UEFA Avropa Liqasında bu gün 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da azarkeşləri önündə növbəti avrokubok matçına çıxacaq.
Musavat.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi bu mərhələdə Bakıda Bolqarıstanın SSKA komandası ilə üz-üzə gələcək. Qarşılaşma paytaxtın əsas futbol arenalarından olan Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Görüşün start fiti saat 20:00-da səslənəcək. Matçı İtaliyadan olan FİFA referisi Daniele Çiffi idarə edəcək. Bu cütün taleyinə iyulun 30-da Sofiyada keçiriləcək cavab qarşılaşmasında yekun vurulacaq. İki oyunun nəticəsinə əsasən mərhələ adlayan komanda UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, "Qarabağ" – SSKA cütünün qalibi növbəti mərhələdə Moldova təmsilçisi "Şerif" ilə İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq.
Cavanşir Abbaslı
Musavat.com






