Beyləqanda baş vermiş silahlı insident və transmilli narkotik qaçaqmalçılığı ilə bağlı aparılan 2 xüsusilə ağır cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Musavat.com xəbər verir ki, istintaq nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən ümumilikdə 5 nəfər barəsində ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilib.
Birinci cinayət işi üzrə Beyləqanın Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Məmişovun müxtəlif vaxtlarda bir qrup şəxslə əlbir olaraq həmkəndlisi Orxan Bəyzadlını iki dəfə qəsdən öldürməyə cəhd etməsi müəyyən edilib. İstintaq materiallarına görə, əvvəlcə zərərçəkmişə yaşadığı evin həyətində odlu silahla atəş açılıb. Bu cəhd nəticəsiz qaldıqdan sonra isə "Daşburun" dəmiryol stansiyası yaxınlığında ona mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə qətl niyyətinin həyata keçirilməsinə növbəti dəfə cəhd göstərilib.
Toplanmış sübutlar əsasında Əhməd Məmişova qəsdən adam öldürməyə cəhd, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq və qanunsuz silah saxlama daxil olmaqla bir sıra maddələr üzrə, Muxamed Abdullayevə isə qəsdən adam öldürməyə cəhd, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq və qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Digər cinayət işi üzrə isə Beyləqan sakini Rahil Muradovun bir qrup şəxslə birlikdə İran istiqamətindən transmilli narkotik qaçaqmalçılığı təşkil etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, dövlət sərhədini dəfələrlə qanunsuz keçməsi, qanunsuz silah dövriyyəsində iştirak etməsi, odlu silahla xuliqanlıq törətməsi və zərərçəkmiş şəxslərə ağır bədən xəsarətləri yetirməsi müəyyən olunub.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda külli miqdarda narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək satışını təşkil edib. O, həmçinin qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda, eləcə də növbəti dəfə dövlət sərhədini qanunsuz keçərək narkotik dövriyyəsini davam etdirməkdə ittiham olunur.
Bu iş üzrə Rahil Muradova ağır bədən xəsarəti yetirmə, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, xuliqanlıq, silah talama və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə, Ceyhun Əhmədova ağır bədən xəsarəti yetirmə, xuliqanlıq, qanunsuz silah saxlama və silah talama maddələri ilə, Samir Məmmədova isə narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi maddələri ilə ittiham elan olunub.
Baş Prokurorluğun məlumatına görə, hər iki cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb. İttiham aktları təsdiqlənərək baxılması üçün müvafiq olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.
E.Məmmədəliyev,
Musavat.com






