İnsanlara hürriyət, millətlərə istiqlal!

Rotterdam şousu

1155 20.05.2021 10:20 Yazarlar A A

Bir qadın şəhərin ortasında çimərlik paltarıyla gəzsə, hamıya çöçün gələr, gedən-gələn dönüb baxar, yanıq gədələr tamahsılana-tamahsılana, irişə-irişə söz atar, yaşlı adamlar ikrah hissi ilə üzünü çöndərər. Hətta çox çəkməz hadisə yerinə (yəni adamların artıq yarıçılpaq qadının başına yığıldığı məkana) polis gələr və ictimai asayişi pozan qadını polis bölməsinə aparıb geydirərlər (xatirinizdədirsə, 2-3 ay qabaq paytaxtın mərkəzində elə bir haqq-hesab olmuşdu).

Amma həmin qadın bu hərəkəti çimərlikdə, lüks hotellərin hovuzunun kənarında eləsə, çox adam fikir verməz, gözucu baxanlar olsa da, heç kəs marıtlamaz, söz atmaz. Çünki orada hamı bu görkəmdədir. Çimərlikdə yalnız kostyum-şalvarlı və ya uzun qara donlu adamlar qəribə görünə bilər.

Yəni hər şeyin öz yeri var. Adam gərək düşdüyü məkana uyğun libas geyinsin. Dünyanın heç bir ölkəsində səhnəyə santexnik kombinezonu ilə, yaxud kommandos kamuflyajı ilə çıxmırlar (hərçənd belə bir xüsusi səhnə şousu ola bilər). Şakira, Beyons, Cenifer Lopes, Britni Spirs, Hadisə kimi müğənnilər il on iki ay təxminən çimərlik paltarıyla konsert verirlər, heç kəs də onları əxlaqsızlıqda suçlamır. Hamı başa düşür ki, bunlar sənət adamlarıdır, bunlara olar.

Allah tərəfi, adları çəkilən və çəkilməyən yarıçılpaq müğənnilər də səhnəyə çıxdıqları paltarda aeroporta getmirlər, şəhərin mərkəzində elə gəzmirlər. Səhnədən düşən kimi libaslarını dəyişir, adi adamlar tək geyinir, evlərinə gedirlər, ya da Rəqsanə demişkən, evlərinə getmirlər, oturub kişilərlə araq içirlər - burası artıq şəxsi həyat məsələsidir, bizə dəxli yoxdur.

Fikir vermisinizsə, futbolçular (eləcə də digər idmançılar) yaşıl sahələrə darbalaq şalvarda, kapüşonda, yağmurluqda çıxmırlar, şort-tişortda çıxırlar. Çünki  bu da onların “səhnə-şou geyimi”dir.

Amma bildiyiniz kimi, İranda və bəzi bu kimi ölkələrdə fərqlidir, qadın idmançılar meydançaya bədən əzalarını tam örtən libasda və başıbağlı şəkildə çıxırlar. Hətta İran telekanalları olimpiadadan canlı yayım verəndə başqa ölkələri təmsil edən idmançı qadınları vücudlarının çılpaq yerini qara dairə ilə retuşlayıb göstərirlər. Qadınların bircə nömrəsi görünür, nə qolları və ayaqları, nə də boyunları və saçları görünmür. Bir dəfə dostlar İran TV-sinin 200 metr məsafəyə qaçan qadınların yarışından hazırladığı süjeti paylaşmışdılar. Ekranda eləcə sürətlə fırlanan qara dairələr görünürdü. Axırda kimsə qalib gəldi, qadının üzünü, ayağını göstərmədilər, köynəyinin üstündəki bayraq şəklindən və nömrəsindən bilindi ki, qalib gələn kimdir.

Ölkəmiz şəriət rejiminin hökmran olduğu ölkələrdən olsaydı, əlbəttə, Rotterdamda keçirilən “Eurovision” yarışmasındakı təmsilçimizin səhnəyə, yumşaq desək, çimərlik paltarında çıxmasına rüsxət verməzdik. Amma bura dünyəvi dövlətdir, din dövlətdən ayrı olduğu kimi, səhnə də məişətdən ayrıdır.

İnsafən, təmsilçimiz Samirə Əfəndinin çıxışı, müasir dildə desək, səhnə performansı əlaydı, hətta deyərdim ki, 1-ciliyə layiqdir. Yəqin ki, bu saat yarışmaya baxan Avropa ölkələrində onun paltarı yox, ifası və şousu müzakirə olunur.

Ölkəmizdə isə bir çox adamlara elə gəlir ki, Samirə və müşayiətçiləri bu əlbisə ilə çıxış etməklə papağımızı yerə soxublar və bütün Avropa “nə əxlazsız ölkəymiş” deyə bizi müzakirə edir. Elə şey yoxdur. Bəyənmədiyimiz Avropa lap çoxdanlardan insanların əxlaqını libaslarının uzunluğu ilə, papaqla, kəlağayı ilə ölçmür. Onlara görə, şəhərdə şortiklə gəzən kişi heç də, bizim jarqonla desək, “petux”, eyni cür geyinmiş qadın “quş” deyil. Heç siqaret çəkib-çəkməməyin də bu söhbətə dəxli yoxdur. Bizim ölkədə siqaret çəkən qadınlara pis gözlə baxırlar, Türkiyədə isə siqaret çəkən qadın tütün aludəçisi olan kişilərdən çoxdur.

Hər kəs özünə cavabdeh olmalıdır. Kim istəyirsə, qapalı, mühafizəkar geyinsin, amma bir başqası ondan fərqli (yüngül, şörtlü-tişörtlü) görünüşdədirsə, belinə damğa basmasın, bunu “rüsvayçılıq”, “biabırçılıq” adlandırmasın.

Axtarsaq, rüsvayçılıq da, əxlaqsızlıq da başqa şeylərdir. Biabırçılıq və əxlaqsızlıq xalqın, dövlətin büdcəsini abırsızcasına talamaq, kasıb-kusubun cibinə həyasızcasına girmək, sərvət və mənsəb üçün hər cür yaramazlığa qol qoymaqdır. Və bu, çox uzun söhbətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR