İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Qazaxıstandan taxıl tələbi - Kremlin tələsi...

2787 24.05.2022 09:30 İqtisadiyyat A A

Moskva qlobal ərzaq bazarına nəzarəti ələ keçirməyə çalışır

Ukraynanın dəniz limanlarını mühasirədə saxlayan Rusiya kasıb dünya ölkələrində aclığa səbəb olmaqla, onları özünə qarşı sanksiyalar tətbiq edən Qərbin üstünə yönəltməyə, bununla da sanksiyaların aradan qaldırılmasına nail olmağa çalışır. ABŞ və Avropa İttifaqı rəsmiləri dəfələrlə bu fikri vurğulayaraq, Moskvanın yüz milyonlarla insanı aclığa məhkum etməklə onları şantaj etdiyini bildiriblər. Bugünlərdə isə Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak da qeyd edib ki, Rusiya Ukraynanın kənd təsərrüfatı sektorunu və Qara Dəniz limanlarını hədəfə alaraq, dünyanı qlobal qida böhranı ilə “şantaj” etmək niyyətindədir: “Rusiya Ukrayna ilə yalnız ideoloji döyüş aparmır. Rusiya həmçinin Ukraynanın taxıl ixracı infrastukturunu məhv edir. Rusiyanın müharibədə ilkin məqsədlərindən biri bu infrastruktura zərbə vuraraq, Ukraynanın potensialını öldürməkdir".

Artıq Ukrayna kənd təsərrüfatı məhsullarının dünya bazarına yolunu bağlamağın Rusiyanın Ukraynaya hücum planının tərkib hissəsi olduğunu beynəlxalaq təşkilatlarda da qəbul edirlər. Belə məlum olur ki, Rusiya işğalçı müharibəyə görə dünya birliyinin sanksiyaları ilə üzləşəcəyini qabaqcadan nəzərə alaraq, onların aradan qaldırılması mexanizmi kimi, Ukrayna məhsullarından asılı olan kasıb ölkələrin narazılığını hesablayıbmış. Artıq Rusiyanın Ukraynaya hücumunun təsirləri hər iki ölkədən uzaqlarda olan ərazilərdə də hiss edilməkdədir. Ukraynanın kənd təsərrüfatı sənayesinin dağıdılması qlobal səviyyədə buğda, günəbaxan yağı və qarğıdalı kimi əsas məhsulların qıtlığına səbəb olub. Rusiya gəmiləri tərəfindən blokada və dəniz minalarına görə Ukrayna taxılı ölkə üzrə anbarlarda və Odessa kimi liman şəhərlərində ilişib qalıb. Ukrayna tərəfinin məlumatına əsasən hazırda ölkədə ixracı nəzərdə tutulan 20 milyon tona qədər dənli və paxlalı bitki məhsulları var. Bu məhsulların dünya bazarına çıxarılması qiymətlərin sabitləşməsinə səbəb ola, kasıb ölkələrdə aclığın güclənməsinin qarşısını ala bilər.

Müharibənin qiymətlərin artımına və inkişaf etməkdə olan ölkələrdə qida çatışmazlığına səbəb ola biləcəyindən BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Proqramı Ukrayna kənd təsərrüfatı məhsullarının bazara çıxarıla bilməsi üçün Moskvanı liman şəhərlərinin blokadadan çıxarılmasına çağırıb. Bu müraciətə cavab olaraq mayın 19-da Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, limanlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların qaldırılacağı halda açıla bilər.

Dmitri Peskov: Biz qoşunlarımızın xeyli hissəsini itirmişik - AZƏRTAC

Dmitri Peskov 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qlobal aclıq təhlükəsinin əsas səbəbinin Rusiyaya qarşı sanksiyalar olduğunu iddia edib. Onun sözlərinə görə, dünyada aclıq təhlükəsinə səbəb olan problemin mənbəyi Rusiya deyil, ona qarşı sanksiyalar tətbiq edənlər və bu tədbirlərin özləridir: “Rusiya tərəfi həmişə kifayət qədər etibarlı taxıl ixracatçısı olub. Ukrayna kifayət qədər etibarlı taxıl ixracatçısı olub. Rusiya tərəfi Ukraynanın dəmir yolu ilə taxıl ixracına qətiyyən mane olmur. Polşadan silahlı qatarlar gələndə həmin qatarlarda taxılı ora geri aparmağa heç kim mane olmur”.

BMT-nin qlobal ərzaq böhranının formalaşmağa başladığı ilə bağlı xəbərlərinə münasibət bildirən Peskov qeyd edib ki, Moskva BMT-nin bu mövqeyi ilə tamamilə razıdır və Rusiya prezidenti Vladimir Putin də bu yaxınlarda BMT-nin baş katibi Antonio Quterreşlə söhbəti zamanı belə bir potensial təhlükə ilə razılaşıb: “Qutterreş bu barədə Moskvada ikitərəfli təmasları zamanı danışıb. Bu, doğrudur. Taxıl məsələsinə gəlincə, prezident bildirib ki, tətbiq olunan sanksiyalar hazırda müşahidə edilən çöküşə gətirib çıxarıb”.

Hazırda Avropa İttifaqı və ABŞ Ukrayna məhsullarını qlobal bazara çatdırmaq üçün tədbirlər həyata keçirirlər. İki gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə danışan Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, ölkəsi Kiyevin öz məhsullarını ixrac etmək imkanı əldə etməsinə nail olacaq. Böyük Britaniya baş naziri katibliyinin yaydığı açıqlamada qeyd olunur ki, baş nazir Ukrayna əhalisinin zəruri ərzaq məhsulları və humanitar yardımla təmin olunması, həmçinin dövlətin öz məhsullarını xarici ölkələrə sata bilməsi üçün fəaliyyətləri gücləndirəcəyinə söz verib. B.Conson həmçinin qeyd edib ki, dünya birliyinin bütün üzvlərinin Ukraynaya azadlıq uğrunda mübarizəsində dəstək verməsi vacibdir.

IMF names Kristalina Georgieva as new head

Beynəlxalq Valyuta Fondunun icraçı-direktoru Kristalina Georgiyeva, onun birinci müavini Gita Gopinat və BVF-nin strateji, siyasət və analiz departamentinin direktoru Ceyla Bazarbaşıoğlunun birgə məqaləsində qeyd olunur ki, beynəlxalq ictimaiyyət inflyasiya ilə mübarizə üçün ticarət baryerlərini azaltmalıdılar.  Onlar dünyanı “qaydalara əsaslanan qlobal sistemə inamın” bərpasına çağırıblar: “Biz elə indi ərzaq və digər məhsulların qıtlığını aradan qaldırmaq, qiymətləri azaltmaq üçün ticarət baryerlərini aşağı salmağa başlaya bilərik. Tək ölkələrə deyil, şirkətlərə də idxalı diversifikasiya etmək lazımdır ki, çatdırılma zəncirində təhlükəsizlik təmin olunsun, biznes üçün qlobal inteqrasiyada böyük üstünlük saxlansın".

BVF-nin hesabatına görə, ticarət siyasətindəki qeyri-müəyyənlik nəticəsində 2019-cu ildə dünya ÜDM-də 1 faizə yaxın azalma baş verib. İndi isə Rusiyanın Ukraynaya hücumundan sonra 30-dək ölkə ərzaq məhsulları, enerjidaşıyıcıları  və digər əsas məhsullarla ticarəti məhdudlaşdırıb.

Qeyd edək ki, Rusiya özü taxıl məhsullarının ixracına kvota və əlavə  rüsum tətbiq etməklə kifayətlənməyərək, qlobal bazarın digər iri oyunçusu olan Qazaxıstanı da buna məcbur etməyə çalışır. “Kommersant” qəzetinin öz mənbələrinə istinadən yazdığına görə, mayın 20-də Avrasiya İqtisadi İttifaqının toplantısında Moskva üzv ölkələrdən digər ölkələrə taxıl ixracına kvota və əlavə rüsum tətbiq etmələrini təkidlə istəyib. Rusiya bu tələbini öz taxılının ittifaq dövlətləri ərazisindən reeksportunun qarşısını almaq istəyi ilə izah etsə də, onun məqsədi aydındır: Ukraynadan ixraca imkan verməmək, Qazaxıstanın məhsulunu bahalaşdırmaq və qlobal taxıl bazarında əsas oyunçuya çevrilmək. Bu, Rusiyanın əlində Qərbə qarşı çox ciddi bir təzyiq rıçağının yaranması demək olar.

Arpa sortu-Qarabağ 21, 22 və 23 – AgroExpert-Kənd Təsərrüfatı Portalı

Aİİ toplantısı zamanı Rusiya tərəfi Qazaxıstandan arpa və qarğıdalı ixracına kvota və ixrac rüsumunun olmadığını, bunun isə Rusiyadan alınan məhsulların reeksportunu əlverişli hala gətirdiyini iddia edib. Buna görə də Rusiya Qazaxıstandan yalnız ixrac rüsumu və kvota tələb etməklə kifayətlənmir, həmçinin öz daxilindəki qiymətləri Rusiya qiymətləri ilə sinxronlaşdırmasını istəyir.

Maraqlıdır ki, Rusiya hələ 2021-ci ilin avqustunda bu məsələni qaldırıb, lakin Qazaxıstanın etirazı nəticəsində qəbul olunmayıb. Belarus buğda ixracını tam qadağan edib, Ermənistan və Qırğızıstan əlavə rüsum və kvota barədə qərar üzərində işləyir. Lakin Qazaxıstan bu addımın ölkənin kənd təsərrüfatı istehsalçılarına zərər vuracağını, onların beynəlxalq öhdəliklərinin icrasına mane olacağını əsas gətirməklə təklifi qəbul etməyib.

Xatırladaq ki, mart ayında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev açıq şəkildə bəyan etmişdi ki, taxıl Rusiyanın əlindəki “yumşaq”, amma “öldürücü” silahdır. O, Rusiyanın buğdanı özü və dostları ilə birgə yeyəcəyini, kənara yalnız onun mövqeyini bölüşən ölkələrə satacağını qeyd etmişdi. Rusiyanın Ukraynaya hücumundan sonra atdığı addımlar göstərir ki, Medvedyevin obrazlı dildə ifadə etdikləri əslində bu ölkənin dövlət siyasətidir. Məqsəd isə qonşu dövlətin ərazisinin işğalına görə cəzalardan yayınmaqdır. Dünya birliyinin qlobal ərzaq böhranının qarşısını almaq üçün hərəkətə keçməsi Rusiyanın bu planlarına ciddi şəkildə mane ola bilər. Ona görə də rəsmi Moskva qlobal ərzaq bazarının iri oyunçularını öz nəzarətinə almağa, Qazaxıstanın timsalında onların bazara ucuz məhsul çıxarmasının qarşısını almağa çalışır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR