Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin azalıb. Belə ki, 2026-cı ilin ilk altı ayında Gürcüstandan Azərbaycana avtomobil ixracında nəzərəçarpacaq azalma qeydə alınıb.
Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara görə, yanvar–iyun aylarında Azərbaycana ümumi dəyəri 82,89 milyon ABŞ dolları olan 2456 avtomobil ixrac edilib. Statistika göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 36 faiz, sayı isə 45 faiz azalıb. Bu isə həm satış həcminin, həm də bazarda tələbin zəiflədiyini göstərir. Buna baxmayaraq, Azərbaycan Gürcüstandan avtomobil idxal edən ölkələr sırasında dördüncü yeri qoruyub saxlayıb. Bu da Azərbaycanın Gürcüstanın avtomobil ixrac bazarında əsas tərəfdaşlardan biri olaraq qaldığını göstərir. Gürcüstan uzun illərdir regionda ikinci əl avtomobillərin idxalı və yenidən ixracı üçün əsas logistika mərkəzlərindən biri hesab olunur. Azərbaycana gətirilən avtomobillərin əhəmiyyətli hissəsi də məhz Gürcüstan üzərindən ölkəyə daxil olur. Son illərdə isə avtomobil bazarında baş verən dəyişikliklər, logistika xərclərinin artması, beynəlxalq ticarət qaydalarının sərtləşdirilməsi və bazardakı tələbin dəyişməsi ixrac göstəricilərinə də təsir göstərib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın avtomobil bazarında ekoloji standartların tətbiqinin genişlənməsi, yeni və hibrid avtomobillərə marağın artması, eləcə də istehlakçıların alıcılıq qabiliyyətindəki dəyişikliklər Gürcüstandan avtomobil idxalının həcminə təsir edən əsas amillərdən biridir. Bununla yanaşı, ilin ikinci yarısında bazardakı dinamikanın dəyişməsi ixrac göstəricilərinə də təsir göstərə bilər.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı əvvəllər Gürcüstan bazarının hansı səbəbdən aktiv olmasından dnaışıb:
“Gürcüstan özü avtomobil istehsal etmir. Sadəcə, avtomobil bazarının strukturu elə formalaşmışdı ki, Azərbaycan və region ölkələri üçün əsas logistika mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycanlılar daha çox Avropa və Amerika istehsalı olan avtomobillər alırdılar və həmin avtomobillərin ölkəyə gətirilməsinin əsas marşrutu dəniz yolu idi. Avtomobillər Aralıq dənizi və Qara dəniz vasitəsilə Poti limanına çatdırılır, oradan isə Azərbaycana gətirilirdi. Yəni Gürcüstan bu istiqamətdə avtomobil logistikası baxımından mühüm mərkəz formalaşdırmışdı. Hətta təkcə Azərbaycana deyil, Ermənistana gətirilən avtomobillərin də əhəmiyyətli hissəsi Gürcüstan üzərindən keçirdi. Gürcüstanın coğrafi və strateji üstünlüyü buna imkan verirdi.
Azərbaycanlı alıcıların seçimində də əsasən ikinci əl Avropa və Amerika avtomobilləri üstünlük təşkil edirdi. Bundan əlavə, Yaponiya və Koreyadan gətirilən avtomobillər də okean yolu ilə əvvəlcə Gürcüstanın Poti limanına çatdırılır, sonra isə buradan region ölkələrinə, o cümlədən Azərbaycana paylanırdı. Azərbaycanın okeana çıxışı olmadığı üçün Gürcüstan bu baxımdan mühüm tranzit ölkə rolunu oynayırdı”.
İqtisadçı bildirib ki, hazırda bazarda vəziyyət dəyişib. Belə ki, hibrid və elektrik mühərrikli avtomobillərin sürətlə yayılması, eyni zamanda Çinin dünya avtomobil bazarında mövqeyinin ciddi şəkildə güclənməsi bazarın strukturunu dəyişdirib: “Çindən Azərbaycana gətirilən avtomobillərin sayı sürətlə artıb. Mən xatırlayıram ki, 10-15 il əvvəl Çin avtomobillərinin bazar payı 1-2 faizdən artıq deyildi. İndi isə ölkəyə idxal olunan avtomobillərin üçdə birindən çoxu Çindən gətirilir. Xüsusilə güzəştli vergi dövründə bu göstərici daha da artdı. Əvvəllər Çin avtomobilləri bazarda tək-tük görünürdüsə, indi əsas pay sahiblərindən birinə çevrilib. Bu dəyişiklikdən sonra Gürcüstanın əvvəlki üstünlüyü zəifləməyə başladı. Çünki Gürcüstan əsasən Avropa və Amerika avtomobillərinin daşınması istiqamətində üstün mövqeyə malik idi. Çin avtomobillərinin bazarda üstünlük qazanması ilə idxalçılar alternativ marşrutlara üstünlük verməyə başladılar. Artıq Orta Dəhlizdən istifadə olunur, avtomobillər dəmir yolu ilə daşınır, Xəzər dənizi keçilir, həmçinin Bəndər-Abbas limanı vasitəsilə İran üzərindən Azərbaycana gətirilir. Yəni Çin, Koreya və Yaponiya istehsalı olan avtomobillərin logistikasının birbaşa bu istiqamətlərdən daha rahat qurulması nəticəsində Gürcüstanın əvvəlki əhəmiyyəti xeyli azalıb”.
Xalid Kərimli vurğulayıb ki, digər tərəfdən, alıcıların davranışında da ciddi dəyişiklik baş verib: “Çin hibrid və elektrik mühərrikli avtomobil bazarında, demək olar ki, inqilab edib. Bu gün Çin 30-35 min manata müasir texnologiyaya malik, kifayət qədər etibarlı avtomobillər təklif edir. Bu isə Avropa və Amerika istehsalı olan bahalı avtomobilləri bazardan sıxışdırır. Hazırda Avropa və Amerikanın ikinci əl bahalı avtomobillərinin qiyməti, demək olar ki, Çinin ən yeni və müasir avtomobillərinin qiyməti ilə eynidir. Təbii ki, belə olan halda alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər. Bu da Gürcüstan bazarının əvvəlki rolunu itirməsinə səbəb olur”.
İqtisadçı bu tendensiyanın müvəqqəti proses olmadığını da diqqətə çatdırıb: “Avtomobil bazarında artıq yeni mərhələ formalaşıb. Əslində, bu dəyişiklik də yeni deyil. Son bir neçə ildə baş verən proseslərin davamıdır və gələcəkdə də davam edəcəyi gözlənilir. Burada qeyd etmək lazımdır ki, avtomobil idxalı azalmayıb. Sadəcə, Gürcüstandan idxalın həcmi azalıb. Ümumilikdə isə Azərbaycana avtomobil idxalı ötən il təxminən 30 faiz artıb. Çin istehsalı olan hibrid və elektrik mühərrikli avtomobillər həm daha müasir, həm də ekoloji baxımdan daha əlverişlidir. Daxili yanma mühərrikli köhnə avtomobillərlə müqayisədə onlar ətraf mühiti daha az çirkləndirirlər. Eyni zamanda, daha münasib qiymətə təklif olunduqları üçün vətəndaşların avtomobil sahibi olmaq xərclərinin azalmasına da müsbət təsir göstərirlər”.
“Gürcüstandan idxalın azalması yaxın aylarda ikinci əl avtomobillərin qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi?” sualına isə iqtisadçı bu cür cavab verib: “İkinci əl avtomobillərin qiymətində müəyyən artım müşahidə olunub. Bunun əsas səbəbi isə 2024-cü il yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq olunan 18 faizlik əlavə dəyər vergisi güzəştinin başa çatmasıdır. Yeni avtomobillərin qiyməti müəyyən qədər artdığı üçün bu, ikinci əl avtomobil bazarına da təsir göstərib və həmin avtomobillərin qiymətlərində də müəyyən bahalaşma yaranıb”.
Xalidə Gəray
Musavat.com






