İnsanlara hürriyət, millətlərə istiqlal!

Samirə Bağırova: “Bürclərin nəticələri yanlışdır, heç bir sübut yoxdur”

3264 15.11.2023 12:02 Gündəm A A

Günümüzdə ən çox qarışdırılan mövzulardan biri Astronomiya və Astrologiyadır.

Bəs bunların fərqi nədir?

Ümumilikdə, hər ikisinin ortaq cəhəti göy cismləri ilə bağlı olmalarıdır. Sadəcə ortada bir fərq var – insan ünsürü.

Astronomiya (yunanca “astron” (“ἄστρον”) – “göy cismi”, “ulduz” və “nomos” (“νόμος”) – “qanun”) — Səma cisimlərini (qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir.

Astrologiya (yun. “ἄστρον” – “ulduz”, “bürc” və yun. “λογία” – “elm” sözündən) — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır.

Hazırda Astrologiya sözdə elm sayılır, çünki dünya alimlərinin əksəriyyəti Astrologiyanı elm kimi qəbul etmirlər. Əsaslı, faktlarla elm olduğu sübuta yetirilməyib. Ancaq elm olduğunu qəbul edənlər də var.

Bu mövzu ilə bağlı alman astronomu İohann Keplerin maraqlı fikri var: “Astrologiya ağıllı bir ana olan astronomiyanın axmaq qızıdır”.

Çoxumuza aydındır ki, bürclərə görə münasibət quranlar, həyatını müəyyənləşdirənlər kifayət qədərdir.

Maraqlıdır, elm kimi qəbul edilməyən bir inanc sisteminə ölkəmizdə və dünyada niyə bu qədər maraq var?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu məsələyə belə yanaşıb:

“Astrologiyanın bir elm kimi qəbul edilməməsinin səbəbi bu sahədəki biliklərin lazımi qədər inkişaf etməməsi, elm sahəsi kimi formalaşması üçün müddəaların, aksiomların konkret formalaşmaması ilə bağlıdır. Astrologiya ilə bağlı aparılan tədqiqatlar faktlara söykənə bilmir.

İnsan kainatın bir varlığıdır. İnsana əvvəl biososial (yəni həm bioloji, həm də sosial – red.) varlıq kimi baxılırdı. Amma elmin sonrakı inkişafı ilə əlaqədar insana kainatın bir varlığı kimi də yanaşmaq olar. Bu amili də nəzərə alsaq, fikrimcə, bürclər insanlara təsir edir. Müəyyən bürclərin xarakteri haqqında deyilənlərdə bəzi həqiqətlər olur. Yekun olaraq onu deyə bilərəm ki, Astrologiya lazımi təhlil mexanizminə malik deyil. Buna görə də Astrologiyanı digər elmlər kimi qəbul etməyənlər çoxdur”.

Psixoloq Samirə Bağırova isə bu fikirləri bölüşüb:

“Astrologiya - səma cisimlərinin insanın taleyini və şəxsi xüsusiyyətlərini təyin etməsi ideyası kimi - Qədim Yunanıstanda yaranıb. Ancaq uzun tarixə baxmayaraq, onun dəqiq işlədiyinə dair heç bir sübut yoxdur. Məsələn,1985-ci ildə fizik Sean Karlson 30 nüfuzlu astroloqla təcrübə keçirdi və 116 insanın doğuş xəritələri - şəxsiyyət xüsusiyyətlərini təsvir edən fərdi ulduz falı yaratmağı xahiş etdi. Məlum oldu ki, nəticələr yanlışdır. Üst-üstə düşən, doğru hesab edilən nəticələr isə təsadüf idi.

Bu gün artıq Astrologiyanı üstələyən rəqəmsal psixologiya dəbdədir. Alimlər də artıq rəqəmsal məkanda olduğumuzu qeyd edirlər. İnsanlar informasiyanı alqoritmlərlə qəbul edirlər. Biz sosial şəbəkədə, internetdə axtarış, yaxud da bəyənmə etdikdə alqoritmlər rəqəmsal davranışınımzı xatırlayır və fərdiləşdirir, bəyəndiyimiz musiqiləri, videopostları təqdim edir, zövqümüzə uyğun saytlar təklif edir.

Xiucai XXI-ci əsrdə rəqəmlər psixologiyası elmidir və xarici ölkələrdə geniş yayılıb.

Xaricdə seminarlarının birində iştirak etmişəm və düşünürəm ki, bu sahə Astrologiyadan daha məntiqlidir. Xiucai rəqəmsal psixologiyaya görə insanın doğum tarixi, rəqəmlərlə ruh kodunu deşifrə edir. Bu kod insanın taleyi və həyatı ilə bağlı bütün lazımi məlumatları verir.

Bunu bilməklə insan nəinki xarakterini, həm də məqsədini öyrənə, həmçinin potensialını reallaşdırmaq, çatışmazlıqlarını idarə etmək və hətta həyatını 180 dərəcə çevirmək üçün necə hərəkət etməsi barədə məlumatlı olur. Bu elm şüuraltına işləyərək, insanın özü ilə yenidən tanış olmasına və özünü tamamilə yeni, gözlənilməz tərəfdən tanımağa imkan verir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR