İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərə görə müəllimlərə CƏZA - NONSENS

300 04.06.2026 22:18 Ölkə A A

Məktəblərdə son dövrlər artan bullinq və zorakılıq halları yenidən təhsil mühitində təhlükəsizlik məsələsini gündəmə gətirib. Sosial şəbəkələrdə yayılan görüntülər və məktəblərdə baş verən insidentlərdən sonra direktorların, direktor müavinlərinin, sinif rəhbərlərinin və psixoloqların məsuliyyəti ilə bağlı müzakirələr intensivləşib. Cəmiyyətdə məktəb rəhbərliyinin hüquqi öhdəliklərinin artırılması və bu istiqamətdə qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı çağırışlar səslənir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, hər dəfə belə hadisələr gündəmə gələndə ilk növbədə məktəb rəhbərliyinin rolu sual doğurur. Deputatın sözlərinə görə, məktəblərdə sistemli şəkildə davam edən bullinq hallarını yalnız şagird davranışı ilə əlaqələndirmək düzgün yanaşma deyil və təhsil müəssisələrinin rəhbərliyi sağlam mənəvi-psixoloji mühit formalaşdırmağa borcludur.
Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, son illər məktəblərdə bullinq və zorakılıq hallarının artması artıq ciddi ictimai problemə çevrilib.

Bəs hüquqi baxımdan necədir, şagirdlər arasında zorakılıq olanda məsuliyyəti müəllim və direktor daşımalıdırmı?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Hüquqi meyardan yanaşsaq, həqiqətən də millət vəkilinin dedikləri ilə razılaşmaq olar. Burada söhbət ictimai-sosial vəziyyətdən, məktəbin təhsil proqramından və həmin təhsilin nəticəsində uşaqlarda formalaşan təfəkkürdən gedir. Müəyyən yaş dövrlərində uşaqlar daha həssas olurlar və onlara təsir göstərmək daha asan olur. Digər tərəfdən, bəzi uşaqlar xaraktercə daha güclü olduqları üçün özlərindən zəif olanlara qarşı bullinq və ya müxtəlif qısnama halları törədə bilirlər. Bu cür hadisələrə təəssüf ki, tez-tez rast gəlirik.

Hətta təkcə bununla da məhdudlaşmır. Təcrübəmizdə elə hallar olub ki, bu cür hadisələr uşaqlar arasında intiharla nəticələnib”.

Vəkil qeyd edib ki, bu halların qarşısını almaq üçün müəyyən proqramlar həyata keçirilməlidir: “Sosial proqramların səmərəli şəkildə icrası, uşaqlarda məsuliyyət hissinin, hüquqi düşüncənin və maariflənmənin artırılması vacibdir. Psixoloqlarla yanaşı, onlara dünyagörüşünün formalaşdırılması istiqamətində də iş aparılmalıdır.

Daxili İşlər Nazirliyinin yerli qurumlarında, yəni rayon polis şöbələri və bölmələrində yetkinlik yaşına çatmayan şəxslərlə işləyən əməkdaşlar fəaliyyət göstərirlər. Uşaq vaxtı buna "uşaq inspektoru" deyirdilər və düşünürəm ki, hər kəs bununla qarşılaşıb. Həmin şəxslərin mütəmadi olaraq məktəblərdə, siniflərdə profilaktik söhbətlər aparması faydalı olardı. Məsələn, bir çox uşaqlar bilmir ki, 14 yaşına çatdıqdan sonra müəyyən cinayətlər üzrə artıq cinayət məsuliyyətinin subyekti hesab olunurlar. Bəzi cinayətlər üzrə isə bu yaş həddi 16-dır.

Bununla yanaşı, əgər həmin yaş həddinə çatmamış şəxslər tərəfindən hər hansı intizam pozuntusu və ya inzibati xəta törədilərsə, buna görə məsuliyyəti valideyn daşıyır. Məktəbdə və ya tədris prosesində baş verən hallarda isə məktəbin və ya təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır.

Yəni, cinayət və ya inzibati məsuliyyət subyekti olmayan uşağın vurduğu zərərə görə maddi məsuliyyət valideynin üzərinə düşür. Digər hallarda isə məsuliyyət məktəbin və ya təhsil müəssisəsinin rəhbərliyinin üzərində olur”.

WhatsApp Image 2026-06-04 at 21.09.46 (1).jpeg (34 KB)

Bəxtiyar Hacıyevə qeyd edib ki, bununla bağlı cəmiyyətdə profilaktik söhbətlər valideynlərlə də aparılmalıdır: “Təkcə uşaqları maarifləndirmək kifayət deyil. Bəzi valideynlər iş yükü və sosial-iqtisadi vəziyyət səbəbindən övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Elə insanlar var ki, uzun müddət dənizdə və ya xarici ölkələrdə işləyirlər. Nəticədə uşaqlar valideyn qayğısından, nəvazişindən və tərbiyə xarakterli tövsiyələrdən lazımi səviyyədə faydalana bilmirlər. Uşaq təbii olaraq ətrafındakı insanların və dost çevrəsinin təsiri altına düşür. Bunun nəticəsində də xoşagəlməz hadisələrin baş vermə ehtimalı artır. Bilirsiniz ki, uşaqlar qruplaşdıqda bəzən müsbət nəticə verməyən davranışlara daha çox meyl göstərə bilirlər.

Ona görə bu istiqamətdə mütəmadi olaraq sosial proqramlar qəbul edilməli, həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində maarifləndirmə məqsədilə hüquqla bağlı dərslər tədris olunmalıdır. Məsələn, sadə vətəndaş davranış qaydaları, yol hərəkəti qaydaları, piyadaların hərəkəti, ictimai nəqliyyatda davranış, mobil telefondan istifadə mədəniyyəti, ictimai yerlərdə yüksək səslə danışmamaq kimi məsələlər uşaqlara öyrədilməlidir. Bununla yanaşı, onların ictimai təhlükəli hallardan qorunması üçün də xüsusi tədris proqramları hazırlanmalıdır.

Qanunvericilik orqanı məhz bu aspektdən yanaşmalı, bu sahədə zəruri qanunvericilik təşəbbüsləri irəli sürməli və həmin mövzular məktəb proqramlarına daxil edilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR