Amerika Ukrayna və onun xalqının suverenliyininin müdafiəsində onun yanındadır.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi nümayəndəsinin müavini Den Neqrya BMT Təhlükəsizlik Şurasının iclasında deyib: "ABŞ öz azadlığını və suverenliyini müdafiə etməkdə Ukraynanı dəstəkləyir. ABŞ Rusiyanın Kiyev Peçersk Lavrası da daxil olmaqla, vacib infrastruktura və mədəni irsə zərər verən hücumlarından əziyyət çəkən Ukrayna əhalisinin yanındadır".
Eyni zamanda, o, ABŞ prezidenti Donald Trampın son açıqlamalarına istinad edərək qeyd edib ki, müharibə mümkün qədər tez başa çatmalıdır: "Prezident Trampın ötən həftə G7 sammiti zamanı açıq şəkildə qeyd etdiyi kimi, Rusiya razılığa gəlməlidir. Zaman Moskvanın tərəfində deyil".
O, əlavə edib ki, Rusiya ordusu ayda təxminən 40.000 əsgər itirir (ölən və yaralananlar) və Rusiya iqtisadiyyatı hazırda "çox ağır vəziyyətdədir". Ukrayna öz növbəsində cəbhə xəttində sürətlə yeniliklər edir.
Diplomatın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi "çox uzun çəkib və bitməlidir". Bu vəziyyətdə yeganə cavab diplomatiya və danışıqlardır, çünki başqa heç nə "bu mənasız qətlləri dayandıra bilməz": "Birləşmiş Ştatlar atəşkəsə nail olmaq və Rusiya-Ukrayna müharibəsinə ən qısa zamanda son qoyacaq danışıqlar yolu ilə razılaşma əldə etmək əzmindədir. Yetər! Dərhal atəşkəs vaxtıdır".
Nəhayət, o, hər iki müharibə edən tərəfi danışıqlar prosesinə qayıtmağa çağırıb: "İndi Rusiya və Ukraynanın danışıqlar masasına qayıtması və sülh razılaşmasına nail olması vaxtıdır".
Musavat.com






