vəzifələrdən biri öz milli-mənəvi dəyərlərini qorumaqdır. Hər bir dövlətə bu siyasəti uğurla həyata keçirmək nəsib olmur. Təəssüf ki, müasir dövrdə yüksək əxlaqi dəyərləri təbliğ etmək, insanlar arasında birlik və həmrəyliyi təmin etmək məqsədilə bəşəriyyətə göndərilən səmavi dinlərdən bir sıra hallarda siyasi məqsədlərlə istifadəyə də cəhd edilir. Hazırda bir çox müsəlman ölkələrində din amilindən istifadə edilərək qarşıdurmanın yaradılmasına cəhdlər edirlər. Təəssüf ki, bir sıra hallarda müəyyən qruplar bu məqsədə nail ola bilirlər". 

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. 

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayevin sözlərinə görə, tolerantlıq hər zaman Azərbaycan xalqının milli kimliyinin tərkib hissəsi olub: “Biz bir tərəfdən etnomədəni kimliyimizlə çox bağlı xalqıq, digər tərəfdən isə azərbaycanlılar bütün bəşəriyyətlə öz mənəvi bağlarını eyni dərəcədə dərk edirlər. Bakıdakı katolik kilsəsinə xristian dininə mənsub olmayan azərbaycanlılar gəlir, lakin onların başqa bir inanca, onun müqəddəs hesab etdiyi nəsnələrə göstərdiyi ehtiram və hörmət Bir Olan Yaradana imana əsaslanan yüksək dini mədəniyyətin təzahürüdür. Bu, xalqımızın qiymətli xüsusiyyətidir. Azərbaycan bu gün din və dünyəvi dövlət arasında harmonik münasibətlər nümunəsi olmaqla yanaşı, müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin birgə dinc yaşayışı nümunəsini də dünyaya göstərir”.

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR