İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “liberal jurnalistləri” Qarabağ mövzusunda niyə fəallaşıb?

1133 25.11.2025 14:45 Gündəm A A

Qarabağ məsələsi bitib, amma Kreml “liberal jurnalistlər” vasitəsilə geri qayıdır...

Jurnalist Xaqani Səfəroğlu sosial şəbəkədə yazdığı statusla diqqət çəkib. O qeyd edib ki, Rusiyanın “liberal jurnalistləri” qəfildən ard-arda Qarabağ mövzusunda danışmağa başlayıblar:

“Dünən Rusiyanın məşhur “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov qəfildən Ermənistanda peyda olub. Müsahibə verərək deyib ki, “Rusiya Qarabağ məsələsinin həll olunduğunu düşünmür”.

Bu gün isə digər məşhur rus jurnalisti Oleq Kaşin provokativ status paylaşıb. Kaşin “Kommersant” qəzetində çalışıb, rus millətçisidir və hazırda Londonda yaşayır.

Əgər üçüncü “liberal” da peyda olsa, bunu təsadüf adlandırmaq olmaz”.

Xaqani-Seferoglu.jpg (27 KB)

Xaqani Səfəroğlu

Xatırladaq ki, Venediktov İrəvanda “CivilNet”ə müsahibəsində belə sərsəm fikir iddia edib:

“Qarabağ savaşı bitməyib, insanların beyinlərində yaşayır”.

Oleq Kaşinin təxribatçı statusu isə belədir:

“Qarabağa gedirsən və orada artıq ermənilər nərd oynamır”.

Məlum məsələdir ki, Qarabağ müharibəsi artıq qapanıb. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və bu, təkcə beynəlxalq hüququn tələblərinin icrası deyil, həm də 30 il ərzində pozulmuş tarixi ədalətin bərpasıdır. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa edilib və regiondakı proseslər Bakının iradəsi, dayanıqlı diplomatik xətti və yeni regional tərəfdaşlıqlar çərçivəsində formalaşır. Kənardan verilən nostalji bəyanatlar, köhnə imperiya düşüncəsinin xülyaları və revanşist çağırışlar artıq formalaşmış reallığı nə dəyişə, nə də geri çevirə bilər.

İLHAM ESGER.jpg (246 KB)

Regionun təhlükəsizlik arxitekturası bu gün yeni prinsiplər üzərində qurulur: suverenlik, bərabərhüquqlu qonşuluq münasibətləri, iqtisadi əməkdaşlıq və dayanıqlı sülh.

Azərbaycan qarşıdakı mərhələ üçün strateji kursunu müəyyən edib - sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, regional əməkdaşlığın dərinləşdirilməsi, Cənubi Qafqazın gələcəyinin müharibə ritorikasından tamamilə uzaqlaşdırılması.

Bəs indiki vəziyyətdə Rusiyanın “liberal jurnalistləri” niyə qəfildən ard-arda Qarabağ barədə danışmağa başlayıblar?

Jurnalist Xaqani Səfəroğlu məsələ ilə bağlı Musavat.com-a danışıb:

“Həm Venediktov, həm Oleq Kaşin kifayət qədər tanınmış jurnalistlər, imzalardır. Xüsusilə Aleksey Venediktov Rusiyanın məşhur “Exo Moskvı” radiosunun baş redaktoru olub. Bu radio Moskvada, Rusiyada uzun illər çox məşhur bir media qurumu idi və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Putin “Exo Moskvı” radiosunu bağlatdırdı, ləğv etdirdi. Radio ləğv olunsa da, əməkdaşları bu və digər şəkildə fəaliyyət göstərirlər.

Çox qəribədir ki, “Exo Moskvı” radiosu hər zaman hər tərəfin mövqelərini verirdi, müxalifətçilər, Rusiya müxalifət liderləri çıxış edirdilər. Radionun sponsoru “Qazprom” idi. Bu da təəccüb doğururdu.

Hətta Venediktov etiraf edirdi ki, onun Putinlə və Peskovla çox yaxşı əlaqələri var, birlikdə çay içib, yemək yeyib məsələri müzakirə edirlər.

Bu günlərdə qəfildən Venediktovun İrəvana gəlişini gördük. O, konkret olaraq hansısa tədbirə dəvət olunmuşdusa da, tədbirdən bir gün əvvəl Ermənistanda “CivilNet” kanalına çıxıb orada müsahibə verdi. Gördüm ki, Venediktov əcaib tezislərlə çıxış edir. O bildirir ki, “Qarabağ məsələsi hələ ki, Rusiya üçün bitməyib”.

Onun sözlərindən belə çıxır ki, Rusiyanın başı hələ ki, Ukrayna məsələsinə qarışıb və Ermənistanda da arxayın olmasınlar - məsələ hələ bitməyib.

Venediktovun arqumenti belədir ki, “əgər Qarabağ məsələsi bitibsə, Qarabağda yaşayan 125 min erməni necə oldu?”

Aydın görünür ki, bu, yeni tezislərdir və Venediktov kimi bir adamın birdən-birə Ermənistanda peyda olması və Qarabağla bağlı yeni sualların ortaya atılması çox müəmmalıdır.

Erməni cəmiyyətinin özündə də Venediktovun açıqlamaları birmənalı qarşılanmayıb. Bir qisim onun Ermənistana gəlişinə etiraz edib. Rusiya dövlət və rəsmi mənbələrinin edə bilmədiklərini ilk baxışda birtərəf, guya ədalət tərəfdarı Venediktov kimi tanınmış adamlar vasitəsi ilə səsləndirirlər. Hesab edirəm ki, bu, Paşinyana bir mesaj idi, xüsusilə seçki ərəfəsində Rusiya istənilən halda Ermənistanın ictimai-siyasi həyatına daxil ola bilər və ya ictimai rəy yarada bilər.

Bu baxımdan mən də Venediktova “Facebook” səhifəsində cavab yazdım ki: “Sizin kimi peşəkar jurnalistə ayıb olsun, bu necə olur ki, Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişini şübhə altına salırsınız? Ermənistana təxribat mesajı verməklə nəyə nail olmaq istəyirsiniz?”

Venediktov isə mənə çox kobud şəkildə cavab verdi. Onun cavabından belə çıxdı ki, “əcəb edirəm”. Ermənilər də bu müzakirəyə qoşuldu və məni dəstəkləyən ermənilər də oldu. Onlar etiraz edirdilər ki, “Venediktov, siz nə üçün İrəvana gəlmisiniz, nəyi yenidən qızışdırmaq istəyirsiniz?” Bu, Venediktov üçün də bir qədər gözlənilməz oldu.

Əlbəttə, “Biz hələ Qafqazdayıq, fikrimizi Qafqazda deməmişik” kimi hədə-qorxu tipli bəyanatlar birmənalı deyil.

Onun səhəri günü Oleq Kaşinin də “Qarabağa gedirsən, bir dənə də nərd oynayan erməni qalmayıb” statusunu gördüm. Kaşin də kifayət qədər tanınmış imzadır, Ukrayna müharibəsi ilə bağlı fikirlərinə görə Londona qaçıb. Amma o, millətçidir və hər zaman Rusiya maraqlarını müdafiə edib. Onun da birdən-birə Qarabağ haqqında danışması böyük şübhə doğurur.

Mən digər rusiyalı jurnalistləri də izləyirəm. Əgər başqa rusiyalı jurnalistlər də bu cür tezislərlə çıxış edərsə, onda anlaşılacaq ki, bu, heç də təsadüfi deyil”.

HESRET.jpg (90 KB)

Siyasi şərhçi Azər HəsrətMusavat.com-a açıqlamasında deyib ki, Rusiyanın dırnaqarası liberal jurnalistləri təsadüfən aktivləşməyiblər:

“Onların aktivləşməsi üçün düyməyə basılıb və fəal şəkildə ortalığa düşüb, artıq çoxdan bitmiş bir müharibə ilə bağlı sərsəm fikirləri tirajlamaqla məşğul olublar.

Əlbəttə ki, Qarabağ məsələsi kökündən həll edilib. İşğalçı Ermənistan dövlətinin özü belə bu məsələnin bitdiyini ən yüksək səviyyədə bəyan edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistan baş Naziri Nikol Paşinyan dəfələrlə müxtəlif platformalarda bəyan edib.

Üstəlik, artıq paraflanmış sülh müqaviləsinin mətnində də tərəflər - həm Azərbaycan, həm Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır.

Yəni belə bir şəraitdə Rusiyanın dırnaqarası liberal jurnalistlərinin mövzuya qayıtması təsadüf sayıla bilməz. Kremlin, görünür, yenə də ortalığı qarışdırmaq planı var. Azərbaycanla münasibətlərdəki nisbi yumşalma və ya sakitlik, görünür, Kremlə sərf etmir. Ona görə də ortalığı qarışdırmaq istəyir. Həmişə demişik: gələcəkləri varsa, görəcəkləri də var. Deyəcəkləri varsa, deyəcəyimiz də var.

Əgər hansısa “bitməmiş müharibə”dən danışırıqsa, bu, Rusiyanın işğal etdiyi Ukrayna torpaqları məsələsidir. Onun haqqında danışırıq, danışacağıq.

Ondan sonra Rusiyanın hələ də işğal altında saxladığı türk respublikaları haqqında danışırıq: Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Qaraçaylar, Balkarlar, Şorlar, yəni istədiyimiz qədər türk xalqları var ki, hələ də Rusiyanın işğalı altındadır.

Türklərlə bərabər digər müsəlman xalqlar da var: ən öndə Dağıstan, Çeçenistan, İnquşetiya, Adıgey, Şimali Osetiya, Kalmıkiya. Bəziləri müsəlman olmasalar da, onlar da işğal altındakı ərazilərdir. Yəni saydıqca bitməyəcək qədər işğal faktı var.

İndi bu dırnaqarası liberallar hansısa “bitməmiş müharibə”dən, “işğal faktı”ndan danışmaq istəyirlərsə, liberallıqlarını Rusiyanın işğal altında saxladığı torpaqlarla bağlı sərgiləsinlər. Azərbaycanla Ermənistan arasında hər hansı münaqişə yoxdur. Müharibə bitib, tərəflər qarşılıqlı şəkildə bir-birlərinə hörmətlə yanaşmağa başlayıblar”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR