İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə əməkdaşlıq qorxuludurmu - Azərbaycanın dəyişməyən hədəfləri və ...

1598 22.02.2022 15:30 Gündəm A A

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada rəsmi səfərdədir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacağı gözlənilir.
Kreml dünəndən bu haqda məlumat yayıb. İlkin məlumatdan aydın olur ki, iki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.

Həmçinin, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.
Kremlin yaydığı məlumatda o da bildirilir ki, qarşılıqlı müttəfiqliyə dair imzalanacaq sənəd siyasi, ticarət, iqtisadi, humanitar sahələri əhatə edəcək.
Prezidentin Rusiyaya səfəri və iki ölkə arasında bəyannamə imzalanacağı haqda məlumatlar yayılandan dərhal sonra sosial şəbəkələrdə, media orqanlarında müzakirələr başlayıb.

Əlbəttə, bu cür polemikalar, müzakirələr təbiidir. Ancaq görünən budur ki, bəziləri, xüsusən radikal müxalif kəsimi təmsil edən şərhçilər, siyasətçilər təxminən belə bir təbliğata başlayıb: Guya bu sənəd imzalanandan sonra Azərbaycan müstəqilliyinə ziyan gələcək.
Habelə, bəziləri Prezidentin Rusiyaya səfərini, məlum bəyanatı imzalamasını regionda Ukrayna ilə bağlı gedən proseslərin fonunda birmənalı olaraq Rusiyanın tərəfində dayanması kimi şərh edirlər.
Ən çox narahatlıq doğuran məsələ isə odur ki, müəyyən bir qrup Rusiya və Azərbaycan arasında qarşılıqlı müttəfiqlik haqqında sənəd imzalanmasını Rusiyanın yaratmaq istədiyi, uzun zamandan bəri barəsində danışılan bloka qoşulmağa doğru atılan addım kimi təqdim edir. Bunu qorxulu, vahim bir məsələ kim də təqdim edirlər.
Bu iddialar demoqoji baxımdan sosial şəbəkələrdə müzakirələrdə çoxlu “layk” qazana bilər. Müəyyən mənada bir çox insanların təşvişi də anlaşılan ola bilər. Ancaq reallıqlar nədir?

Birinci gerçəklik odur ki, Azərbaycan Prezidentinin Rusiyaya səfərini birmənalı olaraq Ukrayna ilə bağlı gedən proseslərə bağlamaq doğru təsbit sayıla bilməz. Çünki bu səfər uzun müddətdir planlaşdırılırdı. Bəllidir ki, rəsmi səfər qəfildən həyata keçirilmir, bunun üçün bəlli bir zaman hazırlıqlar gedir. Bu səfər planlaşdırılanda bilinmirdi ki, fevralın sonunda Rusiya-Ukrayna gərginliyi yaşanacaq. Əksinə, proseslərin pik həddə fevralın əvvəlində çatacağı deyilirdi. Azərbaycan Prezidentinin Rusiyaya səfəri isə öncədən fevralın 3-cü ongünlüyünə nəzərdə tutulmuşdu.

O da nəzərə alınmalıdır ki, Azərbaycan Prezidenti Rusiyadan əvvəl Ukraynaya iki həftə öncə səfər etmişdi...


Azərbaycanın Rusiya ilə qarşılıqlı müttəfiqliyə dair sənəd imzalamasını yaranacaq, yaxud da yaranıb-yaranmayacağı bəlli olmayan hansısa bloka qoşulması kimi dəyərləndirilməsi də yanlış təsəvvürdür. Çünki, əvvəla, Azərbaycan indi deyil, azı 30 ildir qonşuluğumuzdakı nəhəng dövlət olan Rusiya ilə qarşılıqlı şəkildə iqtisadi, sosial, humanitar, sahələrdə əməkdaşlıq edir. Qarabağ Zəfərindən, 10 noyabr üçtərəfli Bəyannaməsindən sonra regionda yaranmış yeni reallıqlara uyğun olaraq əməkdaşlıq yüksələn xətlə davam edir. Bu, açıq şəkildə və məntiqə, razılaşmalara uyğun bir formatdır. Qarşıda 3+3 formatında daha yaxın əməkdaşlıq, tərəfdaşlıq da azı ilyarım öncədən bəllidir.
Konkret olaraq bu gün Azərbaycan və Rusiya arasında imzalanacaq bəyannamənin üzərində isə İşçi Qruplar 2021-ci ilin ortalarından çalışırdı və buna dair bir neçə dəfə rəsmi açıqlamalr da olub. Yəni bu sənəd qətiyyən regionda son 1-2 ayda və konkret olaraq bu günlərdə yaranmış durumun fonunda – tərəf tutmaq, blokda yer almaq anlamına da gəlməməlidir. Ən azı məntiq bunu deyir.

Məsələ ondadır ki, Azərbaycanın hüquqi və siyasi baxımdan da hansısa blokda təmsil olunması mümkün deyil. Sirr deyil ki, Azərbaycan ümumiyyətlə belə məsələlərdə neytral darvanmağı prioritet seçib və bunu bir növ rəsmiləşdirib də. Faktiki olaraq Azərbaycan Qoşulmama Hərəkatının üzvü və hazırda sədridir. Dəfələrlə bəyan edilib ki, ölkəmizin nə zamansa hansısa bloka qoşulmaq niyyəti yoxdur.

3a9103da9e119f5b40d2e475933dc94d.jpg (88 KB)

Rusiya ilə imzalanacaq sənədin Azərbaycanın milli maraqlarına uyğun olmaması haqda deyilənlər bəlkə də siyasi təfəkkürü yetişməmiş, dərin analiz, təhlil qabiliyyəti olmayan sadə insanlarda hansısa narahatlıq yarada bilər. Ancaq biz təcrübədə tamamilə fərqli davranışların şahidi olmuşuq. Azərbaycan istər Qarabağ məsələsində, istər hər hansı milli, dövlətçilik məsələsində bütün təzyiqlərə sinə gərib. İstər Rusiya, istər Avropa dövlətləri, istər Amerika və s. imzalanan bütün tərəfdaşlıq, əməkdaşlıq müqavilələri Azərbaycanın milli maraqları çərçivəsində olub, bütün atılan addımlar ölkəmizin təhlükəsizliyinə, strateji hədəflərinə yönəlib.

Ən əsası, təcrübəyə əsaslanıb onu da deyə bilərik ki, Azərbaycan dünyada gedən proseslərdə tərəf olmayıb, hansısa bir qütbə qoşulub digərinə qarşı proseslərdə iştirak etməyib, daim neytrallığını qoruyub. Buna dair bir qədər öncə yazdığımız “Azərbaycan böyük güclərin savaşında necə davransın? - milli maraqların tələb etdiyi neytrallıq” ( https://musavat.com/news/azerbaycanin-dayandigi-dogru-noqte-milli-maraqlarin-teleb-etdiyi-neytralliq_868024.html ) sərlövhəli məqalədə geniş bəhs etmişik.
Qarşıdakı müddətdə də belə olacağı şübhə doğurmur. Çünki ölkəmizin hədəfləri, prioriteti dəyişməz olaraq qalır. Azərbaycanın sabit bir siyasi kurs aparmaqda davam edəcəyi şəksizdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR