İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan dünyaya taxıl şantajı: buğda əvəzinə sanksiyalar

2947 28.05.2022 08:55 İqtisadiyyat A A

Moskva ərzağı silah kimi istifadə edir; Türkiyə Ukrayna taxılının öz ərazisindən ixracına nail ola biləcəkmi...

BMT Təhlükəsizlik Şurasında Gro Intelligence analitik şirkətinin baş direktoru, ərzaq təhlükəsizliyi üzrə mütəxəssis Sara Menker dünyanı qorxuya salan məlumat açıqlayıb. O bildirib ki, dünyada 10 həftəlik buğda ehtiyatı qalıb: “Vəziyyət 2007 və 2008-ci illərdən də pisdir”.

Onun sözlərinə görə, birlikdə dünya buğdasının təxminən üçdə birini istehsal edən Rusiya və Ukrayna arasındakı müharibə vəziyyəti, sadəcə, bir az da pisləşdirib. Yəni müharibə hazırkı vəziyyətin əsas səbəbi deyil: “Covid-19 pandemiyasından çox əvvəl aşkarladığımız böhran təchizat zəncirlərimizin kövrəkliyini üzə çıxardı. Bunu ona görə deyirəm ki, hamınız başa düşəsiniz ki, münaqişə sabah başa çatsa belə, uzlaşdırılmış addımlar olmadan ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq”.

BMT rəsmisinə görə, bu il əsas bitkilərin qiymətlərinin artması səbəbilə dünyada daha 400 milyon insan “ərzaq riski” zonasına düşüb.

Qeyd edək ki, dünyanın mühüm bir ərazisində 6 həftədən sonra buğda yığımı mövsümü başlayacaq. Söhbət ən böyük buğda ixracatçısı olan Rusiyadan, bazarın orta oyunçularından sayılan Qazaxıstandan gedir. Bu ölkələrdə buğda yığımı iyunun sonlarında başlayır. İyulun sonlarında isə Ukrayna və Avropada yığım başlanır. Lakin Rusiyanın hücumu nəticəsində Ukraynadan ixracın həcmi kəskin aşağı olacaq. Belə ki, Rusiya məqsədyönlü şəkildə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracını əngəlləyir. Ukrayna limanlarını mühasirədə saxlayan Rusiya buğda idxalından kəskin asılı olan ölkələrdə qıtlıq və aclığın yaranmasına nail olmağa çalışır.

Vladimir Putin will leave Russia's presidency in 2023, predicts former  British intelligence chief | Marca

Prezident Vladimir Putin fəxrlə ölkəsinin dünyada ən böyük buğda ixracatçısı olduğunu vurğulayır. O, Rusiyanın buğda bazarında ən rəqabətədavamlı iştirakçı olduğunu iddia edib: “Bu yaxınlara qədər Rusiya buğda idxalçısı idi, amma indi biz dünyada bir nömrəli ixracatçıyıq”. Putinin sözlərinə görə, ABŞ və Böyük Britaniya Rusiyadan daha çox buğda istehsal edirlər, lakin onların daxili istehlakı böyük olduğuna görə ixracları azdır.

Putin Ukrayna limanlarının mühasirədə saxlanmasında məqsədin nə olduğunu da açıqlayıb. Bildirib ki, Rusiya mövcud ərzaq böhranının aradan qaldırılmasına bir halda töhfə verə bilər ki, Qərbin ona qarşı sanksiyaları aradan qaldırılsın. Bunu o, İtaliyanın baş naziri Mario Draqi ilə telefon söhbətində bəyan edib. Putin həmçinin bildirib ki, hazırkı ərzaq böhranının səbəbləri pandemiya dövründə daşıma zəncirində genişlənən pozuntular, Qərb dövlətlərinin düzgün olmayan maliyyə siyasəti, həmçinin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarıdır. Onun sözlərinə görə, əgər Qərb Rusiyaya qarşı tətbiq etdiyi “siyasi motivli məhdudiyyətləri” aradan qaldırarsa, ölkə “taxıl və gübrə ixracı yolu ilə ərzaq böhranının yumşalmasına özünün böyük töhfəsini” verə bilər.

Putinin təklifinə ABŞ-ın cavabı birmənalı olub: Ukraynadan taxılın ixracını təmin etmək üçün Rusiyaya qarşı sanksiya rejimində hər hansı yumşalma imkanı nəzərdən keçirilmir. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib ki, belə bir variant ehtimal olunmur: “Ukraynadan taxılın ixracı məqsədyönlü şəkildə bloklanıb. Bu, Rusiyanın əl işidir. ABŞ və müttəfiqlərinin sanksiyaları nə Ukraynadan, nə də Rusiyadan ərzaq və gübrə ixracını məhdudlaşdırmır, bu sahələri əhatə etmir. Sanksiyalar həmçinin ərzaq məhsulları və gübrələrin ixracı prosesinə aid olan tranzaksiyaları da məhdudlaşdırmır. Rusiyanın bizə çatdırdığı təklif və şərtlər burada məqsədyönlü addımların olduğunu açıq sübut edir. Rusiya əsas ərzaq məhsullarının çatışmazlığını yaratmaqla dünyaya təzyiq etmək istəyir”.

Rusiya özü taxıl məhsullarının ixracına kvota və əlavə  rüsum tətbiq etməklə kifayətlənməyərək, qlobal bazarın digər orta oyunçusu olan Qazaxıstanı da buna məcbur etməyə çalışır. “Kommersant” qəzetinin öz mənbələrinə istinadən yazdığına görə, mayın 20-də Avrasiya İqtisadi İttifaqının toplantısında Moskva üzv ölkələrdən digər ölkələrə taxıl ixracına kvota və əlavə rüsum tətbiq etmələrini təkidlə istəyib. Rusiya bu tələbini öz taxılının ittifaq dövlətləri ərazisindən reeksportunun qarşısını almaq istəyi ilə izah etsə də, onun məqsədi aydındır: Ukraynadan ixraca imkan verməmək, Qazaxıstanın məhsulunu bahalaşdırmaq və qlobal taxıl bazarında əsas oyunçuya çevrilmək. Bu, Rusiyanın əlində Qərbə qarşı çox ciddi bir təzyiq rıçağının yaranması demək olar.

Aİİ toplantısı zamanı Rusiya tərəfi Qazaxıstandan arpa və qarğıdalı ixracına kvota və ixrac rüsumunun olmadığını, bunun isə Rusiyadan alınan məhsulların reeksportunu əlverişli hala gətirdiyini iddia edib. Buna görə də Rusiya Qazaxıstandan yalnız ixrac rüsumu və kvota tələb etməklə kifayətlənmir, həmçinin öz daxilindəki qiymətləri Rusiya qiymətləri ilə sinxronlaşdırmasını istəyir.

Qazaxıstan isə bu təkliflə razılaşmayıb. Ölkə prezidenti Kasımjomart Tokayev bildirib ki, Rusiyanın təklifini qəbul edərlərsə, Qazaxıstan istehsalçıları üçün ixrac səmərəsiz olacaq, bu isə növbəti illərdə taxıl istehsalının azalmasını şərtləndirəcək. Eyni zamanda əlavə rüsum Qazaxıstan istehsalçılarının xarici tərəfdaşlar qarşısında öhdəliklərini icra etməkdə çətinliklə üzləşməsinə gətirə bilər.

Rusiya Azərbaycana taxıl daşınması tariflərini - 50% Azaldacaq - FED.az

Qeyd edək ki, Rusiyanın öz işğalçılıq siyasətinin görməzdən gəlinməsinə nail olmaq üçün dünyanı aclığa məhkum etməyə hazır olduğunu artıq Qərb dövlətləri, beynəlxalq təşkilatlar açıq bəyan edirlər. Avropa İttifaqı komissiyasının rəhbəri Ursula fon der Lyayen Davos İqtisadi Forumunda çıxışında açıq bəyan edib ki, Moskva ərzağı silah kimi istifadə edir: “Rusiya aclıq və taxılı təzyiq vasitəsi kimi istifadə edir”.

Avropa Komissarının sözlərinə görə, Avropa öz istehsalını artırmaq, Afrika ölkələrinə ərzaq yardımı etməklə taxılın dünya bazarına çatmasına nail olur.

Almaniyanın xarici işlər naziri Annalena Berbok mayın 26-da Ukraynalı həmkarı Dmitriy Kuleba ilə telefon danışığında qlobal ərzaq böhranını önləmək üçün Ukrayna taxılının mümkün qədər çox həcmlərinin dünya bazarına çıxarılması yollarını müzakirə edib.

Bundan əlavə, Reuters-in yazdığına görə, Türkiyə də Moskva və Kiyevlə Ukraynadan taxıl məhsullarının ixracını təmin etmək üçün öz ərazisindən dəhliz yaradılması məsələsini müzakirə edir. Yüksək vəzifəli Türkiyə məmurunun agentliyə dediyinə görə, ölkəsi hazırda hər iki tərəflə aktiv danışıqlar aparır.

İki gün əvvəl isə Çinin xarici işlər naziri Van İ Almaniyanın xarici işlər naziri Annalena Berbokla videoformatda danışıqlar zamanı Ukrayna və Rusiyadan taxıl ixracının təmin olunmasının vacib olduğunu bildirib: “Dünyada ərzaqla bağlı yaranmış mürəkkəb şəraiti nəzərə alaraq Ukrayna və Rusiyadan taxıl ixracı üçün ”yaşıl dəhliz" yaratmaq lazımdır". O, ölkəsinin bu məsələdə kömək etməyə və maraqlı tərəflərlə əlaqə yaratmağa hazır olduğunu deyib.

Ukraynadan taxıl məhsullarının ixracı məsələsi Fransa prezidenti Emmanuel Makronla Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında baş tutan telefon danışığında da müzakirə olunub. Fransa prezidenti katibliyinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Ukrayna məhsullarının dünya bazarına çıxışının zəruriliyi vurğulanıb: “Onlar Birləşmiş Millət Təşkilatı ilə birlikdə müəyyənləşdirilmiş Ukrayna məhsullarının mümkün ixracı yollarını müzakirə edərək, operativ həlləri tapmaq üçün rabitədə olmaq barədə razılığa gəliblər”.

Makronun ofisi yaxın günlərdə onun bu mövzu üzrə beynəlxalq təmasları davam etdirəcəyini elan edib.

Rusiyanın taxıl ixracına qoyduğu qadağa Azərbaycana necə təsir göstərəcək?

Avropa İttifaqı Ukrayna taxılının dəmiryolu ilə ixracını mümkün qədər artırmaq üçün tədbirlər hazırlayıb. Bu plan çərçivəsində Almaniyanın “Deutsche Bahn” dəmir yolu konserninin törəmə şirkəti olan “DB Cargo” şirkəti hökumətlə koordinasiyada Ukraynaya taxıl ixracında daha çox dəstək verməyi planlaşdırır. “DB Cargo”nun rəhbəri Ziqrid Nikutta Almaniyanın “RedaktionsNetzwerk Deutschland (RND) media qrupuna müsahibəsində bildirib ki, dünyanın bəzi yerlərində aclıq təhlükəsini və milyonlarla ton Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına böyük ehtiyac duyulduğunu nəzərə alaraq, ”DB Cargo" federal hökumətlə razılaşdıraraq gələcək sifarişləri və dəmir yolu ilə daşımaları təşkil edəcək.

Onun sözlərinə görə, hazırda söhbət kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsindən gedir: “Məqsəd Şimal, Qara və Aralıq dənizlərindəki dəniz limanları ilə dayanıqlı əlaqəni təşkil etməkdir”.

Xatırladaq ki, Rusiya prezidenti, həmçinin ölkənin Kənd Təsərrüfatı Nazirliyi 2022-2023-cü il mövsümündə rekord taxıl məhsulu əldə olunacağını açıqlayıb. Prezident Putin taxıl istehsalının 130 milyon tona çatacağını, bu zaman istehsal ediləcək 87 milyon ton buğdanın 40 milyon tondan yuxarısının ixracının mümkün olacağını deyib. 2021-2022-ci il mövsümündə Rusiya 45-48 milyon ton taxıl, o cümlədən 37 milyon tona yaxın buğda ixrac edib.

Lakin beynəlxalq ekspertlər Rusiyanın taxıl və buğda istehsalına dair proqnozlarını məqsədyönlü şəkildə şişirdilmiş hesab edirlər. Ehtimal olunur ki, Rusiya taxıl ixracı imkanları olduğundan daha yüksək təqdim etməklə qlobal ərzaq bazarına təsir imkanlarını şişirtməyə, bunun vasitəsilə də üzərindəki sanksiyaların yumşaldılmasına nail olmağa çalışır. Eyni zamanda bəzi ekspertlərə görə, növbəti mövsümdə Rusiyanın taxılçılıqda yüksək məhsuldarlıq əldə etməsi mümkün olmayacaq. Belə ki, Rusiyada taxıl istehsalı toxumla bağlı böyük ölçüdə Qərbdən asılıdır. Bu mövsüm üçün ölkədə yetərli toxum ehtiyatı olub, lakin növbəti mövsüm üçün bu, mümkün olmayacaq: sanksiyalar üzündən. Artıq Rusiya Kənd Təsərrüfatı Nazirliyi yerli institutların məhsuldar toxum əldə etmək üçün fəaliyyətləri sürətləndirdiyini, 2 ilə bu sahədə xaricdən asılılığın tam aradan qaldırılacağını bəyan edib. Lakin Rusiyada müvafiq elmi tədqiqatların aparılması üçün müasir texnologiyaların olmaması nazirliyin bu nikbinliyinin əsassız olduğunu deməyə əsas verir.

Qlobal ərzaq bazarındakı dəyişikliklər hər bir ölkə üçün çağırışlar formalaşdırır. Azərbaycan da buğda idxalından böyük ölçüdə asılı olan ölkə kimi iri ixracatçılar olan Rusiya və Qazaxıstandan zəruri həcmdə buğda alınmasını təmin etmək üçün indidən hərəkətə keçməlidir...

Dünya SAKİT,

“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR