İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan taxıl ixracı kəskin azalıb

466 23.01.2024 16:37 Region A A

Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, yanvarın 1-dən yanvarın 21-dək ölkədən taxıl ixracı 2,6 milyon ton təşkil edib.

Musavat.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu, bir il əvvəllə müqayisədə 24,5 faiz azdır.

İttifaqın analitik departamentinin direktoru Yelena Türina agentliyə bildirib ki, qeyd olunan dövrdə buğda ixracı 29 faiz azalaraq 2,1 milyon tona, qarğıdalı 32 faiz azalaraq 265 min tona düşüb, arpa ixracı isə 2,3 dəfə artaraq 203 min tona çatıb: "İxracın belə azalması, ilk növbədə, Misirə ixracın azalması ilə əlaqələndirilə bilər. Misir alıcıların reytinqində birinci yerdədir, lakin ixrac 38,5 faiz azalaraq 448 min tona düşüb. Pakistana ixrac 40 faiz azalaraq 231 min ton olub. Reytinqdə üçüncü yeri Banqladeş tutur. Burada dinamika müsbətdir: ixrac 3,8 dəfə artaraq 213 min tona çatıb".

Yanvarın ilk 3 həftəsində Türkiyəyə 187,5 min ton buğda göndərilib ki, bu da ötən illə müqayisədə 57 faiz azdır. Əlcəzairə tədarük 18 faiz azalmaqla 135,5 min ton təşkil edib. Bundan əlavə, Səudiyyə Ərəbistanına satışın həcmi 54 faiz, Yəmənə 38 faiz, Meksikaya isə 10 faiz azalıb. Eyni zamanda keçən il ixrac olmayan İndoneziyaya 121 min ton, Venesuelaya isə 32 min ton taxıl satılıb. Keniyaya ixrac 20 faiz artaraq 105 min tona çatıb. Ümumilikdə, Rusiya buğdası bir il əvvəlki 35 ölkə ilə müqayisədə yanvarda 23 ölkəyə göndərilib.

Birliyin məlumatına görə, yanvarda qarğıdalının əsas alıcıları İran, İsrail, Türkiyə, Liviya, arpanın alıcıları isə Əlcəzair, İsrail, Liviya, Oman olub.

Türinanın sözlərinə görə, taxıl daşınma tempinə hava şəraiti ciddi təsir edib: "Qara dəniz regionu həm fırtınalar, həm də buzlanma ilə üzləşib. Nəticədə Novorossiysk vasitəsilə daşınmalar 18,5 faiz azalaraq 1 milyon 76 min tona, avtomobil yolu ilə daşınmalar 15 faiz azalaraq 554 min tona düşüb".

Digər limanlardan Rostov-na-Donu vasitəsilə ixrac 46,5 faiz azalaraq 219 min tona, Azov vasitəsilə ixrac 2 faizdən az azalaraq 281 min tona düşüb.

Yelena Türina bazardakı qiymət konyukturasından danışaraq bildirib ki, qiymətlər ucuzlaşmaqda davam edir. Belə ki, Fransa buğdası həftə ərzində 1,6 faiz ucuzlaşaraq bir ton üçün 239 dollara, Amerika buğdası 3,5 faiz ucuzlaşaraq 259 dollara düşüb. Rusiya buğdasının qiyməti də 1,6 faiz azalaraq bir ton üçün 239-240 dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR