İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya sanksiyalı məhsullar çatdıran Ermənistan niyə cəzalanmır - Qərbin bitməyən “ikili standartı”

539 22.07.2023 10:33 Gündəm A A

ABŞ və Almaniya ermənilərin alverinə göz yumursa...

Dünya mətbuatında Ermənistanın sanksiyalardan yayınmaqda Rusiyaya verdiyi dəstək müntəzəm olaraq işıqlandırılır. İndi də nüfuzlu “Financial Times” qəzeti bu barədə məlumat yayıb.

Qəzet yazır ki, Ermənistanda Rusiyaya avtomobil ixracı 2023-cü ilin yanvar ayında 225 dəfə artaraq 180 milyon dollara çatıb. Rusiyaya qarşı sanksiyalar fonunda avtomobil istehsal etməyən ölkədən avtomobil ixracı artıq təəccüblü gəlmir. Çünki bu, sanksiyalardan yayınmanın bir üsuludur. Bu, paralel idxal adlanır. Rusiyanın VTB bankının açıqlamasına görə, ölkədə satılan hər 10-cu yeni avtomobil paralel idxal çərçvəsində gətirilir.

Xatırladaq ki, 2022-ci ilin martında ABŞ tam olaraq, AB isə dördüncü sanksiya paketi çərçivəsində 50 min avrodan bahalı avtomobillərin Rusiyaya ixracını qadağan edib.

“Forbes.ru” saytının məlumatına görə, Ukraynada baş verən hadisələr fonunda Rusiyada “BMW”, “Audi” və digər markaların avtosalonları bağlanıb. Satıcı və alıcıların fikrincə, Ermənistan vasitəsilə Rusiyaya gedən avtomobillərin əksəriyyəti ABŞ-dan Gürcüstanın Poti limanı vasitəsilə gəlir. İstifadə edilmiş və əslində bir çoxu xarab vəziyyətdə olan avtomobillər ABŞ-da sığorta hərraclarından alınır. Daha sonra onlar Gürcüstanda və ya Ermənistanda təmir olunur. Təmirdən sonra avtomobillər Rusiya ilə rüsumsuz ticarət aparan Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçir. Gümrü vasitəsilə maşınlar yenidən Gürcüstanla sərhədi keçərək Rusiyaya göndərilir və orada öz dəyərindən qat-qat baha satılır: “Belə bir sxem satıcılara dəyəri 50 min avrodan çox olan avtomobillərin ixracına Avropa Birliyinin qadağasından yan keçməyə imkan verir”, - qəzet yazır.

“Financial Times”in yazdığına görə, 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində avtomobil idxal edib, bir il sonra isə bu məbləğ 29,5 milyon dollara yüksəlib. 2023-cü ilin aprelində Ermənistana 34 milyon dollar dəyərində ABŞ avtomobilləri gətirilib.

Qeyd edək ki, bugünlərdə Vyanada səfərdə olan Ermənistan XİN başçısı Ararat Mirzoyan riyakarcasına bildirmişdi ki, Ermənistan Rusiya üçün sanksiyalardan yayınacaq ölkə rolu oynamayacaq. Gerçəklik isə bunun əksini deyir.

Ermənistanın Rusiyaya Qərb sanksiyalarından yayınmaqda yaxından kömək etdiyini, bu ölkəyə öldürücü silahlar yaratmaq üçün zəruri komponentləri çatdırdığını isbat etmək elə də çətin deyil. Belə ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkənin Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollara yüksəlib. Bu zaman ixrac 2,8 dəfə artmaqla 2,5 milyard dollar təşkil edib. Və bunun nə az, nə çoxu - 2 milyard 411 milyon dolları Rusiyaya reallaşdırılıb.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan etiraf edir ki, bu ixracın əhəmiyyətli hissəsi reeksportdur. Lakin nazir iddia edir ki, hökumət bu prosesə nəzarət edir ki, sanksiya siyahısında olan məhsullar Rusiyaya çatdırılmasın. Faktlar isə göstərir ki, bu nəzarət yalnız sözdədir.

