İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kəşfiyyatından şok hücum: Konstantinopol patriarxını şeytan adlandırdılar

677 12.01.2026 15:55 Dünya A A


Rusiya Xarici Kəşfiyyat Xidməti (RXKX) Konstantinopol patriarxı Varfolomey barəsində son dərəcə sərt və qalmaqallı ittihamlar səsləndirib.

Musavat.com xəbər verir ki, RXKX-nin yaydığı açıqlamada Varfolomey açıq şəkildə “rəsadakı antixrist” və “bədəndə təcəssüm etmiş şeytan” kimi təqdim olunub.

Rusiya kəşfiyyatının iddiasına görə, Konstantinopol patriarxı Britaniya xüsusi xidmət orqanlarının dəstəyi ilə Baltikyanı ölkələrdə kilsə məsələsi üzrə genişmiqyaslı plan həyata keçirməyə hazırlaşır. Bildirilir ki, Varfolomeyin əsas məqsədi Litva, Latviya və Estoniya pravoslav kilsələrini Moskva Patriarxatından ayırmaqdır.

Xidmət orqanı məlumatında vurğulanır ki, bu addımlar guya Rusiya Pravoslav Kilsəsini zəiflətməyə və Moskvanın dini təsir imkanlarını azaltmağa yönəlib. Açıqlamada prosesin arxasında Qərbin siyasi və kəşfiyyat maraqlarının dayandığı iddia olunur.

Bununla yanaşı, Rusiya kəşfiyyatı daha bir ciddi ittiham irəli sürüb. Xidmət bildirir ki, Konstantinopol patriarxı tanınmayan “Çernoqoriya Pravoslav Kilsəsinə” avtokefaliya verməyi planlaşdırır. Moskvanın iddiasına görə, bu addımın əsas hədəfi Serbiya Pravoslav Kilsəsinə zərbə vurmaqdır.

Müşahidəçilər qeyd edirlər ki, Xidmət orqanının bu qədər sərt və dini terminlərlə zəngin ritorikası Rusiya ilə Konstantinopol Patriarxlığı arasında uzun müddətdir davam edən kilsə böhranının yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Ukrayna Pravoslav Kilsəsi məsələsindən sonra tərəflər arasında münasibətlər faktiki olaraq kəskin qarşıdurma səviyyəsinə yüksəlib.

Ekspertlərin fikrincə, Rusiya kəşfiyyatının dini liderə qarşı bu cür ifadələr işlətməsi təkcə teoloji deyil, geosiyasi mübarizənin artıq açıq ideoloji müstəviyə keçdiyini nümayiş etdirir. Bu açıqlamalar pravoslav dünyasında yeni parçalanmalar və gərginliklər yarada bilər.

Beləliklə, Moskva ilə Konstantinopol arasındakı kilsə savaşı artıq diplomatik və dini çərçivəni aşaraq təhlükəsizlik və kəşfiyyat ritorikasına çevrilib. Bu qarşıdurmanın yaxın gələcəkdə daha da dərinləşəcəyi istisna edilmir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR