ABŞ-ın "Dallas Analytics" kəşfiyyat-analitika şirkəti Rusiya hərbi sənayesinin ən çox təbliğ etdiyi ortamənzilli "Oreşnik" ballistik raketi ilə bağlı dünya mətbuatında böyük rezonans doğuran şok araşdırma dərc edib.
Musavat.com xəbər verir ki, Müdafiə sənayesi müəssisələrinin daxili gizli yazışmalarına istinadən hazırlanan hesabatda qeyd olunur ki, bu raketin əsas və ən zəif nöqtəsi onun tuşlama sistemidir. Ekspertlər "Oreşnik" layihəsini sovet dövründən qalan köhnə hərbi proqramların qalıqlarından tələsik yığılmış bir "frankenşteyn" adlandırırlar.
Araşdırmaya görə, raketin ən kritik düyünü hesab olunan "GU-503" giroskopik bloku tamamilə 1970-ci illərin əvvəllərinə aid sovet texnologiyalarına əsaslanır. Bu cihazların tənzimlənməsi üçün istifadə olunan avadanlıqlar mənəvi cəhətdən çoxdan köhnəlib, bir çox detalların istehsalı dayandırılıb və zavodlarda onların hazırlanma texnologiyası itirilib. Analitiklər vurğulayırlar ki, hipersəs sürəti ilə hərəkət edən raketdə mexaniki tuşlama sistemində yaranan cəmi 0,5 dərəcəlik kiçik bir səhv, onun hədəfdən onlarla kilometr kənara yayınmasına səbəb olur. Ekspertlər "Oreşnik"in son uğursuzluqlarını da məhz bununla izah edirlər; cari ilin may ayında endirilən zərbə zamanı raketin döyüş bloklarından biri Belaya Serkov şəhərində hərbi obyekt əvəzinə adi qarajlar kooperativinə düşmüş, digəri isə Donetsk vilayətinin işğal olunmuş hissəsi üzərində tamamilə yoxa çıxmışdı.
Vəziyyəti ağırlaşdıran digər mühüm amil isə Kremlin hərbi rəhbərliyə qoyduğu sərt zaman məhdudiyyətidir. Rusiya Prezidenti Vladimir Putinin raketlərin təcili döyüş növbətçiliyinə verilməsi barədə qəti göstərişindən sonra, istehsalçı zavodlar planı çatdırmaq üçün standart keyfiyyətə nəzarət protokollarından tamamilə imtina ediblər. Nəticədə, sınaqları tam başa çatmayan və daxilində ciddi texniki qüsurlar daşıyan bu "modernləşdirilmiş" sovet silahları hazırda hədəfi dəqiq vurmaq qabiliyyətindən uzaqdır və yalnız mülki infrastruktura xaotik zərbələr endirmək üçün təhlükə yaradır.
Musavat.com






