İnsanlara hürriyət, millətlərə istiqlal!

Şairin şəhid adına iddiası

2128 25.12.2019 10:00 Yazarlar A A

“Mən çörək yeyən deyiləm. Sünbüllər mənə lazım deyil. Buğda zəmiləri məni dindirmir, ürəyimi açmır. Bu da kədərlidir! Sənin qızılı saçların var. Sən məni əhliləşdirəndə necə gözəl olacaqdır”

(Ekzüperi, “Balaca şahzadə”)

Təhsilin pulsuz olması tələbələrimizi necə sevindiribsə, universitetin qabağından “Pulsuz təhsil” şüarı yazılan parça asıblar. İndi rəhbərlik tələbələrin özünü tapıb şüarın yerindən asmaq fikrindədir. Güman edirik, bənzər şüarlardan xəstəxanaların qabağından (“Pulsuz səhiyyə”), uşaq bağçalarından (“Pulsuz qarşok”), pensiya idarəsinin önündən (“Pulsuz qocalıq” – yox, bu deyəsən səhv oldu) asılacaqdır. Hətta yaxşı olar, ölkəmizin giriş qapılarından “Burada respublika yerləşir, özünün konstitusiyası da var” sözləri yazılsın.

Vətəndaşlar bununla ölkəmizdə təhsilin pulsuz olmasına şübhə etmir, lənət şeytana. Əksinə, bir daha təsdiqləyirik, dosta-düşmənə nümayiş etdiririk. Yoxsa bizdə axırıncı rüşvətxor Ağstafanın icra başçısı Nizaməddin müəllim və onun müavini Tatarov idi, basmışıq içəri, səsləri belə çıxmır. Dünən xəbər var idi ki, həmin bu yoldaşlar həbslərindən apelyasiya şikayəti də verməyibdir. Gör necə quzu balası kimi talelərindən razıdırlar. Müxalifətçilərə dərs olsun. Dövlətin verdiyi istənilən cəzanı bu cür, təntənə ilə, xoşluqla, sevinərək qarşılamalısan. Əlbəttə, bu əsas vermir ki, Eldar müəllim Metro Tağıdan aldığı 3 milyon dolları qaytarmamalıdır.

Arada başımız bələdiyyə seçkisinə, vacib dövlət tədbirinə qarışdı, AYB sədrinin birinci müavini Fikrət Qocanın təşkilatın 85 illiyinə həsr elədiyi poema diqqətdən kənarda qaldı. Halbuki, ciddi filoloji analizə ehtiyac duyulur. Gəlin poemanın bəzi misralarını təhlil edək. Fikrət müəllim yazır:

“Yazıçılar Birliyim,

Doğma odum-ocağım.

Əliylə döyüldüyüm,

Sürdülər, sürgündə oldum”.

Açığı, biz Fikrət müəllimin sürgündə olduğunu ilk dəfə eşidirik. Yəqin AXC-Müsavat dövründə onu Xaqani küçəsindən Nəsimi bazarına sürgün ediblər. Şair daha sonra inanılmaz gopa basır:

“Bir qığılcım - odunuq

Sənin sözün - adınıq.

Qəhrəmanıq, Şəhidik,

Döyüşçünük, Qazinik!”

Fikrət müəllimin özünü odun hesab eləməsinə etirazımız yoxdur, lakin burada şəhid və qazi adlarının qanunsuz mənimsənilməsi diqqətimizi çəkir. Sabah gedib bu şeiri təqdim eləyib ƏƏSMN-dən şəhid və qazi pensiyası tələb eləyər. Əlaqədar orqanlar buna son qoymalıdır. Sonrakı misralarda belə arayış almaq üçün obyektlərin axtarışında olduğu aydın görünür:

“Sözünük, Avazınıq.

Biz Çətinik, Asanıq,

Hərə bir cür - İnsanıq.

Neyləyəsən Bostanıq...”

ASAN-xidmətə gedib şəhid və qazi olduğunu təsdiqləyən sənəd almaq istəmiş, lakin qoltuğuna qarpız verilmişdir – bostan da bunu bildirir. Ancaq güman etmirəm Fikrət müəllim bir cəhdlə əl çəkəcəkdir. Əlaqədar orqanlar ehtiyatlı olmalıdır.

Qayıdaq icra başçılarının sadə həyat tərzi sürməyə başlaması temasına. Doğrudan, bu sahədə ciddi addımlar atılır. Hətta bir icra başçısı evinin olmadığını, kirayədə yaşadığını açıqlayıbdır. (Guya evsiz başçı yaxşı haldır. Özünə gün ağlaya bilməyən, millətin dərdinə nə əlac edəcək? Əsas birinci özünə gün ağlamaqdır. Təyyarədə də məsləhət verirlər ki, əgər yanında uşaq varsa, oksigen maskası taxmaq lazım gəlirsə birinci maskanı özünə tax, sonra uşağa. Çünki huşunu itirərsən, heç uşağı da qoruya bilməzsən). Zəhmətkeşlər isə başçının kirayədə yaşadığına şübhə edərək onun şalvarına taxdığı kəmərin fotosunu dərc edib, qiymətini yazıblar. Deyir icra başçısı 4 min dollarlıq kəmər taxır. Yaxşı, indi başçı neyləsin, kəmərsiz gəzsin, şalvarı düşsün, bütün dünyada biabır olaq? Bunu istəyirsiniz? Görməyəcəksiniz! Biabırçılığı nəzərdə tuturam.

İndi isə söz əlaqədar təşkilatlarındır – Fikrət Qocaya şeir yazmağı, nəhayət, qadağan edin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR