Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk müsahibi sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovdur. Onunla Ukrayna ordusunun Rusiya ərazilərinə intensiv hücumları barəsində söhbətləşmişik.
Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərinə və xüsusən Moskvaya hücumları gücləndirməklə nəyə nail olmaq istəyir?
- Bu hücumlar zamanı həssas infrastruktur vurulur. Xüsusən enerji və əhalini yanacaqla təmin edən mərkəzlər hər gün zərbələrə məruz qalır. Hesab edirəm ki, iki məqsəd var: birincisi, əhalinin yanacaq təminatına təsir göstərən zərbələr endirmək; ikincisi, Rusiya iqtisadiyyatı üçün həyati sahələr olan enerji sektorunu hədəf almaq. Rusiyada isə son günlər səslənən bir fikir mövcuddur ki, məhz NATO ölkələrinin dəstəyi ilə müharibənin mahiyyəti belə dəyişir. Hətta analitik və təbliğatı səviyyədə fikirlər yer alır ki, cavab zərbələri digər ölkələrə də endirilə bilər. Ona görə də hazırkı hərbi əməliyyatların kəskinləşməsi baş verərsə, növbəti mərhələdə danışıqlar başlana bilər.
- Yəni bu hücumlarla Rusiyanı masaya oturmağa vadar edirlər?
- Şərait Rusiyanı danışıqlara məcbur edə bilər. Çünki yanacaq təminatı Rusiya vətəndaşlarının həyatına təsir edir. Artıq bir sıra yerlərdə benzin talonla verilir, enerji məhsullarının qiyməti yüksəlir. Bu kimi amillər danışıqlara getmək üçün rol oynaya bilər. Hazırda rusların quruda tank hücumları, yaxud canlı qüvvənin hərbi əməliyyatları mümkün deyil. Dronlar vəziyyəti o həddə çatdırıb ki, az qala ayrı-ayrı döyüşçülərə zərbələr endirilir. Bununla bağlı indi müxtəlif rəqəmlər səslənir. Təxminən 30-40 kilometrlik zolaq artıq “ölüm zolağı”dır. Yəni tərəflər müdaxilə edə bilmirlər. Üstəlik, dronların idarəedilməsi kabellərlə mümkündür, bir növ hörümçək şəbəkəsi kimidir. Ukrayna o qədər PUA istifadə edir ki, belə vəziyyət əmələ gəlib. Eyni zamanda, Ukraynanın timsalında müasir PUA-lar sınaqdan keçirilir. Ukrayna texnologiyaların istifadəsinə geniş verir. Ona görə də bundan sonra Rusiyanın qələbəsindən danışmaq çətindir. Sadəcə, cavab zərbələri də təsirlidir. Ancaq onu da nəzərdən qaçırmayaq ki, bəzi qəbul olunmuş qaydalar var. Məsələn, Moskvada paradın keçirilməsini gördük. Zelenski dedi ki, Qırmızı meydana hücum olmayacaq. Həmçinin qərarlar qəbuletmə mərkəzlərini nə Kiyev, nə Moskva vurdu. Deməli, hər hansı razılaşma var və “qırmızı xətt” mövcuddur. Eləcə də qazın ixracında bu “qırmızı xətt”i görmüşük. Yəni 3-4 il qaz nəqli oldu. Halbuki heç də bütün müharibələrdə belə olmur. Mən ixrac-boru kəmərlərinə toxunulmamasını xatırlamıram. Təsəvvür edin ki, İkinci dünya müharibəsində dəmiryolu fəaliyyət göstərsin, yaxud boru vurulmasın. Hər halda müharibənin hazırkı mərhələsində yeni vəziyyət yaranıb. Bu, Putin üçün yeni şəraitdir. Odur ki, bu yeni şəraitə reaksiya verməmək olmaz. Əgər Rusiyada ictimaiyyətin biganəliyi olarsa, onda dövrün sonudur. İstər-istəməz Rusiya cəmiyyəti baş verənlərə mənfi reaksiya göstərməlidir. Ya da açıq deyilməlidir ki, müharibəyə keçirik. İki gündən bir deyirlər ki, biz Hitler Almaniyasını məğlub etmişik. Ona görə də ya belə bir hücum olacaq, ya da hərbi əməliyyatların dondurulması.
- Yəni Rusiyanın NATO ilə birbaşa müharibəsini nəzərdə tutursunuz?
- NATO ölkələrindən biri ilə müharibəni nəzərdə tuturam. İndi NATO ilə savaşmaq çətindir. Digər tərəfdən isə Ukraynanın vəziyyətinə də baxmaq lazımdır. Hazırda Kiyevlə Varşava gərginliyində kimin haqlı olması əsas məsələ deyil. Burada “Polşa dəhlizi” məfhumu var. Polşasız hərbi əməliyyatlar aparmaq mümkün olmayacaq. Və belə bir ilkin mərhələdə böhranın yaranması təsadüfi deyil. Ukraynanın hərəkətləri sual doğurur. Çünki döyüş səviyyəsinin yüksək səviyyədə saxlanması üçün Polşa vacibdir. Hazırda silah-sursat, bütün kommunikasiya oradan keçir. Ukrayna Polşanı itirsə, hərbi əməliyyatlarda onun üçün çətin olacaq. Ancaq müharibənin yaxın gələcəkdə dayanmasını da gözləmirəm. Bir tərəfdən də müharibənin uzanması bəzi güclərə sərf edir.
Emil Salamoğlu
Musavat.com






