Ukraynanın Rusiya ərazisinə zərbələr zamanı ilk dəfə “Ruta Block 1” qanadlı raketindən istifadə etdiyi ehtimal olunur. Məsələnin diqqətçəkən tərəfi raketin Rusiyanın ilk özəl kosmik şirkətinin yaradıcısı Mixail Kokoriçin təsis etdiyi Niderland şirkəti tərəfindən hazırlanmasıdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) maraqlı məlumat yayıb.
Rusiya mənbələrinin dərc etdiyi fotolarda “Ruta Block 1” raketinin məlum konstruksiyasına uyğun gələn gövdə parçaları, daxili komponentlər və quyruq hissəsinin elementləri görünür. TWZ-nin məlumatına görə, bu görüntülər həqiqidirsə, söhbət “Ruta”nın döyüş şəraitində istifadəsinin ilk açıq sübutundan gedir.
Fotoların həqiqiliyi hələ müstəqil şəkildə təsdiqlənməyib. Rusiya hərbi bloqerləri raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirirlər, lakin bu məlumatın da müstəqil təsdiqi yoxdur.
İnternetdə “Ruta Block 1” olduğu ehtimal edilən raketin hədəfə doğru uçuşunu göstərən video da yayılıb.
TWZ eyni zamanda ehtiyat payı saxlayır: aşkar edilən qalıqlar “Ruta Block 1” deyil, oxşar xüsusiyyətlərə malik, indiyədək ictimaiyyətə açıqlanmayan Ukrayna qanadlı raketinə də aid ola bilər.
“Ruta Block 1”i hazırlayan Destinus şirkətinin qurucusu Mixail Kokoriçdir. O, vaxtilə Rusiyanın ilk özəl kosmik şirkətinin yaradıcılarından biri kimi tanınıb. Daha sonra Rusiyanı tərk edən Kokoriç Avropada Destinus şirkətini qurub.
Beləliklə, görüntülərin “Ruta Block 1”ə aid olduğu təsdiqlənərsə, vaxtilə Rusiyada özəl kosmik sənayenin öncüllərindən olmuş Kokoriçin yaratdığı şirkətin hərbi texnologiyası ilk dəfə Rusiya ərazisinə zərbələrdə istifadə edilmiş olacaq.
Musavat.com






