İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya gələn əmək miqrantlarının sayı kəskin artdı - nonsens, yoxsa...

891 10.08.2022 08:40 Region A A

İkinci rübdə Azərbaycandan şimal qonşumuza işləmək üçün gedənlərin sayı 79 min nəfər olub

Ukraynaya hücumuna görə Qərbin sanksiyaları ilə üzləşən Rusiyaya əmək miqrantlarının axınına dair məlumat şok effekti yaradıb. FinExpertiza audit və konsaltinq şəbəkəsinin Rusiya rəsmi statistikasına əsasən verdiyi məlumata görə, 2022-ci ilin ikinci rübündə Rusiyaya son altı il üzrə rekord sayda əmək miqrantı daxil olub:

“Aprel-iyun ayları ərzində ölkəyə işləmək üçün 3,12 milyon xarici vətəndaş daxil olub. Ümumilikdə, göstərilən müddət ərzində Rusiyaya 4,16 milyon əcnəbi gəlib. Onların 3,12 milyon nəfəri işləmək üçün gəldiyini deyib”. Bildirilir ki, 2021-ci ilin eyni dövründə 2,34 milyon əmək miqrantı Rusiya sərhədini keçib.

2022-ci ilin birinci rübündə Rusiyadan əmək miqrantlarının öz ölkələrinə axını baş verib. Yanvar-martda Rusiyada miqrasiya uçotuna dayananların sayı 4 milyon nəfərə yaxın olub. Yanvar-fevralda gələn miqrantların sayı 2021-ci ilin ilk iki ayı ilə müqayisədə 2 dəfə artsa da, martda axın 40 faizədək azalıb. Üstəlik, ölkədən mirqantların kütləvi çıxışı qeydə alınıb.

Nəticədə rüb ərzində ölkədən gedən miqrantların sayı son səkkiz ildə ilk dəfə gələnlərdən 51 min nəfər çox olub. Təkcə Özbəkistana 133 min nəfər, Tacikistana 60 min nəfər əmək miqrantı qayıdıb.

Rusiyaya gələn əmək miqrantlarının sayı rekord həddə çatıb

Rəsmi statistikaya əsasən, birinci rübdə Rusiyaya 2,76 milyon əmək miqrantı gəlib. Bu isə o deməkdir ki, rüb ərzində ölkədən gedən miqrantların sayı 2,811 milyon nəfərə bərabər olub. İkinci rübdə Rusiya iqtisadiyyatında ciddi problemlərin üzə çıxmaması vətənlərinə qayıdan miqrantların da geri dönməsini şərtləndirib. Rüb ərzində ölkəyə gələn əmək miqranlarının 1,54 milyonu Özbəkistandan, 900 mini Tacikistandan, 200 mini Qırğızıstandan olub. Onların 1,24 milyon nəfəri Moskva əyalətində qalıb işləyirlər. Özbəkistandan gələnlər ötən ili eyni dövrünə nisbətən 36,9 faiz, və ya 416,2 min nəfər çox, Tacikistandan gələnlər 74,6 faiz və ya 406,9 min nəfər çox olub.

İkinci rübdə Rusiyaya gedən əmək miqrantlarının 108,2 min nəfər və ya 3,5 faizi Ermənistan, 79 min nəfər və ya 2,5 faizi Azərbaycan, 42,7 min nəfər və ya 1,4 faizi Belarus, 34,6 min nəfər və ya 1,1 faizi Qazaxıstan və digər ölkələrin vətəndaşları olub. Bu zaman Azərbaycandan gedənlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 min nəfər və ya 16,5 faiz, Qırğızıstandan gələnlər 4,1 min nəfər və ya 1,9 faiz artıb.

Görünməmiş sanksiyalara məruz qalan, yeddi ayda iqtisadiyyatı 5 faizə yaxın kiçilən Rusiyaya əmək miqrantlarının kütləvi axınını hansı amillər şərtləndirib?

 

FinExpertiza-nın prezidenti Yelena Trubnikova qeyd edib ki, əgər bu ilin 1-ci rübündə milli valyutanın kəskin ucuzlaşması fonunda əmək miqrantlarının xaricə axını qeydə alınıbsa, 2-ci rübdə, əksinə, bu, artıq kompensasiya edilib və xarici işçi qüvvəsinin kütləvi axını olub. Tulnikovanın sözlərinə görə, əmək miqrantlarının artımına gətirən amillərdən ən əsası rublun gözlənilməz şəkildə kəskin möhkəmlənməsidir ki, bunun nəticəsində Rusiyanın əmək bazarı cəlbedici olub.

Lakin aydın məsələdir ki, bu prosesdə yalnız rublun məzənnəsində süni şəkildə həyata keçirilən möhkəmlənmə rol oynamayıb. Burada bir neçə mühüm amilin təsiri var.

Əvvəla, sanksiyalar Rusiyada əmək miqrantların kütləvi çalışdığı sahələrə hələ ki, təsirini ya göstərməyib, ya da az göstərib. Bura tikinti, yol çəkilişi və təmiri, kommunal təsərrüfatlar, mehmanxanalar, ictimai iaşə sektoru, həmçinin kuryer xidmətləri daxildir. Rusiya hökuməti xüsusilə iqtisadiyyatın əsas drayverlərindən biri olan tikinti sahəsində aktivliyi saxlamaq üçün bura irihəcmli dövlət investisiyaları yönəldir, özəl sektor üçün ciddi güzəştlər tətbiq edir. Hazırda ölkədə dövlət investisiyası ilə yüzlərlə nəhəng tikinti layihələri icra olunur. Buna görə də hələlik tikinti sahəsində iş imkanları qalır.

Digər mühüm amil Rusiyada əmək haqqı səviyyəsinin miqrant axını ən çox olan postsovet ölkələrindən daha yüksək olmasıdır. Məsələn, Qırğızıstanın paytaxtı Bişkekdə əmək haqqı rubl ekvivalentində 10 min rubl təşkil etdiyi halda, Rusiyada adi idarəetmə şirkətində təmizlikçi ştatının baza maaşı 40 min rubldur.

İkinci rübdə əmək miqrantlarının axınını gücləndirən digər faktor pandemiya məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrlə müntəzəm uçuşların bərpasıdır.

Bundan əlavə, Rusiyada əmək miqrantları ölkə ərazisində əmək fəaliyyəti üçün patent almaq və hər ay ona pul ödəmək öhdəliyindən azad olunub. Onlar sadəcə, müvəqqəti yaşayış icazəsi almaqla əvvəlcə 1 illiyə, daha sonra isə daimi Rusiyada qala və vətəndaşlıq ala bilirlər. Vətəndaşlıq alan miqrantların iş tapmaq, ölkə daxilində yaşayış yerini seçmək və sair üstünlükləri yaranır.

Əmək miqrantlarının kütləvi axınına rəğmən, Rusiyada məşğulluq sahəsində gözləntilər heç də ürəkaçan deyil. Ölkənin  iqtisadi inkişaf naziri Maksim Reşetnikov ötən həftə ölkədə işsizlik səviyyəsi ilə bağlı kifayət qədər bədbin fikirlər səsləndirib. Onun sözlərinə görə, son iki ayda rekord aşağı səviyyədə olan işsizlik payız aylarında ciddə şəkildə arta bilər. Ölkə üzrə natamam iş saatları ilə işləyənlərin sayının artması bunu deməyə əsas verir. Qaydar İnstitutunun məlumatına əsasən, hələlik iş günü saatları azaldılan, məzuniyyətə göndərilən və boş dayanan işçi sayı mart ayındakı göstəricidən aşağıdır. Lakin bu, payızda gözlənilən artımı istisna etmir. Belə ki, Rusiyanı tərk edən şirkətlər və onlara xidmət göstərən müəssisələrin çoxu gözləmə mövqeyində qalaraq iş yerlərini ixtisar etməyiblər. Payıza doğru onların vəziyyətin düzələcəyinə dair ümidləri aradan qalxa və nəticədə yüz minlərlə insan eyni vaxtda işsiz qala bilər. Belə işçiləri işlə təmin etmək isə ən azı yaxın 4-5 ildə mümkün olmayacaq. Belə ki, xarici şirkətlərin hamısı yüksək texnologiyalara əsaslanan sahələrdə çalışırdılar. Buna görə də onların işçi heyəti yüksək ixtisaslı kadrlardan ibarət idi. Rusiyada belə yüksək ixtisaslı işçilərə tələbin qalması üçün xarici şirkətlərin əvəzini yerli şirkətlərin tutması lazımdır. Belə bir imkan isə hazırda mövcud deyil, heç yaxın gələcəkdə də buna nail olunması gözlənilmir. Çünki Rusiyada texnologiyaların inkişafı, elmi səviyyə bunun üçün lazım olan səviyyədən qat-qat aşağıdır.

Xüsusi ixtisaslaşma tələb etməyən sahələrə - məsələn, tikintiyə külli miqdarda dövlət investisiyalarının axıdılması da uzun müddət davam etməyəcək. Payızdan etibarən Avropa dəniz yolu ilə daşınan Rusiya neftinin alışını dayandıracaq. Üstəlik, Rusiyanın satdığı neftə qiymət tavanı tətbiq olunacaq. Bu isə ölkənin əsas gəlir mənbəyindən məhrum olması, dövlətin  maliyyə imkanlarının kəskin məhdudlaşması deməkdir. Artıq 2022-ci ilin sonuna Rusiya büdcəsində ÜDM-in 2 faizinə bərabər həcmdə kəsirin yaranması gözlənilir. Belə şəraitdə dövlət tikinti və digər sanksiyalardan zərərçəkən sahələrə nəhəng dəstək proqramlarını dayandırmalı olacaq. Bu isə ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, işsizliyin artmasını şərtləndirəcək.

Rusiyaya gedənlərin nəzərinə: Barmaq izi və tatu məcburiyyəti gəlir

Rusiyada proseslərin qeyd olunan istiqamətdə cərəyan etməsi Mərkəzi Asiya və Cənubi Qafqazın postsovet ölkələri üçün böyük problemlər yarada bilər. Çünki əmək miqrantlarına görə postsovet ölkələrinin Rusiyadan böyük asılılığı var və bu asılılıq getdikcə artır.

Dünya Bankı ekspertlərinin mart ayında açıqladıqları hesabata görə, Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı Rusiyanın əmək bazarından ciddi şəkildə asılıdır: “2021-ci ilin ilk üç rübündə Qırğızıstana daxil olan pul köçürmələrinin 83 faizini Rusiyadan köçürmələr təşkil edib. Həmin dövrdə Azərbaycan, Ermənistan, Tacikistan və Özbəkistana pulköçürmələrinin 50 faizdən çoxu Rusiyadan reallaşıb. Pul köçürmələri bu ölkələrin çox üçün maliyyə xilas kəməri xarakteri daşıyır”.

2020-ci ildə pulköçürmələri Tacikistan ÜDM-nin 26,7 faizinə, Qırğızıstan ÜDM-nin 31,3 faizinə, Özbəkistan ÜDM-nin isə 9,8 faizinə bərabər olub. Hesabat müəllifləri bildirirlər ki, Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması, rublun məzənnəsində volatilliyin artması, iş yerlərinin sayının azalması, əmək haqqının aşağı düşməsi Rusiyadan Mərkəzi Asiya ölkələrinə pulköçürmələrinin həcminin 25 faiz azalmasına gətirib çıxara bilər: “Məsələn, Qırğızıstan Respublikasına pulköçürmələrin həcmi 2022-ci ildə əvvəlcə proqnozlaşdırılan 3 faizlik artım əvəzinə 33 faiz azalacaq. Azərbaycan, Ermənistan, Tacikistan və Özbəkistan da köçürmələrin kəskin azalması ilə üzləşə bilər. Qazaxıstanda da köçürmələr 17 faiz azala bilər, lakin bu ölkənin iqtisadiyyatı bundan elə də asılı deyil”.

Dünya Bankı tədqiqatçılarına görə, Mərkəzi Asiya ölkələrinin əmək miqrasiyası sahəsində vəziyyəti yaxın gələcəkdə bu sahədə Rusiyadan asılılığı azaldıb-azalda bilməyəcəklərindən çox asılıdır. Son illərdə bu istiqamətdə ciddi tədbirlər görməyə başlayan Özbəkistanın yaxın bir neçə ildə Rusiyadan miqrant asılılığını xeyli azaldacağı gözlənilir. Lakin Tacikistan və Qırğızıstanla bağlı bunu demək mümkün deyil.

Aydın məsələdir ki, Rusiyadan miqrantların böyük köçünün baş verməsi Azərbaycanı da təsirləndirəcək. Bu haqda bir neçə dəfə ətraflı şərhləri ictimailəşdirmişik. Maraqlı haldır ki, Rusiya rəsmi statistikası Azərbaycandan bu ölkəyə ikinci rübdə 79 min nəfər əmək miqrantının getdiyini açıqlayır. Azərbaycanın statistikasında isə tam fərqli görüntü var. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin birinci rübündə Rusiyadan Azərbaycana gələnlərin sayı 67 458,8 nəfər təşkil edib. Bu ölkəyə gedənlərin sayı isə 55 819,5 nəfər olub. İkinci rüb ayrılıqda açıqlanmasa da, 6 aylıq göstəricilər əsasında ikinci rübdə Azərbaycandan Rusiyaya gedənlərin sayını müəyyənləşdirmək mümkündür. Belə ki, rəsmi statsitikaya əsasən ilk 6 ayda Rusiyadan ölkəmizə gələnlər 159 650 nəfər, gedənlər isə106 885,6 nəfər təşkil edib. Bu isə ikinci rüb ərzində Rusiyaya gedənlərin sayının cəmi 51 min 66 nəfər olduğu deməkdir. Belə görünür ki, Azərbaycan vətəndaşları Rusiyaya başqa ölkələr üzərindən də gediblər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR