Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Ermənistanla münasibətlərə dair açıqlama verib.
Onun sözlərinə görə, Rusiya “qardaş saydığı xalqa yardım məsələsində heç vaxt gecikməyib” və bunun son nümunələri kifayət qədər aydındır.
Zaxarova xatırladıb ki, 2024-cü ilin iyun ayında baş verən güclü sel fəlakətindən sonra Rusiyadan gələn mütəxəssislər Ermənistanın şimalında dağılan dəmir yolu xəttini cəmi bir neçə həftəyə bərpa ediblər. Bundan əlavə, bu ilin noyabrında Rusiya Azərbaycandan və Gürcüstandan keçən yeni dəmir yolu marşrutu ilə Ermənistana buğda tədarükünü qısa zamanda təşkil edib. İlk partiya noyabrın 6-na keçən gecə ölkəyə daxil olub.
Rusiya XİN sözçüsünün vurğuladığına görə, buğda tədarükü 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmaları, eləcə də regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun səyləri hesabına mümkün olub.
Zaxarova əlavə edib ki, Moskva Cənubi Qafqaz respublikaları arasında münasibətlərin normallaşması prosesində hər zaman həmin ölkələrin suveren milli maraqlarını əsas götürür:
“Qərbin vasitəçilik təşəbbüslərinin isə zaman sınağından keçib-keçməyəcəyi hələ məlum deyil”, – deyə o qeyd edib.
Musavat.com






