İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya batsa da, Neft Fondumuza ziyan olmayacaq?

947 23.12.2022 10:05 İqtisadiyyat A A

Fond rəhbərliyi 2023-cü ildə də zərər olacağını istisna etmir

Rusiyanın Ukraynada başlatdığı müharibə, həmçinin qlobal bazarlarda baş verən dalğalanmalar dünyada mövcud olan suveren fondlarda böyük itkilərə səbəb olub. Belə fondlardan biri olan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin üçüncü rübünü ciddi zərərlə başa vurub. Fondun açıqladığı rüblük hesabatdan aydın olur ki, 9 ayda qurum aktivlərin idarəedilməsindən 2 milyard 659,5 milyon ABŞ dolları (4 milyard 521 milyon manat) zərər edib. Bu, fondun aktivlərinin 5,7 faizi həcmində zərər deməkdir. Valyuta məzənnələrindəki dəyişikliklər üzündən fondun büdcədənkənar xərcləri isə 2 milyard 461,8 milyon ABŞ dolları təşkil edib. Nəticədə 9 ayda fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis reallaşdırılmamış zərəri ümumilikdə 5 milyard 121,3 milyon ABŞ dolları (8 milyard 706,2 milyon manat) olub. Gözlənilir ki, ilin sonuna bu zərərin həcmi bir qədər də yüksələcək.

Beynəlxalq analitik mərkəzlərin proqnozlarına əsasən qlobal bazarlardakı volatillik 2023-cü ilin 3-cü rübünə qədər davam edəcək. Bu isə növbəti ildə də sabit yatırımları ilə seçilən suveren fondların qazanca çıxmasına imkan verməyə bilər. Belə proqnozlara baxmayaraq, ARDNF-nin növbəti ildə cüzi də olsa gəlir əldə edəcəyinə ümid edilir. Belə ki, fondun 2023-cü il büdcə layihəsində vəsaitlərinin idarə olunmasından 935,8 milyon ABŞ dolları və ya 1 milyard 590,9 milyon manat gəlir əldə olunması proqnozlaşdırılır. Bu, manat ifadəsilə 2021- ci ilin müvafiq icra göstəricisindən 1 milyard 696,5 milyon manat və ya 51,6 faiz azdır.

Qeyd edək ki, ARDNF-nin bu il uğradığı zərərin əsas səbəbi qlobal bazarlardakı dalğalanmalar göstərilsə də, bir sıra müstəqil mütəxəssislər, həmçinin Hesablama Palatasının analitikləri zərər həcminin çox olmasında fondun investisiya siyasətinə dair çevik qərarvermə mexanizminin olmamasını başlıca amil kimi qiymətləndirirlər.

Fondun icraçı direktoru İsrafil Məmmədov isə bildirir ki, ARDNF kimi qurumlar öz investisiya siyasətlərini çoxtərəfli və dərin analizlər, uzunmüddətli perspektivlər nəzərə alınaraq müəyyənləşdirirlər: “Bu çərçivədə ARDNF də məqsəd və vəzifələrinə uyğun balanslaşdırılmış portfel formalaşdırıb və investisiya portfelinin şaxələndirilməsi, gəlirliliyin artırılması, eləcə də qiymət dəyişkənliyi riskinin azaldılması prinsipləri ARDNF-nin fəaliyyətində əldə rəhbər tutulur. Qlobal maliyyə bazarlarında və makroiqtisadi mühitdə qısamüddətli dalğalanmalar baş verə bilər ki, bu da insitusional investorların uzunmüddətli investisiya strategiyalarına kəskin şəkildə təsir etməsə də sözügedən investorlar tərəfindən həyata keçirilən taktiki addımlarda öz əksini tapır. ARDNF də həm makroiqtisadi və geosiyasi, həm də cari bazar konyukturasında baş verən prosesləri daima izləyir, mümkün iqtisadi dalğalanmaları təhlil edir və müvafiq taktiki addımlar vasitəsilə qlobal proseslərin təsiri nəticəsində baş verən qısamüddətli itkilərin minimallaşdırılması aktivlərin cari bölgüsündə nəzərə alınır. ARNDF qlobal proseslərin təsiri nəticəsində maliyyə bazarlarında baş verən dəyişikliklərə qarşı çevik reaksiyanı öz taktiki addımlarında təcəssüm etdirir. Buna da bariz nümunə olaraq, ötən ilin sonundan etibarən artan inflyasiya dərəcəsi, mərkəzi bankların sərt monetar siyasətə keçidi və bunların nəticəsi olaraq qlobal sabit gəlirli qiymətli kağızlar bazarında faiz dərəcələrinin artması fonunda, investisiyaların əksər hissəsi 1 ildən aşağı və ya dəyişkən kuponlu sabit gəlirli qiymətli kağızlara yönəldilib. Qeyd etmək lazımdır ki, sözügedən istiqrazlar daha aşağı risk və qiymət dəyişkənliyi ilə səciyyələnir ki, bu da qlobal maliyyə bazarlarının cari şəraitində nisbətən ən yüksək gəlirliliyə malik olan investisiya alətlərindən biri sayılır. Eyni zamanda bu kimi qısamüddətli istiqrazlar artan faiz dərəcələri dövründə müddəti bitdikdə daha yüksək gəlirlilik vəd edən qiymətli kağzılara yenidən investisiya etməyə imkan yaradır. Bu kimi taktiki addımlar sabit qiymətli kağızlar portfelinin gəlirliliyinin müvafiq bençmarkalara nəzərən daha yüksək olması ilə nəticələnib”.

Rusiya və Çin Qərbə "neft sürprizi" edəcək, qiymət kəskin artacaq" - “Money”

İcraçı direktor bildirir ki, maliyyə aktivləri üzrə proqnozlaşdırılan gəlirlilik adətən orta-uzunmüddətli dövrü əhatə edir və hər növbəti il üzrə proqnozlarda məhz həmin gəlirlilik göstəriciləri əsas götürülü: “Bu da beynəlxalq təcrübəyə uyğundur. Sözügedən gəlirlilik səviyyələri daxili modellər və müxtəlif investisiya banklarının (5-10 illik) gəlirlilik proqnozları əsasında maliyyə aktivlərinin əsas xüsusiyyətlərinin uzun müddətdə necə dəyişəcəyi nəzərə alınmaqla hesablanır. İnvestisiyalarla bağlı gəlirliliyin illik proqnozlarının hesablanması zamanı nəzərdə tutulan fərziyyələrin dünyada baş verə biləcək gözlənilməz hadisələr fonunda dəyişkənliyə uğraması ilə qeyd edilən hesablamaların faktiki nəticələrlə üst-üstə düşməsi ehtimalları olduqca azaldır. Əlavə olaraq, fondun investisiya portfelinin gəlirliliyinin artırılması və risklərinin minimallaşdırılması məqsədilə formalaşdırılmış çoxşaxəli portfel üzrə gəlirliliyin proqnozlaşdırılması daha da çətinləşir. Belə ki, portfelin böyük hissəsinin sabit gəlirli aktivlərə yatırım edilməsinə baxmayaraq, diversifikasiyanın təmin olunması ilə bağlı səhm, özəl səhm və daşınmaz əmlak kimi aktivlərə yatırım edilməsi, eləcə də qeyd edilən aktivlərin də öz daxilində sektor, region, müxtəlif investisiya növləri və valyutalar üzrə bölünməsi bu kimi yüksək gəlirli və daha riskli aktivlərin spesifikasını nəzərə aldıqda proqnozlaşdırılmalarda kənarlaşmaların böyük olması ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Tarixə nəzər yetirsək, müxtəlif risk faktorlarının təsiri nəticəsində qlobal maliyyə bazarlarında qısamüddətli dalğalanmalar iqtisadi tsikllərin müxtəlif fazalarında müşahidə olunur və institutsional investorların investisiya portfellərində qısamüddətli itkilərlə özünü büruzə verir. Lakin həm keçmişə, həm də maliyyə bazarlarının hal-hazırki dövrə olan qarşıdakı illərlə bağlı proqnozlara nəzər yetirdikdə bu dalğalanmaların neqativ təsirlərinin tədricən aradan qalxacağını proqnozlaşdırmaq mümkündür".(APA)

Göründüyü kimi, ARDNF rəhbəri 2023-cü ildə də fondun aktivlərinin idarəçiliyindən zərərlə üzləşməsini istisna etmir.

Məlumdur ki, ARDNF-nin hazırda Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyaya da yatırımları var. Bura həm səhm, həm də daşınmaz əmlak yatırımları aiddir. ARDNF-nin icraçı direktorunun müşaviri Bəhruz Bəhramovun mətbuata verdiyi məlumata görə,  fondun Rusiyada olan yatırımlarının investisiya portfelindəki xüsusi çəkisi cari ilin üçüncü rübünün sonuna 0,4  faiz təşkil edib: “Bildiyiniz kimi, Neft Fondu ilk dəfə 2012-ci ildə Moskva şəhərinin biznes mərkəzi olan "Tverskaya 16" ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırım etmiş və daha sonra 2013-cü ildə Rusiya Bank VTB ASC-nin səhm payına sahib olub. Bu investisiyalar həyata keçirilərkən aidiyyatı risk, gəlirlik profili, eləcə də həmin investisiyaların ARDNF-in investisiya portfelinə uyğunluğu nəzərə alınıbdır. ARDNF-in Rusiyada olan yatırımları yalnız adıçəkilən bu investisiyalardan ibarətdir".

Rusiyada neft quyuları “bumu”: OPEC sazişindən çıxmağa hazırlıq gedir? –  Oilgas.Az

Rusiya ilə bağlı planlara gəldikdə isə B. Bəhramov deyib ki, qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar institusional investorlara öz təsirini xüsusilə göstərməkdədir: “Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişənin Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına təsiri daha böyük olub”.

Bəhramov xüsusilə vurğulayıb ki, Dövlət Neft Fondu tərəfindən daim həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm də maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyəti təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilir. Nəticədə, verilmiş qərarlar ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir.

Onun sözlərinə görə, fondun investisiya portfelində maliyyə aktivlərinin çəkisində xüsusi dəyişiklik gözlənilmir: “Ən azı gələn il üçün bu belədir, çünki daha çox həmin çəkilərin daxilində əsasən taktiki dəyişikliklər gözlənilir”.

Riskli maliyyə alətlərinə gəldikdə isə o qeyd edib ki, 2022-ci ilin üçüncü rübün sonuna olan göstəricilərə əsasən ARDNF-nin investisiya portfelinin 18,7 faizi səhmlərə, 6,4 faizi daşınmaz əmlaka və 12 faizi qızıla investisiya edilib: “İnvestisiya portfelində 2012-ci ildən etibarən riskli aktivlərin payının artırılmasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən portfelin qurulmasıdır. Məsələn, bir qayda olaraq səhmlər qısamüddətli dövr üçün riskli maliyyə aləti hesab edilir, lakin uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edir. Dövlət Neft Fondunun investisiya portfelinin böyük hissəsini təşkil edən sabit gəlirli qiymətli kağızlar altportfeli əsasən "AAA" kredit reytinqinə malik olan istiqrazlardan ibarətdir".

Səhm investisiyalarına gəldikdə isə ARDNF rəsmisi vurğulayıb ki, sözügedən portfel 26 inkişaf etmiş ölkənin bazar kapitallaşmasına görə 1 600 ən iri şirkətini əhatə edir: “Bununla yanaşı, daşınmaz əmlak investisiyalarına nəzər yetirsək, bu portfeldə də əsas məqsəd qlobal diversifikasiyaya nail olmaqdır. Hazırda Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli birbaşa, müstərək və fond investisiyaları vasitəsilə Şimali Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin müxtəlif daşınmaz əmlak sektorlarına aid 500-dən çox daşınmaz əmlak obyektindən ibarətdir”.

Məlumata görə, hazırda ARDNF-nin investisiyalarının 70,8 faizi ABŞ dollarında formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 1,7 faiz bəndi çoxdur. İnvestisiya portfelində avronun payı 0,5 faiz bəndi azalaraq 19,5 faizdən 19 faizə düşüb.Rusiya rublunun payı 0,7  faizdən 0,4 faizə düşüb.

Gələn il Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 65 faiz, Avroda 20 faiz, İngilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il dolların fond aktivlərində payı 5,8 faiz azalacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR