İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya paytaxtında daha bir üçlü görüş: Kremlin “yol xəritəsi” varmı?

1225 26.07.2023 13:22 Gündəm A A

Mirzoyan Moskva görüşünə Tehrandan gəldi; erməni nazirdən ənənəvi saxtakarlıq, Lavrovdan isə...

İyulun 25-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıqları keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı ilkin məlumatda bildirilirdi ki, danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması ətrafında müzakirələr aparılacaq.

Yazı çapa hazırlanarkən üçtərəfli görüş yeni başlamışdı. Odur ki, detallar barədə növbəti sayımızda ətraflı məlumatlar verəcəyik. Bundan əvvəl isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası yüksəkdir”. Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistanın xarici işlər orqanlarının rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyanla üçtərəfli danışıqlar başlamazdan əvvəl deyib.

O qeyd edib ki, xarici işlər nazirləri sonuncu dəfə iki aydan bir qədər çox əvvəl görüşüblər, o vaxtdan bəri çoxlu sayda görüşlər, müxtəlif səviyyələrdə təmaslar olub. “Danışıqlar prosesinin dinamikası kifayət qədər yüksək olsa da, nəticələr dinamikadan bir qədər aşağıdır. Amma ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün deyil”, - deyə Bayramov bildirib.

Səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulmuşdu.

Rusiya XİN başçıları səviyyəsində görüşə ev sahibliyi etmək niyyətini Brüssel görüşündən dərhal sonra açıqlamışdı. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Şuşada görüşlə bağlı anons vermişdi. Nazirlər son dəfə ötən ayın sonunda Vaşinqtonda ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə bir araya gələrək, 3 gün ərzində danışıq aparıblar.

Odur ki, məntiqli şəkildə ortaya suallar çıxır: bəs növbəti Moskva görüşü nə vəd edir, konkret gündəm varmı? Varsa, bu Vaşinqton-Brüssel gündəliyi ilə nə dərəcədə üst-üstə düşür? Ümumiyyətlə, Rusiyanın iki ölkə arasında sülh anlaşmasına gətirəcək “yol xəritəsi” mövcuddurmu, yoxsa söhbət yenə danışıq xətrinə danışıqdan, Kremlin “quş qoymaq” taktikasından gedir?

“Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur”.

Bunu İlham Əliyev iyulun 21-də Şuşada Qlobal Media Forumunda etdiyi çıxışında söyləyib.

“Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazim bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövləti başçısı diqqətə çatdırıb. Eyni gündə Ermənistan baş nazirin Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib ki, “sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir”.

Elə isə Nikol Paşinyan nəyi gözləyir, nədən Bakı ilə sülh müqaviləsini imzalamaqdan yayınır? Rusiyadan, yoxsa ölkəsindəki radikal-revanşist qüvvələrdən çəkinir? Bəs Rusiya? Doğrudanmı o, sülhdə Qərbdən daha çox maraqlıdır? Elə isə nədən nizamlama prosesində irəliləyiş görmürük?

Bu da maraqlıdır ki, nazirlərin Moskva görüşü ərəfəsi (iyulun 21-i) Rusiya XİN-in Azərbaycan-Ermənistan danışıqlarında xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda olub (Bakıya gəlmədi). O halda maraqlıdır, Xovayevin səfəri və nazirlərin qarşıdakı Moskva sammiti arasında hər hansı bağlılıq varmı? İyulun 24-də - Moskva görüşündən cəmi bir gün öncə isə Ararat Mirzoyan İrana səfər edib. İranlı həmkarı ilə görüşən Mirzoyanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi də qəbul edib. Görüş zamanı Ermənistan-İran çoxşaxəli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. İddialı ikitərəfli gündəliyin həyata keçirilməsi, əldə olunmuş razılaşmaların yüksək səviyyədə həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə xüsusilə iki ölkə arasında ticarət-iqtisadi, enerji və nəqliyyat sahələrində cari və planlaşdırılan birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Ararat Mirzoyan və İbrahim Rəisi regional təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiriblər. Nazir Mirzoyan İran prezidentinə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindəki son hadisələri təqdim edib, həmçinin Ermənistan tərəfinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması ilə bağlı baxışını təsdiqləyib. Məlumata görə, problemlərin güc tətbiqi və ya güc təhdidi, maksimalist və düşmənçilik ritorikası yolu ilə həllini istisna etməyin zəruriliyi vurğulanıb. Ararat Mirzoyan Laçın yolu ilə bağlı da şikayətlənib. İstisna deyil ki, Ermənistan XİN rəhbəri “nəfəslik ölkə”nin rəhbərliyindən təlimatlar alıb. Moskvaya da o, birbaşa Tehrandan gəlib.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində müharibədən əvvəl müşahidə olunan durğunluğa artıq son qoyulub: “Hazırda həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqı keçmiş münaqişənin həlli üçün sanki yarışa giriblər. Bütün hallarda harada aparılmasından asılı olmayaraq, danışıqların davam etdirilməsi çox önəmlidir. 30 ildən bəri yığılıb qalmış münaqişənin tez bir zamanda həllinə nail olmaq çox çətindir. Çünki xeyli razılaşdırılası məsələlər var. Ancaq düşünürəm ki, zamanla yekun nəticəyə nail ola biləcəyik. Nəticəyə gəldikdə, hamıya məlum olduğu kimi, bir çox dövlətlər kimi, Rusiyanın da bölgədə maraqları var və rəsmi Moskva bu maraqlar çərçivəsində münaqişənin həllinə nail olmağa çalışır. Buna paralel, Rusiya kommunikasiyaların açılmasında maraqlı olsa da, regionda gərginliyin tam azalmasında maraqlı deyil. Rusiya rəsmilərinin son günlər səsləndirdiyi fikirlər bu maraqların təmin olunmasına zəmin yaratmaq məqsədi daşıyırdı”.

Ermənistan XİN rəhbərinin Moskva görüşündən əvvəl İrana səfər etməsi məsələsinə gəldikdə, C.Məmmədovun sözlərinə görə, buradan aydın olur ki, rəsmi İrəvan keçmiş münaqişə ilə bağlı bütün qərarları İranla da razılaşdırır: “Bütün danışıqların nəticəsi barədə İrana da məlumat verilir. Yəni rəsmi İrəvan İranın razılığı olmadan qərarlar qəbul etmir. Eyni zamanda düşünürəm ki, Azərbaycan bütün proseslərə təmkinlə və soyuqqanlı şəkildə yanaşaraq prosesdə fəal iştirak edir. Zamanla Azərbaycan heç şübhəsiz ki, bütün məqsədlərinə nail olacaq. O gün uzaqda deyil”.

Yazı çapa hazırlanan zaman informasiya kanallarında üçlü görüşlə bağlı bəzi açıqlamalar yayıldı.

“Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasına hər cür kömək etməyə hazırdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlarda deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən baxılmaq üçün bir sıra əlavə sənədlər hazırlanır. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sülh və sabitlikdə “həyati dərəcədə” maraqlıdır. “Rusiya tərəfdarıdır ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərə ”hörmət edilsin və həyata keçirilsin", - Lavrov əlavə edib.

Erməni mediasının yazdığına görə, Ermənistanın XİN başçısı A.Mirzoyan isə İrəvanın Bakı ilə danışıqlarda konstruktiv olduğunu iddia edib.

“Bəzi məsələlərdə konkret nəticələr, bəzilərində razılıq əldə etmək perspektivləri var, lakin tərəflərin mövqelərinin hələ də uzaq olduğu problemlər var” - Mirzoyan deyib.

Ermənistanın baş diplomatı növbəti dəfə yersiz iddialar səsləndirib. Guya “Laçın dəhlizinin bağlanması və Dağlıq Qarabağın blokadaya alınması”nın “danışıqları çətinləşdirdiyini” iddia edib.

“Vəziyyət əsl humanitar fəlakətə yaxındır... Əgər biz həll yolu tapa bilməsək, Azərbaycan blokadanı dayandırmasa, o zaman humanitar fəlakət danışıqlar prosesi üçün mənfi nəticələrə səbəb olacaq” - Ermənistan XİN rəhbəri ənənəvi saxtakarlığını və iftiralarını davam etdirib.

Əgər Mirzoyan “konstruktivlik” buna deyirsə, onda mövqe məlumdur...

Mövzuya qayıdacağıq.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR