Tehranda rəsmi səfərdə olan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın energetika naziri Abbas Əliabadi ilə görüş keçirib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında 12 ildir icrası yubanan üçüncü elektrik ötürücü xəttinin tikintisinin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyini önə çıxarıblar.
Görüşün ən sensasion məqamı isə tərəflərin İran - Ermənistan - Gürcüstan - Rusiya marşrutu üzrə irimiqyaslı elektrik enerjisi dəhlizlərinin yaradılması layihəsini geniş müzakirə etməsi olub. İranlı nazir Abbas Əliabadi rəsmi Tehran üçün ən strateji hədəflərdən birinin İranın elektrik şəbəkəsini şimal ölkələri ilə birləşdirmək olduğunu və Ermənistanın bu nəhəng marşrutda əsas tranzit halqa rolunu oynadığını bəyan edib. O, həmçinin bu layihəyə digər ölkələrin də cəlb olunduğunu bildirərək, dörd dövləti əhatə edən vahid enerji şəbəkəsinin tezliklə istismara verilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirdiklərini vurğulayıb.
İran habelə Ermənistanı regional qaz tranzit mərkəzinə çevirmək üçün yeni təşəbbüslə çıxış edib. Təşəbbüsə əsasən, Ermənistan təkcə İran qazının alıcısı deyil, həm də onun üçün regional tranzit və ixrac platformasına çevrilə bilər. Bu məqsədlə tərəflər birgə işçi qrupu yaradıblar. İlk mərhələdə Ermənistanın mövcud qaz infrastrukturunun auditi aparılacaq, qaz kəmərləri, ötürücü şəbəkələr və digər enerji obyektlərinin vəziyyəti qiymətləndiriləcək. Bundan sonra isə infrastrukturun genişləndirilməsi və İran qazının Ermənistan bazarından kənar ölkələrə nəqli imkanları araşdırılacaq.
Təşəbbüs İranın neft naziri Möhsün Paknejadın İrəvana səfəri zamanı irəli sürülüb. Layihə reallaşacağı təqdirdə Ermənistanın Cənubi Qafqazda enerji tranziti baxımından rolunun artacağı gözlənilir.
Bu layihələrin yaxın zamanlarda reallaşması və rentabelli olması mümkündürmü? Azərbaycanın narahatlığı üçün əsas varmı?
Mövzunu iqtisadçı Eldəniz Əmirov ilə müzakirə etdik. O, Musavat.com-a şərhində bildirib ki, bununla bağlı uzun müddətdir müzakirələr aparılsa da, real nəticə yoxdur:
“Bu layihələrin yaxın gələcəkdə reallaşacağını düşünmürəm. Bunun üçün böyük həcmdə maliyyəyə, infrastrukturun qurulmasına, texniki problemlərin həll olunmasına ehtiyac var. Ermənistanla, İranla bağlı vəziyyət və s. kimi məsələlər ciddi çətinliklər yaradır. Rentabellik o zaman çox olur ki, ötürüləcək yüklərin həcmi böyük olur. İrandan Ermənistan üzərindən ixrac olunacaq elektrik enerjisinin həcmi böyük olmalıdır ki, rentabelli olsun. Hazırkı vəziyyətdə İranın belə bir imkanı varmı? Azərbaycan üçün bu məsələdə hər hansı narahatlıq yoxdur. Ölkəmizin bəlli ixrac marşrutları var, etibarlı tərəfdaş imici qazanıb. Azərbaycanı əvəz etmək nə İran, nə də Ermənistan üçün real deyil. Enerji bazarı adətən uzunmüddətli perspektivə hesablanır. Azərbaycan tərəfdaş kimi etibarlı mövqeyini formalaşdırıb. Qərbin Ermənistanla bağlı riskləri yüksək qiymətləndirəcəyini düşünmürəm. Amma İranla bağlı risklər çox böyükdür. Hazırda açıq qalan suallar çoxdur. Hətta cavab müsbət olsa və bu layihələr gerçəkləşsə belə, Azərbaycan üçün heç bir narahatlıq yoxdur”.
Nigar Həsənli
Musavat.com






