İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın 2025-ci il xofu - Tramp qayıtsa, 10 ay ərzində...

412 26.07.2024 11:12 Dünya A A

“Rəsmi Kiyev aylar sərf edərək, Donald Trampın hakimiyyətə qayıdışının mümkün risklərinin qiymətləndirməsini aparıb. Kiyev indi demək olar ki, bütün 2025-ci il üçün yaşayacağı çətinliklərdən qorxur”.

Bu barədə “Time” jurnalına onun mənbələrindən bildirilib. 

Xatırladaq ki, daha öncə Tramp bəyan etmişdi ki, o, Ukraynadakı müharibəni tez bitirə bilər. Ukrayna rəhbərliyi isə hesab edir ki, Trampın beynəlxalq məsələlərə yanaşması Ukrayna üçün fəlakət ola bilər.

Mənbə həmçinin deyib: “Mümkün qələbədən sonrakı ilk səkkiz və ya 10 ay, faktiki bütün 2025-ci il çox çətin olacaq”.

Mənbənin fikrincə, Tramp çox güman ki, Ukraynaya yardımı kəsəcək və Vladimir Zelenskini “xeyli dərəcədə Rusiyanın xeyrinə olacaq” sülh sazişini imzalamağa sövq edəcək. 

“Əvvəlki ABŞ prezidentləri kimi Tramp da prezidentlik müddətinin başlanğıcında Vladimir Putinlə münasibətləri "bərpa etməyə" cəhd edə bilər", - nəşr əlavə edib.

Kiyevin qorxusu əsaslımı? Trampın namizəd ikən vədləri gerçəkdənmi prezident olandan sonra dəyişikliyə uğramayacaq?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Ukraynanın xilas yolu Azərbaycan və Türkiyədən keçir”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov  Kamala Harrisin Trampı udmaq ehtimalının da ortada olduğunu qeyd etdi: “Tramp biznesmen olduğu üçün onun fikirləşmə alqoritmləri fərqlidir. Tramp üçün Amerikanın dünya qüdrətinin təmin edilməsi üçün ən önəmli olan iqtisadi gücdür. Bunun üçün isə ilk öncə amerikalıların yaxşı yaşamasını təmin etmək lazımdır. Amerika şirkətlərinin bir qismi ucuz işçi qüvvəsini təmin etmək üçün ölkə xaricində istehsal prosesini reallaşdırırlar. Eyni zamanda Amerika bazarının özündə xarici şirkətlərin fəaliyyəti yerli istehsalçıların maraqlarının təmin edilməsinə mənfi təsir göstərir. 

Amerika xaricdəki hərbi əməliyyatlarda maliyyə xərcləyir. Bütün hərbi və maliyyə qüdrətinə baxmayaraq sahədə total üstünlüyə heç bir yerdə nail ola bilməyib. İraqda Amerikanın 2003-cü ildən bitən müdaxiləsi sonda burada İranın varlığını qəbul etmək məcburiyyəti ilə üzləşdi. İlk öncə Malikinin hakimiyyətə gəlməsi, daha sonra isə İŞİD-lə mübarizədə yenə İran amilinin güclənməsi amerikalıların hərbi yollarla müvəffəq ola bilmədiklərini ortaya qoydu. Talibanla neçə il döyüşdükdən sonra Əfqanıstandan Amerika çəkildi. Faktiki olaraq Talibanın hakimiyyətini de-fakto qəbul etmək məcburiyyətində qaldı. Hər nə qədər bəzi analitiklər desə də ki, Amerika “özü bilir nə edir”, elə deyil. Ümumiyyətlə, Amerikanın öz qitəsindən kənarda hərbi əməliyyatların sonunda heç vaxt total üstünlüyü olmamışdı. İkinci dünya müharibəsi sonrası SSRİ-nin təsir dairəsinin faktiki tanınması, Koreya və Vyetnamda sosialist hakimiyyətinin bərqərar edilməsi, hətta Serbiyanın Kosova məsələsində bombalanması sonrası müəyyən müddət keçdikdən sonra Rusiyanın Balkanlarda yenə də tərəf ola bilməsi bir tarixi faktdır. 

 

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Amerika iqtisadi yollarla daha təsirli olur. Nə üçün? Çünki onsuz da dünya iqtisadiyyatının dörddə biridir. Dünya maliyyə sistemi dollar üzərində qurulmuşdu, beynəlxalq bank köçürmələri bu və ya digər şəkildə Amerikanın nəzarətindədir. Belə olan təqdirdə dünyanı maliyyə və məhsulla fəth etmək daha məqbuldur. Dünya sosial media şəbəkəsinə də Amerikanın təsiri yəqin ki, müzakirə edilə bilməz. Ukrayna məsələsində də ilk dövrlərdən qeyd etmişdim, sonda Amerika Rusiya ilə anlaşacaq. Bu olmasa dünya müharibəsi olacaq deməkdir. Hər halda, Tramp dünya müharibəsinin olmasını istəməz. Ona görə də müəyyən səbəblərlə Ukrayna müharibəsinin davam etməsi onun dəst-xətti deyildir. Tramp üçün Ukrayna öncəlik də deyildir. Ona görə Ukraynanın bölünməsi onu ciddi narahat etməyəcək. Tramp üçün öncə Amerikanın əlavə maddi yüklərdən azad olması lazımdır. Xarici siyasətdə Trampın prinsipial yanaşacağı, məsələn İsrailə dəstək ola bilər. Bu da ailəsi üzərində yəhudi diasporunun bu və ya digər şəkildə təsiridir. Ona görə də Ukrayna hakimiyyəti bunu bilməli idi. 

Bayden artıq dövləti idarə edəcək fiziki imkanlara sahib deyil. Kamala Harris Demokratları təmsil edəcək. Bəzi dairələr onun Trampı uda biləcəyini düşünür. Amerika müstəvisində hər şeyi təbii ki, ehtimal etmək olar. Çünki Amerikada iqtisadi nəhənglərin kimə dəstək verəcəyi önəmlidir. Bir də dünyada yeni təhdidlər yarana bilər. Ona görə də Amerika öz gücünü bir Ukrayna üçün tükəndirmək istəməz. Onsuz da Ukrayna iqtisadiyyatı müharibə bitdikdən sonra Amerikanın borcunu verəcək. Bu bəlkə də əsri aşacaq. Amerika görür ki, yüksələn Çin, Hindistan var. Yaxın Şərqdə Türkiyə və İran kimi oyunçular gedişata təsir edə bilir. Əsəd-Ərdoğan yaxınlaşması baş verərsə, Amerikanın bölgədəki müttəfiqi İsrail Türkiyə-İran-Suriya birləşmiş təhdidi ilə üzləşə bilər. Bu isə assimetrik müqavimət hərəkatlarını hərəkətə gətirər. Yaxın Şərq Amerika üçün Ukraynadan çox önəmlidir. Ukrayna hakimiyyəti öz tarixinə baxmalı idi. Balanslaşdırılmış siyasət aparmalı idi ki, dövlət olaraq varlığını qorusun. 

Gürcülər Saakaşviliyə Sxenvali əməliyyatını bağışlamadılar. Amerikanın yardımına inanan Saakaşvili Gürcüstanın işğal altındakı ərazilərini azad etmək üçün geosiyasi amilləri nəzərə almadan hücuma keçməklə faktiki olaraq bu bölgələrin işğalının “legitimləşməsinə” səbəb oldu. Eyni aqibət Zelenskini də gözləyir. Ona qədər heç bir Ukrayna prezidenti nə qədər qərbyönlü olsa da, Rusiya ilə müharibəyə səbəb olacaq addımlar atmadı. Ancaq Zelenski Rusiyanın gücünü qiymətləndirmədi və bu gün təəssüf ki, Ukraynada nə ərazi bütövlüyü var, nə də iqtisadiyyat. Milyonlarla insan isə ölkəsini tərk edib. 

Tramp təbii ki, indi vəd etdiklərində hansısa dəyişikliklər edəcək. Çünki seçkilər vəd dönəmləridir. Amma real hakimiyyət başqa şeydir. Lakin Tramp seçiləcəksə, bu onun ilk təcrübəsi olmayacaq. Odur ki ukraynalıların qayğılanmasına əsas var". 

Ekspert hesab edir ki, Ukraynanın xilas yolu Azərbaycan və Türkiyədən keçir: “Şərtlər daha da gərginləşmədən Ukrayna özünü xilas etməlidir. Bunun üçün Azərbaycan və Türkiyəyə müraciət edə bilər. Çünki Putinin siyasi olaraq şəxsinə hörmət etdiyi liderlər Azərbaycan və Türkiyə dövlət başçılarıdır. Digərlərinə Putin etibarlı tərəfdaş kimi baxmır”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva: “Trampın hakimiyyətə gəlməsi hətta Kiyev üçün daha fəlakətli ssenarinin başlanğıcı ola bilər”

Siyasi təhlilçi, sabiq deputat Sona Əliyeva Qərbin istədiyinə çatdığını vurğuladı: “Düşünürəm ki, hadisələrin indiki gedişatı ABŞ-da prezidentliyə namizədlər arasında Kamala Harrisin Trampdan daha populyar olduğunu göstərir. Amma hər an hər şey dəyişə bilər və Donald Trampın dörd illik fasilədən sonra yenidən hakimiyyətə gəlməsi mümkündür. Trampın hakimiyyətə gəlməsi Ukraynada müəyyən narahatlıqlar da formalaşdırmaqdadır. Kiyevdə düşünürlər ki, o halda onun ilk işi Rusiya ilə münasibətləri normallaşdırmaq olacaq. Bu da ABŞ-ın və Qərbin dəstəyinin Ukraynadan kəsilməsi anlamına gələcək. Hətta Tramp Kiyev administrasiyasını məcbur edə bilər ki, Zelenski indiki şərtlər daxilində Rusiya ilə danışıqlar masasına otursun. Bu isə Ukrayna üçün ən arzuolunmaz nəticədir. Hətta 2014-cü il vəziyyətindən üçqat, dördqat fəlakətli nəticə deməkdir. 

Sözsüz ki, Kiyev indiki vəziyyətlə barışmayacaq. Amma müharibənin Qərbin yardımı olmadan uzanması Ukraynanın daha çox ərazi itirməsi deməkdir. Görünən odur ki, Tramp administrasiyası hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə atəşkəs razılaşması əldə etməyə çalışacaq. Bu da Rusiya-Ukrayna savaşını dondurulmuş münaqişə fazasına keçirəcək. Belə olan halda növbəti müharibə üçün həm Kiyev, həm də Moskva “time-out” götürəcək. Trampın hakimiyyətə gəlməsi hətta Kiyev üçün daha bir fəlakətli ssenarinin başlanğıcı ola bilər. Bu da Ukrayna ərazilərinin iki yerə bölünməsi deməkdir. Qərb sahili Avropanın, Şərq sahili isə Rusiyanın nəzarətinə keçə bilər". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR