İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Belarus bir dövlətdə birləşirmi...

1179 25.12.2019 09:10 Siyasət A A

Rusiya ilə Belarusun birləşmə ideyası son zamanlar daha çox müzakirə olunmağa başlayıb. Bu ayın 7-də Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun Soçidəki görüşlərindən sonra birləşmə ideyası ətrafında ən müxtəlif ehtimallar, fikirlər səsləndirilir. Bu görüşdən sonra rusiyalı ekspertlər məsələni daha çox gündəmə gətirirlər.

Məlumat üçün bildirək ki, 1994-cü ildən Belarusun prezidenti olan Lukaşenko dövründə bu ideya formalaşmağa başlayıb və bunu ən çox onun özü istəyir. Lukaşenko ideyasına arqument kimi, ölkəsinin Ukraynanın gününə düşməsini istəmədiyini göstərir. Ölkəsində yaratdığı idarəetmə üsuluna diqqət yetirsək, onun ömrünün sonuna qədər o kürsüdə əyləşəcəyini güman etmək olar. Bu isə o deməkdir ki, birləşmə ideyası hələ gündəmdə çox müzakirə olunacaq. Artıq konkret olaraq, 2024-cü ildə iki dövlətin birləşəcəyi barədə fikirlər səslənir.

Politoloq Əhəd Məmmədli dövlətlərin birləşəcəyinə inanmır: “SSRİ süquta uğrayandan Rusiya ilə Belarusun vahid dövlətdə birləşməsi yönündə addımlar atılır, qərarlar verilir. Amma birləşib qurtara bilmirlər ki, bilmirlər və birləşə bilməyəcəklər də. Rusiyanın Ukraynanın başına açdığı oyunlardan sonra isə ümumiyyətlə, birləşməyəcəklər. Lukaşenko artıq açıqcasına bunu dilə gətirir. Belarusların özləri də dövlətlərinin suverenliyindən imtina etmək istəməzlər. Yeltsinin dövründə başlanılan Rusiya-Belarus İttifaqı prosesi MDB kimi dalana dirənib. Rusiya Belarusla bərabərhüquqlu tərəfdaşı olaraq birləşmək istəmir. Moskva Minskə subyekti gözü ilə baxır. Minskdə bunu bilirlər. Üstəlik, hələ ötən əsrin 90-cı illərində Tatarıstan Rusiya-Belarus İttifaqına etiraz etmişdi. Kazan bildirmişdi ki, belə olan halda onlar da ittifaqın tərəfi olmaq istəyirlər. Respublika olaraq Tatarıstanın potensialı, inkişafına görə Belarusdan geridə qalmadığını bildirmişdilər. Tatarlar bu mövqelərində haqlı idilər. Təbii ki, bu variant da Moskva üçün məqbul deyil. Miloşeviçin dövründə Serbiya da bu ittifaqa birləşmək istəyini bildirmişdi. İndi isə Serbiya Avropa Birliyinin qapısında durub. Əslində Rusiya-Belarus İttifaqı Moskvanın Slavyan ölkələrini öz ətrafında birləşdirmək niyyətindən irəli gəlir. Bu niyyət ruslarda 18-ci əsrdən var. Məqsəd Ortadoks-Slavyan dünyasının mərkəzi olaraq üçüncü Roma olmaqdır. SSRİ dövründə Moskva İkinci Dünya savaşında qalib olmağın hesabına Slavyan ölkələrini sosializm-kommunizm şüarları, ideologiyası altında öz ətrafında müvəqqəti də olsa birləşdirə bildi.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “Belarus Rusiya ilə birləşən deyil”

Lakin bu birliyin ömrü çox sürmədi, cəmi 50 il. Çünkü Rusiya slavyan xalqlarını öz ətrafında gücün hesabına birləşdirə bilmişdi. Ötən əsrin ikinci yarısında Şərqi Avropada rus işğalına qarşı macar, alman, çex, polyak üsyanları bunun bariz nümunəsidir. Slavyanların yarısı katolikdir-polyaklar, çexlər, slovaklar, xorvatlar, slovenlər, qərbi ukraynalılardır. Slavyan-katoliklər də heç vaxt ortadoks Rusiyanın yanında olmaq istəməyiblər, buna müqavimət göstəriblər. Polyaklar, çexlər, ukraynalılar həmişə Rusiyanı özlərinə ən böyük təhdid kimi görüblər. Üstəlik, katolik-slavyanlar heç rusları əsl slavyan da saymayıblar. Bu yaxınlarda Rusiya prezidenti Putinin özü də onların tam slavyan olmadığını dilə gətirmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alsaq, Rusiyanın pan-slavyan planı iflasa uğrayıb. Moskvanın əlində bir zəif bənd belaruslar qalıb. Onlar da belə böyük qardaşları ilə yenidən, hətta tam bərabərhüquqlu şərtlərlə birləşmək istəmirlər. Çünki haqlı olaraq ruslara inanmırlar. Kremlin növbəti istilasından çəkinirlər. Fikrimcə, Lukaşenkolu, Lukaşenkosuz fərq etməz, Belarus Rusiya ilə birləşən deyil. Belarus indiyə qədər neftsiz, qazsız yaşayıb, bundan sonra da yaşayacaq. Buna görə Rusiya ilə birləşməyə ehtiyac yoxdur. Belarusun özünü dolandıra biləcək kənd təsərrüfatı var. Qaz məsələsində də Azərbaycan bir dəfə onlara dost əlini uzadıb. Lukaşenko özü bir dəfə demişdi ki, Slavyan qardaşlarımız bizə möhlət vermədi, amma Azərbaycan çətin məqamda kömək etdi. Neft-qaz məsələsinə görə heç kəs könüllü surətdə suverenliyindən imtina etməz. Ona görə Belarus Rusiya ilə neft-qaza görə birləşir iddiasını ciddi hesab etmirəm. İstənilən halda birləşmə Rusiyanın xeyrinədir. Çünki paytaxt Moskvada olacaq. Rusiya Belarusu inzibati qaydada udacaq”.

Politoloq birləşmə ideyasının təhlükəli tərəflərindən də söz açdı: “Təbii ki, bu təhlükəli tendensiyadır. Rusiyanın başqa adla belə olsa genişlənməsi dünya, region, Azərbaycan üçün də təhlükəli tendensiyadır. Rusiya imperiya dövlətidir və bu iddialarının yenə dalınca qaçır. Yenə də təkrarlayıram, mən bu ittifaqın qurulmasına skeptik yanaşıram”.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Bunu belaruslar da istəmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yaxın gələcəkdə dövlətlərin birləşəcəyinə inanmır: “SSRİ dağılarkən üç ölkə Müstəqil Dövlətlər Birliyini yaratdı. Bunlardan biri Belarus, digərləri də Rusiya və Ukrayna idi. O zaman Belarusun rəhbəri fərqli bir şəxs idi. Daha sonra 90-cı illərin əvvəllərində Lukaşenko hakimiyyətə gəldi və Rusiya ilə birləşmə xətti götürdü. Boris Yeltsinlə danışıqlar apardı ki, birgə bir dövlət yaratsınlar. Sonradan nədənsə Lukaşenkonun fikirlərində dəyişikliklər yarandı. O da gördü ki, Rusiyaya bərabər tərəfdaşlıq deyil, ondan asılı dövlət lazımdır. Lukaşenko isə, öz ölkəsini Ermənistanın gününə salmaq istəmirdi. Bu səbəbdən son illərdə danışıqlar çox ağır gedir. Heç bunu beloruslar da istəmir. Baxmayaraq ki Belarusla Rusiya arasında strateji müttəfiqlik var. Hətta əksinə, Lukaşenko zaman-zaman Rusiya hakimiyyətini, rəsmilərini, iş adamlarını ölkəsinə olan münasibətlərinə görə sərt tənqid edir.  Bəzən tənqidlər o qədər kəskinləşir ki, heç Rusiyaya rəqib olan dövlətlərin rəsmiləri belə bu cür tənqidləri Rusiyanın ünvanına səsləndirmirlər. Bu səbəblərdən hesab edirəm ki, yaxın zamanlarda Rusiya ilə Belarusun birliyi mümkün olmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR