İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlar Türkiyə vaxtına qurulur: Suriyada qalib Putin deyil...

2756 21.10.2019 11:10 Yazarlar A A

ABŞ Suriyada gec də olsa, Türkiyə ilə bağlı səhvini düzəltdi. Hər halda, Ankarada iki NATO üzvü arasında imzalanan 13 bəndlik anlaşmadan bu qənaət hasil olur. 

Vaşinqton Ankaranın terror təhlükəsi, ərazi bütövlüyü ilə bağlı haqlı narahatlığını ciddiyə alıb Suriyada Türkiyənin önünə keçmədi, onun önünü açdı. Bununla da uduşda həm də elə özü oldu. Çünki Türkiyəni itirməyin bir addımlığından geri döndü, faktiki, onu təzədən qazandı. 

Aydın məsələdir ki, sanksiya hədələri, PKK-PYD-yə açıq qahmar çıxmaq, sanksiya hədələri qardaş ölkəni ABŞ-dan daha sürətlə uzaqlaşdıracaqdı, nəinki onu ABŞ- qarşı sözəbaxan  edəcəkdi. Proses dayandırıldı. Prosesi ABŞ dayandırdı. Özü də başlamışdı... 

Bəziləri deyir ki, ABŞ-Türkiyə anlaşmasından ən çox Rusiya qazanıb, nədən ki, Suriyada ABŞ faktoru, faktiki, oyundan çıxıb və Moskva az qala, bu ərəb ölkəsindəki vəziyyətlə bağlı şəriksiz arbitrə çevrilib; ona görə ki, bir yandan Suriyanın hazırkı rejimi ilə, ikinci yandan Türkiyə və İranla, üçüncü yandan isə kürd qruplaşmaları ilə yaxşı münasibətlər saxlayır. Amma  tələsməyək.

Əvvəla, Ankara anlaşması ABŞ-la Türkiyəni təzədən bir-birinə yaxınlaşdırıb, qardaş ölkənin NATO-dan çıxmaqla bağlı söz-söhbətini mənasız edib. Bunlar isə Moskvanın maraqlarına uyğun deyildi. 

İkinci yandan, Suriyada Rusiya ilə Türkiyə iki supergüc olaraq, faktiki, təkbətək qalıb. Yəni həlledici bir mərhələ yaxınlaşır. Putin çox istəyir ki, Bəşər Əsədi Ərdoğanla barışdırsın. Ərdoğan isə buna qarşıdır və ən azından, sərhədyanı 30 km-lik “tampon” zonası yaradılması üçün Putindən kömək gözləyir. O sırada kürd birləşmələrinə təsir edəcəyini umur. 

Bundan əlavə, Türkiyə Rusiyanın İŞİD kimi PKK-PYD-ni də terrorçu təşkilat kimi tanımasını istəyir. Əli güclənən Ərdoğan bunu Kremldən indi daha israrla tələb edəcək. Moskva üçün bunlar heç də asan mövzular deyil. Türkiyəyə qarşı addım atmamaq, onu incik salmaq isə Moskva üçün Suriyada qeyri-müəyyən bir zolağa girmək, hətta təklənmək demək olar. O səbəbə ki, Türkiyədən fərqli olaraq, Rusiya bölgəyə nabələddir, bura gəlmə, yad, naşı dövlətdir – həm də etnik, dini baxımdan. Bu xüsusda onu ikinci Əfqanıstan “bataqlığı”, “Pirr qələbəsi” də gözləyə bilər. Türkiyə isə minilliklərdir buradadır. Bu torpaqlar əsrlərlə Osmanlı imperatorluğunun tərkibində olub. 

Diqqət edin, ABŞ regiona son illər yüz milyardlarla dollar xərclədi, amma öz hədəfinə çata bilməyib. Çünki Türkiyə ilə anlaşmaq zorunda. Büdcəsi dəlmə-deşik, iqtisadiyyatı neft-qazdan asılı, sanksiyalar altında inləyən Rusiya da böyük paralar xərcləməyə başlayıb. Hələ çox xərcləməli olacaq. Pulu çatacaqmı? Suriyada uzun müddət böyük hərbi qüvvə saxlamağa maliyyəsi varmı? Əfqanıstan SSRİ-ni Rusiyaya çevirdi, Suriya tələsi onu daha da kiçildə bilər. Putin SSRİ liderlərindən, SSRİ KQB-sinin rəhbərlərindən ağıllı ola bilməz ki... 

Türkiyə mediası yazıb ki, sabah – oktyabrın 22-də Soçidə Putinlı keçiriləcək görüşdə Ərdoğanın hədəfi ilk növbədə Rusiyanı Kobani və Menbiç kimi bölgələrdən çıxmağa razı salmaq olacaq. Rusiya buna gedəcəkmi? Maraqlı olacaq. Moskva üçün situasiyanın xoşagəlməzliyi həm də ondadır ki, Türkiyə lideri Rusiyaya bir növ qalib kimi gedir. Qısası, Kreml ilə Ankara arasında 2016-ci ilin yayından başlayan “bal ayı”na davam, yoxsa tamam sualı gündəmə gələ bilər. 

Bir şey dəqiqdir ki, artıq hamı öz saatını Türkiyə vaxtına qurmağa çalışır. Putin Ərdoğanı Soçiyə dəvət edir, Avropa Birliyi üçlüyü – İngiltərə, Almaniya və Fransa rəhbərləri onu tezliklə Londonda, Tramp Ağ Evdə gözləyir. Təbii ki, məğlub liderə belə isti münasibət, hörmət-izzət olmur. Suriyada qalib Putin deyil - bəzi rus politoloqlar eyforiyaya düşsə də... 

Onu da unutmayaq ki, Putinin ərazi bütövlüyünü müdafiə elədiyi Suriyada Bəşər Əsəd şiə azlığı təmsil edir. Ölkədəki sünni çoxluq isə ənənəvi olaraq Türkiyəyə bağlıdır. Başqa sözlə, az-çox ədalətli və azad seçkilərdə İran və Rusiyaya deyil, məhz Türkiyəyə yaxın bir adamın Suriyada iqtidara gələcəyi şübhə doğurmur. Moskva və Tehranın zorla Əsədi iqtidarda saxlamağa çalışması isə Ankara ilə münasibətləri gərgin saxlayacaq. Qarşılıqlı inam-etimad yaranmayacaq.

Ancaq əgər Türkiyə 4 milyon suriyalı qaçqını yaradılan “tampon” zonada məskunlaşdıra bilsə - buna Qərb məmnuniyyətlə maliyyə dəstəyi verəcək, ona görə ki, miqrant axınından gözü qorxub – o zaman həm özü rahat nəfəs alacaq, həm də yeni Suriyanın təməlini qoymuş olacaq, Suriyada özünə qarşı daha etibarlı elektorat formalaşdıracaq. 

Gələcək, dinamik və stabil Suriyanın memarı Rusiya və ya İran olmayacaq. Ola bilməz. O, məhz Türkiyə olacaq... 

Zahid SƏFƏROĞLU
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR