İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagird hansı şəraitdə xəsarət alıb? – Nazirlik yanında İctimai Şuranın sədri DETALLARI AÇIQLADI

878 27.11.2023 15:29 Gündəm A A

Ötən gün sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova apardığı ilkin kiçik araşdırma nəticəsini Sfera.az-la bölüşüb.

G.Səfərovanın sözlərinə görə, müəllim ciddi bir problem olmadığını düşünərək təcili tibbi yardıma müraciət etməyib:

1701077461_photo_151952.jpg (33 KB)

“Bu gün adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik. Hadisə baş verən sinifinin rəhbəri müəllimə Südabə Şükürova xanım hal-hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır:

"Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib"

Sədr bildirib ki, müəllimə qarşı inzibati tədbir görülüb və ona töhmət verilib:

“Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olmuşdur. Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib.

1701077474_fotojet-2023-11-26t213602.150.jpg (24 KB)

Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personala bildirməli idi.

Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət vermişdir.

İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.

G.Səfərova sonda media nümayəndələri və sosial şəbəkə istfadəçilərinə məsələyə həssas yanaşmaları üçün müraciət edib:

“Dəyərli media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri Sizin məsələyə həssas yanaşmanız təqdirəlayiqdir və əminəm ki, məlumatların verilməsində uşaq mənafeyini əsas tutacaqsınız. Nəzərə almalıyıq ki, bu məsələdə yanaşmamız problemin həlli olmalıdır və internet resurslarından istifadə edərkən uşaqlara gələcəkdə yarana biləcək travma və narahatlığa yol açan məqamlardan imtina etməliyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR