ABŞ dövlət katibi Marko Rubio Macarıstan və Slovakiyada ciddi danışıqlar aparmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, fevralın 15-16-da reallaşacaq bu səfərin ana gündəmi həmin ölkələrin Rusiya enerji resurslarından (neft və qaz) hələ də davam edən asılılığına son qoymaqdır.
Rubio səfər öncəsi verdiyi bəyanatda bildirib ki, Rusiya enerjisindən imtina məsələsi artıq təxirəsalınmaz strateji zərurətdir. O, Budapeşt və Bratislavada keçirəcəyi görüşlərdə aşağıdakı məsələləri qaldıracağını vurğulayıb:
Rusiya qazından imtina: Moskvadan gələn enerji axınını minimuma endirmək üçün konkret addımlar;
Enerji şaxələndirilməsi: ABŞ-ın sıxılmış təbii qazı (LNG) və digər alternativ mənbələr vasitəsilə təhlükəsizliyin təmini;
Nüvə enerjisi əməkdaşlığı: Xüsusilə Slovakiyada nüvə enerjisi sahəsində Rusiya texnologiyalarını əvəzləyəcək Amerika layihələrinin təşviqi.
"İstisna müddəti bitir?"
Qeyd edək ki, Macarıstan və Slovakiya Aİ-nin Rusiya neftinə tətbiq etdiyi embarqodan müvəqqəti istisnalar qazanmış yeganə ölkələrdir. Rubionun bu səfəri həm də Vaşinqtonun həmin ölkələrə "vaxt bitir" xəbərdarlığı kimi qiymətləndirilir. Hər iki ölkə Rusiya qazından imtinaya dair qərarları beynəlxalq məhkəmələrdə mübahisələndirməyə çalışır və Rubionun səfəri bu cür "müqaviməti" qırmağa xidmət edir.
Siyasi analitiklər hesab edir ki, Marko Rubio Tramp administrasiyasının daha sərt və praqmatik xəttini nümayiş etdirərək, Avropanın mərkəzində Rusiyanın enerji rıçaqlarını tamamilə sıradan çıxarmaq niyyətindədir.
Musavat.com






