İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi Putinə qarşı və ya Volkov Moskva Bəyannaməsini niyə pozmaq istəyir?

3744 08.03.2022 00:48 Yazarlar A A

Azərbaycan Müdafiə Nazirliyindən bu cavabı çoxdan gözləyirdik. Nəhayət, lazım olan sözlər deyildi, özü də sərrast şəkildə! Rusiyanın sülhməramlı kontingenti Qarabağda yerləşəndən bəri şimal qonşumuzun Müdafiə Nazirliyinin rəsmi məlumatları əsəblərimizi qazıyır: “Stepanakert”, “Mardakert”, daha nə bilim hansı “kert...” və “Dağlıq Qarabağ”.

Hələ də bunlar harda olduqlarını, kimin ərazisində xidmət etdiklərini, Azərbaycanın inzibati xəritəsində hansı adların olduğunu doğru-dürüst anlamayıblar, ya da anlamaq istəmirlər. Dövlətimizin rəhbəri də dəfələrlə xəbərdarlıq edib ki, ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Amma yox, Rusiya Müdafiə Nazirliyi “ağam mənə kor deyib...” prinsipi ilə davam edir. Odur ki, martın 7-də bəyan etdi: “Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.

c17aac4c6c237051515571689.jpg (91 KB)

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur. Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır”.

Belə bir qətiyyətli mövqeyə görə, ordu rəhbərliyinə təşəkkürlər! Heç şübhəsiz ki, Ali Baş Komandanın qətiyyətli mövqeyinin məntiqi davamıdır.

İndi növbəti Rusiya tərəfinindir, yanlışlıqlar dərhal düzəldilməli, baş verənlərin izahatı olmalı və bir daha bunca sayğısızlığa yol verilməməlidir. 2020-ci ilin noyabrından bəri vaxtaşırı Qarabağdakı rus sülhməramlıların təsir dairəsində olan ərazinin xəritəsinə “düzəliş” edirlər, erməni separatçıları məmnun edəcək dəyişikliklər. Təsadüf deyil, hüç şübhəsiz.

Sonda da Azərbaycan Müdafiə Nazirliyini hövsələdən çıxaran davranış! Məsələ burasındadır ki, Rusiya Müdafiə Nazirliyinin müdafiənin idarəedilməsi milli Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev Ukraynaya humanitar yardımların çatdırılması barədə danışarkən Azərbaycanla bağlı təxribatçı ifadəyə yer verib. Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərinə yardımların çatdırılması barədə bəhs edərkən Mizintsev “Suriyadan 50 ton ərzaq, Dağlıq Qarabağdan isə 14 ton zəruri tələbat malları göndərildiyini” bildirib.

Diqqət edin, ərazimizdə yenidən “Dağlıq Qarabağ” yaradılmasına cəhd edilməsi bir yana, üstəlik, Azərbaycanın suveren ərazilərindən Ukraynadakı separatçı qurumlara “yardım” daşınmasını fəxarətlə bəyan edirlər. Sənə bu haqqı kim verib? Yoxsa unudublar ki, burada MÜVƏQQƏTİ yerləşiblər və 5 ilin tamamında “davay, do svidaniya!” deyiləcək?! Faktiki olaraq beynəlxalq hüquq pozulub bununla. Mizintsev “qarğa, məndə qoz var” yanaşması sərgiləməklə həm də beynəlxalq hüquqa meydan oxuyub. Yəni bu gün Ukrayna separatçılarını dünyadan təcrid edən, sanksiyaların tətbiqinə başlayan dünya gücləri Qarabağdakı Rusiya sülhməramlılarına da hansısa formada sanksiya tətbiq edə bilər, bunumu istəyirlər?

Dağlıq Qarabağdakı bir ovuc erməni özü ac-yalavac durumdadır, sülhməramlılar onlara yayda su daşıyır, qışda ət, özləri yardıma möhtac ikən Ukrayna separatçılarına kömək etmək imkanındadırlarmı? Elə isə bu şounu kim hazırlayıb? Sözsüz ki, Rusiyanın Qarabağdakı “sülhməramlı” kontingentinin rəhbərliyi-general Volkov! Artıq bir sıra faktlar da var, Qarabağa Laçın dəhlizi vasitəsilə qanunsuz gir-çıx edənlərdən alınan rüşvətin, ordakı qanunsuz fəaliyyətin qarşılığında mənimsənilən çirkli pulların bir hissəsi Ukrayna separatçıları üçün “yuyulur”, demək. Amma şübhəsiz ki, bu, Volkovun özfəaliyyəti deyil, balıq başdan iylənir...

3366.PNG (761 KB)

Son günlər Xankəndidəki separatçıların Rusiya bayraqları ilə keçirdiyi aksiya, Donesk və Luqanska dəstək bağırtıları və Rusiyaya “bizi də tanı”, müraciəti bəlli ssenarinin konturlarıdır. Bununla yanaşı, atəşkəsin Ermənistan-Azərbaycan sərhədi boyunca və Qarabağda davamlı pozulması. Qarabağdakı Volkov və ordakı çaqqal-çuqqalların aktivləşməsinin cavabında Azərbaycan hələ ki, musiqi və azan xəbərdarlıqları, həmçinin ordu rəhbərliyinin “dərhal adekvat cavab verilsin” əmri ilə reaksiya verib. Bu gedişlə davamı gələcək...

Rusiya Müdafiə Nazirliyi Azərbaycanda qəzəblə qarşılanan səhvi ilə əslində fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin bir sıra bəndlərini pozmuş olub.

5673c29a93838ec8d78c8fea1db9d806_5098511.jpg (274 KB)

Həmin bəndləri xatırladaq:

1-ci bənd: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

6-cı bənd: Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

9-cu bənd: Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

11-ci bənd: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

18-ci bənd: Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

Mürəkkəbi qurumayan müttəfiqlik anlaşmasına qarşı sərgilənən mövqe ilə nə demək istəyirlər? Özü də Qarabağ separatçılarının adından Donesk və Luqanska “yardım” göndərməklə. Yoxsa bununla yeni xəritə cızırlar? Bəlkə Azərbaycan dövlətinin Ukraynaya humanitar və yanacaq yardımı göstərməsinə bu cür qarşılıq verirlər? İstisna deyil. Amma deyəsən, Şuşa Bəyannaməsinin icrası istiqamətində atılan addımları, Azərbaycan ordusunun Türkiyə ordusu modelində qurulduğunu, Hadrutdakı komandoslarımızın əmrə hazır dayandığını və ümumən Azərbaycan xalqının Xankəndi, Xocalı, Xocavənd, Ağdərə həsrətində olduğunu unudurlar.

60c9c589714ae60c9c589714af162383604160c9c589714ab60c9c589714ad.jpg (279 KB)

Heç olmasa Putinin müttəfiqlik bəyannaməsindəki imzasına hörmətlə yanaşsın Rusiyanın Müdafiə Nazirliyi. Üstəlik, Rusiya prezidenti şəxsən bəyan edib, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir...” Ayrılmaz hissədən separatçılara yardım göndərilməsi isə yolverilməzdir! Yox, əgər Rusiya sülhməramlıları yardım göndərmək istəyirdisə, bunu elə Rusiyadan, kəsə yolla göndərə bilərdi, Azərbaycanı bu oyunlara qatmasınlar!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR