İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya 10 noyabr sənədinə görə Dağlıq Qarabağı tanıyır” iddiası

2305 29.11.2022 18:46 Region A A

 

 

Arzuxan Əlizadə: ” Azərbaycan öz ərazi vahidində istədiyi dəyişikliyi edirsə, bu ondan əvvəl hansısa sənəddə yazılmış ifadənin avtomatik hüquqi qüvvədən düşdüyü deməkdir”

Azərbaycanın Müdafiə Nazirliyi yenidən Rusiya sülhməramlılarına irad tutub və Qarabağdakı vəziyyətlə bağlı hesabatlarda Azərbaycan toponimlərinə məhəl qoyulmamasının yolverilməzliyini qeyd edib. Bu, son üç gündə dördüncü bildiriş idi. Nazirliyin bildirişində deyilir: “Bildiririk ki, Qarabağ iqtisadi zonasının "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq  Ağdərə və  Xocavənddir”. 

Prezident İlham Əliyevin imzaladığı ötən ilin iyul ayının 7-də fərman əsasında Qarabağ iqtisadi zonası yaradılıb. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Rəsmi Bakı da dəfələrlə vurğulayıb ki,  bu ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. Rusiya Müdafiə Nazirliyi son iki ildə dəfələrlə bu cür “səhvlər” edib. Azərbaycan "Dağlıq Qarabağ" ifadəsinə sərt reaksiya verərək hətta xəbərdarlıq edib ki, bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Dövlət sistemində xoşdur” - Edmon Marukyan | KONKRET

Edmon Marukyan

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə Azərbaycanın Rusiya sülhməramlılarına “Dağlıq Qarabağ” adından istifadə etməmək tələbinə reaksiya verib. Marukyan öz Twitter səhifəsində yazıb: “Azərbaycanın Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarından “Dağlıq Qarabağ” adından istifadə etməməyi tələb edir. Azərbaycan xatırlamalıdır ki, 2 il əvvəl prezident Əliyev üçtərəfli atəşkəs sazişi imzalayıb və burada 5 dəfə “Dağlıq Qarabağ”ın adı çəkilir”. Xüsusi tapşırıqlar üzrə səfir iddia edib ki, “Dağlıq Qarabağ” adı Rusiya üçün bu baxımdan hüquqi əsasdır. 

Bəs, Azərbaycan öz ərazi vahidində istədiyi dəyişikliyi edirsə, bu ondan əvvəl hansısa sənəddə yazılmış ifadənin avtomatik hüquqi qüvvədən düşdüyü demək deyilmi?

AMİP sədri Arzuxan Əlizadə Pənah Hüseynə və müstəqil mediaya qarşı  basqıları pislədi

Arzuxan Əlizadə

AMİP sədri, hüquqşünas Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, son günlər davamlı olaraq Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın yer adlarının təhrif olunaraq erməniləşdirilməsinin yolverilməz olduğu barədə xəbərdarlıqlar edir, lakin qarşı tərəf öz yanlış mövqeyini dəyişmir: “Sülhməramlı adı altında Rusiya hərbi kontingenti Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirildikdən sonra Rusiya Müdafiə Nazirliyi dəfələrlə Azərbaycanın əleyhinə olan mövqe nümayiş etdirib. Bu nazirliyin saytında Azərbaycanın ərazilərinin adları erməni adları ilə təqdim edilir, həmçinin Qarabağda yerləşən erməni terrorçu birləşmələrinin deyil, Azərbaycan hərbi birləşmələrinin atəşkəsi pozduğu barədə Azərbaycan əleyhinə mövqe nümayiş etdirilir. Bu qəbuledilməzdir. Bu, hər iki ölkə arasında münasibətlərə xələl gətirməklə yanaşı, 10 noyabr üçtərəfli bəyanatının vaxtından əvvəl qüvvədən düşməsinə səbəb ola biləcək amildir. 

10 noyabr üçtərəfli bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinə istinad etmək isə əsassızdır və ciddi hüquqi arqument deyil. Hətta ölkələr belə, adlarında dəyişiklik edirlər və digər ölkələr həmin yenilənmiş adla həmin ölkəni çağırmağa borcludurlar. Bu, beynəlxalq hüquqla tənzimlənmiş normadır və protokol qaydasıdır. Azərbaycan isə özünün ərazisində qanunlara uyğun olaraq iqtisadi rayonlar yaradıb. Nəticədə 14 iqtisadi rayondan biri də Qarabağ iqtisadi rayonudur. Rusiya tərəfi də beynəlxalq hüquqa, Azərbaycanın qanunlarına hörmətlə yanaşaraq yazışmalarda və açıqlamalarda “Qarabağ iqtisadi rayonu” ifadəsinə istinad etməlidir”.

A.Əlizadə vurğuladı ki, istənilən dövlət, o cümlədən Azərbaycan öz ərazi vahidində istədiyi dəyişikliyi edirsə, bu ondan əvvəl hansısa sənəddə yazılmış ifadənin avtomatik hüquqi qüvvədən düşdüyü deməkdir və  həmin ifadənin yeni qəbul edilmiş adla əvəzlənməsini zəruri edir. Artıq hüquqi qüvvədən düşmüş ifadəyə, terminə istinad etmək qanuni ola bilməz.

Etibar SEYİDAĞA,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR