Fransa parlamenti 21 iyulda 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanunu təsdiqləyib.
Musavat.com “Le Monde” qəzetinə istinadla xəbər verir ki, Fransa belə bir məhdudiyyət tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub
Qanun parlamentin hər iki palatası tərəfindən qəbul edilib: Senatda 243, Milli Assambleyada isə 279 səs lehinə.
Təşəbbüsü fəal şəkildə irəli sürən Fransa prezidenti Emmanuel Makron qərarı alqışlayıb. "Bu, irəliyə doğru mühüm bir addımdır. Fransa uşaqlarımızın və yeniyetmələrimizin qorunması məsələsində Avropada liderdir. Biz irəliləməyə davam edəcəyik" , -qanun qəbul edildikdən sonra Makron video müraciətində deyib.
Bildirilir ki, dəyişikliklər mərhələli şəkildə tətbiq olunacaq. 1 sentyabr 2026-cı ildən etibarən 15 yaşdan kiçik uşaqlara sosial media hesabları yaratmaq qadağan ediləcək. 1 yanvar 2027-ci il tarixinə qədər platformalardan 15 yaşdan kiçik istifadəçilərə məxsus mövcud profilləri silmək tələb olunacaq. “Röyters” xəbər verir ki, yaşı təsdiqləmək üçün platformalar Fransanın məlumatların qorunması tənzimləyicisi tərəfindən təsdiq edilmiş vasitələrdən istifadə etməlidirlər.
“Le Monde” qeyd edir ki, qanunda sosial şəbəkələrin siyahısı göstərilməyib, lakin TikTok, Instagram və Snapchat-ın məhdudiyyətlərə məruz qalması ehtimalı var. Sənəddə həmçinin "onlayn ensiklopediyalar" və "təhsil və ya elmi istinad kitabları" kimi bir neçə istisna qeyd olunur.
Qeyd edək ki, iyun ayında Britaniyanın keçmiş baş naziri Keir Starmer 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə tamamilə qadağa qoyduğunu elan edib. Dəyişikliklərin 2027-ci ilin yazına qədər qüvvəyə minməsi gözlənilir. Avstraliya 2025-ci ilin dekabr ayında 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə tam qadağa qoyan ilk ölkə olub. Yeniyetmələr üçün oxşar məhdudiyyətlər daha sonra İspaniya, Danimarka, Kanada, Türkiyə, BƏƏ və digər ölkələrdə elan edilib.
Musavat.com






