Fevralın 19-u Vaşinqtonda Sülh Şurası liderlərinin ilk sammiti keçiriləcək. Prezident İlham Əliyevin Vaşinqton sammitində iştirak edib-etməyəcəyi hələ ki, rəsmi açıqlanmayıb.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında Azərbaycan da təmsil olunur. Bu baxımdan Azərbaycanın ya Prezident, ya Prezidentin köməkçisi, yaxud da xarici işlər naziri səviyyəsində Vaşinqton sammitində iştirakı edəcəyi gözləniləndir.
Siyasi analitiklər hesab edir ki, Vaşinqtonda keçiriləcək Sülh Şurası liderlərinin ilk sammiti beynəlxalq siyasi gündəmdə diqqətçəkən hadisələrdən biri olacaq. Azərbaycan bu təşəbbüsün təsisçilərindən biri olduğundan Prezident İlham Əliyevin mümkün iştirakı bir neçə istiqamətdə əhəmiyyət daşıya bilər. Birincisi, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından müsbət təsiri olar. Əgər Prezident sammitdə iştirak edərsə, bu, Azərbaycanın özünü regional münaqişələrdən çıxmış və sülh təşəbbüslərində aktiv rol oynayan ölkə kimi təqdim etməsi baxımından növbəti dəfə simvolik əhəmiyyət daşıyacaq. 44 günlük müharibədən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıq formalaşdırdığını bəyan edib və rəsmi Bakı sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu vurğulayır. Vaşinqton kimi qlobal siyasi mərkəzdə keçirilən tədbirdə iştirak bu mesajın beynəlxalq auditoriyaya çatdırılması üçün yüksək platforma rolunu oynaya bilər.
Sammitdə Azərbaycanın iştirakı ABŞ ilə siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi məsələlərinin yenidən gündəmə gəlməsi, regional təhlükəsizlik və nəqliyyat layihələrinin müzakirəsi kimi istiqamətlərdə əlavə imkanlar yarada, ABŞ ilə münasibətlərə yeni impuls verə bilər.
Vaşinqton sammitində iştirak həm də region ölkələrinə və beynəlxalq aktorlara ünvanlanan siyasi mesaj kimi qiymətləndirilə bilər.
Etibar Seyidağa,
Musavat.com