ABŞ başda olmaqla, Qərb Rusiyaya satışı qadağan olunan malların dünyadakı hərəkətini izləmək üçün nəzarət mexanizmlərini daha da sərtləşdirir. Aprel ayı ərzində ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri Avstriya, Almaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan və İsveçrəyə gedərək Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Avstriya, Almaniya, İtaliya və İsveçrədə əsas diqqət aldıqlarını Rusiyaya reeksport edə biləcək üçüncü ölkələrlə ticarətə nəzarətin artırılması, Qazaxıstan və Qırğızıstanla isə qadağan olunan malların Rusiyaya çatdırılması imkanlarının qarşısının alınması müzakirə olunub.

Bundan əvvəl fevral ayında ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Türkiyədə olaraq, eyni məsələni müzakirə ediblər. Nəticədə Türkiyə gömrük orqanları Rusiyaya tranzit olaraq keçirilən yüklərə, yerli şirkətlərin bu ölkəyə satışlarına nəzarəti sərtləşdirib.

Russia Pressures Armenia to Join a Revamped Union State

ABŞ-ın Almaniyada ticarət nəzarətinin gücləndirilməsi ilə bağlı müzakirə başlatması təsadüf sayılmır. Çünki ötən ilin ikinci yarısından etibarən bir sıra ölkələrin, o cümlədən Ermənistanın Almaniyadan müxtəlif ağır texnika, elektronika məhsulları idxalında kəskin artım qeydə alınıb. Ermənistana münasibətdə bu artım 5-6 dəfədən çoxdur.

“Bild” nəşri Almaniyanın sənaye məhsullarının MDB ölkələri vasitəsilə Rusiyaya çatdırılması yollarına dair araşdırma aparıb. Federal statistika orqanının məlumatına əsasən Ukraynadakı işğalçı müharibə ilə bağlı Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra Almaniyadan Ermənistan, Qazaxıstan və Gürcüstana ixrac 2 dəfə artıb. İxrac olunan məhsulların böyük əksəriyyəti daha sonra Rusiyaya çatdırılır.

“Bild”in əldə etdiyi məlumata görə, 2022-ci ildə Almaniyadan Ermənistana avtomobil və onun ehtiyat hissələri ixracı 761 faiz, kimya məhsulları ixracı 110 faiz, elektrik avadanlıqları 344 faiz, ağac məmulatları 301 faiz artıb. Nəşr bildirir ki, Almaniya dövlət qurumları bu cür artımı qəbuledilməz hesab edirlər.

“The New York Times” isə ABŞ Sənaye və təhlükəsizlik Bürosunun sənədinə istinadən yazıb ki, 2022-ci ildə Ermənistana bu ölkədən çip və prosessor ixracı 515 faiz, eyni məhsulların Avropa İttifaqından ixracı isə 212 faiz artıb: “Daha sonra bu məhsulların 97 faizini Ermənistan Rusiyaya ixrac edib”.

Xatırladaq ki, ötən il ABŞ Maliyyə Nazirliyi Ermənistana məxsus “Milandr” şirkətini Rusiyaya gizli yolla mikroçip tədarük etdiyinə görə qara siyahıya salıb. Bu ilin aprelində ABŞ Maliyyə Nazirliyi Ermənistan tərəfinə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mümkün pozulması ilə bağlı xəbərdarlıq edib. Bu barədə ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo ilə Ermənistanın baş nazir müavini Mger Qriqoryanın aprelin 12-də baş tutan görüşündə müzakirə aparılıb. Nazirliyin rəsmi açıqlamasına görə, görüşdə ABŞ-ın Rusiyanın sanksiyalardan yayınma imkanlarının qarşısının alınması üçün göstərdiyi səylər Ermənistan rəsmisinin diqqətinə çatdırılıb.

Görüş baş tutan gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiya siyahısında olan malları dolayı yolla çatdırdığına görə Ermənistanın Taco LLC adlı şirkəti də var. Şirkət Rusiyanın sanksiya altında olan “Radioavtomatika” ASC şirkətinə qadağan olunmuş elektron komponentləri tədarük edir. Daha sonra bu şirkəti Avropa İttifaqı da sanksiya siyahısına salıb.

2023-cü ilin 5 ayı üzrə Ermənistanın xarici ticarət statistikasına nəzər yetirsək, Rusiyaya qadağan olunan malların reeksportunun tam sürəti ilə davam etdiyini görərik. Beş ayda ermənilərin xarici ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 86,9 faiz artmaqla 7 milyard 337 milyon 848,6 min dollara çatıb. Bu ticarətdə Rusiyanın payı 2 milyard 519 milyon 224 min dollardır. Yəni ötən ilin eyni dövrünə nəzərən alverin həcmində 2 dəfə artım var. Sanksiya altında olan Belarusla  ticarət də eyni artımla 80 milyon 36 min dollara yüksəlib. 

Beş ayda Ermənistanın Avropa İttifaqı ilə ticarəti ötən illə müqayisədə 50,3 faiz artmaqla 1 milyard 175 milyon 683 min dollara çatıb. Bunun 294 milyon 998 min dolları Almaniya (artım 92,9 faiz),172 milyon 13 min dolları Niderland (artım 44, 8 faiz), 163 milyon 756 min dolları İtaliya (artım 46,1 faiz), 101 milyon 384 min dolları Polşa (artım 3,5 dəfə) və digərləri ilə reallaşıb.

Rusiyanın sanksiyalardan yayınmaq çabaları artır: “Kölgə donanma” nə qədər  işləyəcək?

Ermənilər bu ilin beş ayında ABŞ-la ticarəti 2,4 dəfə artırmaqla 307 milyon 949 min dollara, Yaponiya ilə 5,8 dəfə artırmaqla 182 milyon 425 min dollara, Birləşmiş Ərəb Əmirlikləri ilə 5,2 dəfə artırmaqla 465 milyon 106 min dollar, Cənubi Koreya ilə 2,8 dəfə artırmaqla 75 milyon 811 min dollar çatdırıblar.

Yanvar-mayda Ermənistanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 93,3 faiz artaraq 2 milyard 689 milyon 687 min  təşkil edib. Bunun 1 milyard 318 milyon 154 min  dolları Rusiyaya (artım 3,3 dəfə), 38 milyon 457,5 min dolları Belarusa (artım 3,3 dəfə) reallaşıb. Bu dövrdə Avropa İttifaqına ixrac 12,9 faiz azalmaqla 305,5 milyon dollar təşkil edib.

Beş aylıq ixracın 621 milyon 409 min dollarını (3,4 dəfə artım) “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar”, 473 milyon 134 min dollarını (12,3 dəfə artım) “maşın və mexanizmlər, avadanlıqlar”, 281 milyon 63 min dollarını (16,7 dəfə artım) "yerüstü, hava və su nəqliyyatı vasitələri" təşkil edib.

Ermənilərin beş ayda illik ifadədə 83,3 faiz artıb 4 milyard 648 milyon dollar təşkil edən idxalında Avropa İttifaqının payı 93,5 faiz artaraq 932 milyon 801 min dollar olub. Bu zaman Almaniyadan idxal 2,3 dəfə artmaqla 253 milon 708 min  dollara, İtaliyadan idxal 69,8 faiz artmaqla 128 milyon 135 min dollara, Niderlanddan idxal 84,4 faiz artmaqla 75 milyon 842 min dollara çatıb.

Yanvar-mayda ermənilər ABŞ-dan idxalı 3,8 dəfə artırıb 382 milyon 304 min dollara çatdırıblar. Rəsmi statistikadan o da aydın olur ki, Ermənistanın beş aylıq idxalında elə ixracda üstünlük təşkil edən  mal qrupları yüksək paya malik olub: “maşın və mexanizmlər, avadanlıqlar” 2,6 dəfə artmaqla (992 milyon 481 min dollar) "yerüstü, hava və su nəqliyyatı vasitələri" 5,2 dəfə artmaqla 878 milyon 912 min dollara, “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar” 4 dəfə artmaqla 564 milyon 42 min dollara çatıb.

Gürcüstan statistika orqanının məlumatına əsasən, yanvar-iyunda oradan ən çox mal idxal edən Ermənistan olub - 440 milyon dollar. Bu həcmin mühüm hissəsini avtomobillər təşkil edir.

Göründüyü kimi, Ermənistan Rusiyaya sanksiyalı məhsulların çatdırılmasını davam etdirir. Qərbin buna cavabını isə hələlik adekvat saymaq olmaz. İndiyədək cəmi 2 şirkət qara siyahıya salınıb. Özbəkistana, Qırğızıstana edilən təzyiqlər fonunda bu, çox təsirsiz addımdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR