İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ermənistana “sən yoxsan, daha böyük Azərbaycan var” MESAJI

658 05.06.2026 14:33 Analitika A A

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır.

Qaluzinin sözlərinə görə, Rusiya Azərbaycanla iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verməyə hazırdır. O qeyd edib ki, Moskva Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Rusiyanın Azərbaycanı Avropa İqtisadi İttifaqına görmək istəməsində və təklif xarakterli açıqlamanın verilməsində Ermənistan-Rusiya münasibətlərində yaşanan soyuqluq amili də rol oynayırmı? Rusiya Ermənistana bununla “Sən Aİİ-də olmasan Cənubi Qafqazın ən böyük ölkəsi olacaq” kimi mesaj verir?


Picture background

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Mixail Qaluzinin bu açıqlamasını yalnız iqtisadi inteqrasiya çağırışı kimi deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda verilmiş siyasi mesaj kimi qiymətləndirmək olar: 

“Qaluzinin açıqlamasında Ermənistan amilinin rol oynadığını söyləmək olar. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi və geosiyasi çəkisinin Moskva tərəfindən etirafıdır, digər tərəfdən isə Ermənistan rəhbərliyinə yönəlmiş diplomatik mesajdır. Kreml İrəvana göstərmək istəyir ki, Aİİ-də qalmaq Ermənistan üçün daha vacibdir, nəinki Aİİ üçün. Azərbaycanın adı isə bu mesajın daha təsirli görünməsi üçün istifadə olunan ən güclü regional arqumentlərdən biridir. Ermənistanın baş naziri Nikol Paşinyan son illərdə ölkənin xarici siyasətini daha çox Qərbə yaxınlaşdırmağa çalışır, Avropa ilə əməkdaşlığı genişləndirib və Rusiyanın rəhbərlik etdiyi inteqrasiya layihələrinə əvvəlki qədər bağlı olmadığını nümayiş etdirir. Bu isə Moskvanın İrəvana olan etimadını ciddi şəkildə zəiflədib”.


Picture background

Politoloq hesab edir ki, bu baxımdan Qaluzinin Azərbaycanla bağlı açıqlamasında üç əsas mesaj var:

“Birincisi, Rusiya Azərbaycanın strateji əhəmiyyətinin artdığını gizlətmir. Rusiya anlayır ki, iqtisadi, demoqrafik və geosiyasi baxımdan Azərbaycan artıq Cənubi Qafqazın ən güclü dövlətidir. Azərbaycanın əhalisi Ermənistan və Gürcüstanın birlikdə əhalisindən çoxdur, iqtisadiyyatı regionun ən böyüyüdür və enerji resurslarına malikdir. Moskva Aİİ kimi qurumun gələcək perspektivlərini artırmaq üçün Azərbaycan kimi böyük iqtisadi aktoru öz orbitində görmək istəyir. Azərbaycanın qoşulması Aİİ-nin regiondakı çəkisini əhəmiyyətli dərəcədə artırardı. İkinci mesaj isə Ermənistana dolayı xəbərdarlıqdır. Bu açıqlama İrəvana ünvanlanan siyasi siqnal kimi də qəbul edilə bilər. Moskva faktiki olaraq göstərmək istəyir ki, əgər Ermənistan Aİİ-dən uzaqlaşarsa, təşkilatın regiondakı gələcəyi təhlükə altına düşməyəcək. Əksinə, Rusiya Azərbaycanın iştirakını təmin edə bilsə, Aİİ Cənubi Qafqazda daha böyük iqtisadi potensial əldə etmiş olacaq. Başqa sözlə, Kreml müəyyən mənada belə bir mesaj verir ki, Aİİ Ermənistanın üzərində qurulmayıb. Ermənistan getsə belə, təşkilat regionda daha böyük iqtisadi tərəfdaş tapa bilər. Bu, Paşinyan hakimiyyətinə psixoloji və siyasi təzyiq elementi kimi də qiymətləndirilə bilər”.

A.Məsiyev eyni zamanda hesab edir ki, Rusiyanın Azərbaycana təklifi həm də Azərbaycanla Ermənistan arasında müharibənin başa çatması və sülh yaranması ilə əlaqəlidir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR